YENİDƏN DİRİLİŞ...

YENİDƏN DİRİLİŞ...

Elə bir diriliş, elə bir şahlanış ki, tarixdə mislinə az rastlanar. Mücadilə ruhu, savaş əzmi hər zaman millət olaraq hüceyrələrimizdə var olan bir keyfiyyətdir. Bəlkə tarixin müxtəlif dilimlərində zaman-zaman əziyyətlər, çətinliklər, hətta məğlubiyyətlər yaşamışıq. Ancaq heç bir zaman bu hallarla razılaşmamış, tam əksinə, tarix boyu düşmənə qarşı mübarizə və mücadilə əzmini yaşadaraq, gələcək nəsillərə miras buraxılması üçün var gücümüzlə çalışmışıq. Məhz o ruhun davamıdır ki, otuz ilə yaxındır düşmən tapdağı altındakı torpaqlarımızı mənfur düşməni əzərək azad edə bilən bir millət kimi formalaşmanın şahidi oluruq. Bu misilsiz bir duyğu, misilsiz bir həyəcandır. Gələcək nəsillərin tarix kitablarından oxuyacağı, filmlərdən izləyəcəyi o səhnələri bu gün canlı olaraq bütün ruhumuzla hiss edərək yaşayırıq. Və bu qürur və iftixar dolu zəngin mənəviyyatımızı, vazkeçilməz dəyərləri qan yaddaşımızla gələcək nəsillərimizə ötürürük. Onlar da bunun fərqində olaraq, əlbəttə ki, onu daim yaşadacaqlar.

Bəzən həyatda elə anlar yaşamalı oluruq ki, o anın hissəciklərini təşkil edən böyük hadisələr və o hadisənin içində yer alan insanların duruşları gələcəyə dair bizə elə bir inam və güvən aşılayır ki, onun təsirinin qaçınılmaz olduğunu iliklərimizə qədər hiss edirik, vücudumuzda və ruhumuzda. Daşı-torpağı vətən qoxan ətri ilə ürəyimizi fərahladan Qarabağımızın işğaldan azad edilməsi üçün möhtəşəm ordumuz tərəfindən başladılan hərbi əməliyyatlar ilə qazandığımız Böyük zəfər də məhz bu cür hadisələrdən süzülərək içimizdə doğan belə hisslərin güclü təzahürüdür.

Bu təzahür necə meydana gəldi və necə bir anda həyatımızı dəyişdirdi? Necə hiss etdik bu zəfəri qazanacağımızı, həsrəti ilə tutuşub yandığımız o misilsiz torpaqlarımıza təkrar dönəcəyimizi?..

Müqəddəs torpaqlarımızın iyirmi yeddi il kimi uzun bir müddət düşmən tapdağı altında qalması millət olaraq bizi elə bir ağır yükün altında buraxmışdı ki, əslində bir an əvvəl hər bir soydaşımız bu ruh halından qurtulmaq üçün bütün fədakarlıqları göstərməyə hazır idi. Bu psixoloji hal və vəziyyət bütün yönləri ilə həyatımızın hər səhnəsində özünü göstərirdi. Nəyəsə sevinərkən üzümüzdə sevinc çizgiləri bəlkə özünü göstərirdi, amma torpaqlarımızdan məhrum yaşamanın verdiyi dərin üzüntü daim içimizdə vulkan kimi qaynayırdı. O vulkanın bir gün püskürəcəyi o qədər bəlli idi ki, nəhayətində o atəş düşməni yandırıb külə çevirəcəkdi.

Bəli, çox asan başa gəlmədi, bu ehtişamlı zəfərimiz. Minlərlə ata-analarımız, bacı-qardaşlarımız, övladlarımız, ömür-gün yoldaşlarımız gözü yaşlı, bağrı yanıq, arzuları yarımçıq həyata baxmağa davam edəcəklər. Bir ana düşünün, övladını öz çiynində əbədi yolçuluğa uğurlayır. Bir həyat yoldaşı düşünün, bir neçə gün içərisində həm qardaşını, həm də evinin dirəyini öz çiyinlərində qürurla, şux addımlarla, başı dik, ən ləyaqətli şəkildə əbədiyyətə yola salır. Bəli, çox çətindir, tab gətirilməsi həddindən artıq ağır bir mənzərədir. Ancaq bu millət bunun öhdəsindən gəldi.

Zəfər yolçuluğumuzda o qədər mənzərələrin şahidi olduq ki, səhifələrə, kitablara sığmaz. Ancaq bunu da gördük ki, şanlı üçrəngli bayrağımızın Şuşada, Laçında, Qubadlıda, Kəlbəcərdə, Cəbrayılda, hər dağımızda, hər elimizdə, obamızda dalğalanması üçün hər şeyimizdən vaz keçə bilərik. Və keçdik də. Keçə bildik ki, məhz dünya bir millətin oyanışını gözləri bərəli şəkildə izləyə bildi. Geri baxmadan ailəsini, övladını, ata-anasını arxada  buraxaraq cəhbəyə yola düşən və şəhadət şərbətini içmək üçün tələsən o rəşadətli əsgərlərimizin, şəhidlərimizin,  qazilərimizin, igid oğullarımızın sayəsində. Zəfər andı içən hər bir qardaşımızın sayəsində. Övladını tərəddüd etmədən vətən torpağını azad etmək üçün cəbhəyə yola salan o anaların xeyir-duaları sayəsində. Səmimiyyətlə Uca Yaradana edilən duaların qəbul ediləcəyinə tam əminliklə inanan bu millətin sayəsində. 

Bir gün dönəcəyimiz o qədər bəlli idi ki, yaşadığımız hisslər və bu hisslərimizin həyatımıza əks edərək gerçəkləşəcəyi ümidi daim ruhumuzu bəsləyirdi. Çox inandıq, çox güvəndik. Bu inam və inancımız daşıdı bizi qartal yüksəkliyinə, Murovdağa, Kəlbəcərə, Laçına, Qubadlıya, Şuşaya... O Şuşaya ki, yuxularımızı qaçırmış, səksənərək bizi oyatması daha da inandırmışdı bu böyük qələbəyə... Gerçək olmasını arzu etdiyimiz şeylərin ilk öncə xəyal edilməsi, arzulanaraq yuxuda görülməsi tezisini daha da gücləndirmişdi bu ruh halımız.

Elə bir dönüş ki, dağlar titrədi, yer-göy silkələndi, bayrağının rənglərinin ehtiva etdiyi mənaların altında birləşən bir milləti yenidən oyadaraq özünə gətirdi. Və zəfər bayrağı sancıldı haqq etdiyi yerə.

Vətən deyərək çıxdıq yola, göz qırpmadan başımızdan keçməyə hazır olaraq. Mərhum şairimiz Məmməd Arazın dediyi kimi:

Bu gün gərək hər anımız Vətən desin!

Qılıncımız, qalxanımız Vətən desin!

Ölənlərin əvəzinə qalanımız Vətən desin!

Qoca millət hər andımız, amanımız,

Əgər varsa zərrə qədər imanımız,

İmanımız “Vətən” desin!

O iman idi ki, bizi vətən torpağına qovuşdurdu. Şükürlər olsun Uca Yaradanın lütf və kərəminə!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz