PANDEMİYA DÖVRÜNDƏ UŞAQLAR

PANDEMİYA DÖVRÜNDƏ UŞAQLAR

Yəqin ki, siz də pandemiya dövründə tez bezən, yorulan, inciyən və fərqli macəralar axtarışında olan uşaqlarınız üçün nə edəcəyinizi düşünür, bəzən də bu məsələdə çox çarəsiz qalırsınız. Təhsilin müvəqqəti olaraq distant formaya keçirilməsi, uşaqların vaxtlarının çoxunu evdə keçirmələri sizi də onlar üçün hansı ev proqramları təşkil edəcəyiniz barədə düşündürür. Əgər belədirsə, bunun üçün həqiqətən çıxış yolu axtarırsınızsa, bu, yaxşı əlamətdir. Çünki ən yaxşı bağban baxdığı bağı özünə dərd bilən, onun qayğısını çəkən və bunun üçün fikir və əməl olaraq səy göstərən bağbandır. İnsan yetişdirmək də belədir. Hətta bundan qatbaqat daha məsuliyyətli və ciddi məsələdir.

Çox uzatmadan keçək əsas mövzumuza. Uşaqlara bu dövrdə hansı ev proqramlarını təşkil edə bilərik, nəyi necə edək ki, onların gələcək həyatında müsbət rol oynasın; bu dövrdə psixoloji travma almadan, bezmədən və rahat şəkildə vaxtlarını səmərəli keçirsinlər.

Bunun üçün birinci növbədə ediləcək iş onlara “yaxşı rol model” olmaqdır.

Uşaqlara əvvəla yaxşı örnək olmaq lazımdır. Çünki onlar bizim sözlərimizdən çox davranışlarımıza baxarlar. Əgər bu məsələdə onlar üçün yaxşı nümunə ola bilməsək, öyrətdiklərimizin heç bir əhəmiyyəti qalmaz. Uşaqları özümüzlə birgə telefon və televiziya aludəçisi etməmək, qohum-əqrəba və qonşuların qeybətini edərək onlara pis nümunə olmamaq buna misal olaraq göstərilə bilər.

Onların yaş səviyyələrinə uyğun ev proqramları hazırlayın.

Evdə təşkil edəcəyiniz proqramlarda təbiiliyə önəm verin. Öyrədəcəyiniz şeyləri bir dərs ciddiliyi ilə deyil, ailə səmimiyyəti ilə öyrətməyə çalışın. Onların zehinlərindən əvvəl qəlb və duyğu dünyalarına xitab edin. Əzbərçilikdən çox qavramalarına, quru bilikdən çox şüur və fikir sahibi olmalarına diqqət yetirin.

Ən təbii və yaxşı tərbiyə dəyərlər əsasında öyrətməkdir.

Uşaqların davranışlarında kök salaraq  təsir edəcək ən yaxşı metod dəyərlər çərçivəsində onları yetişdirməkdir. Dəyərlər əsasında öyrətmə əxlaq və davranışlarda ən yaxşı təsirə malik olmaqla yanaşı, eyni zamanda əxlaqın mənbəyini təşkil edir. Onlara böyüklərə hörməti, yemək yeyərkən və ya bir şey içərkən diqqət ediləcək xüsusları, tualet ədəblərini, təmizlik, danışıqlarındakı üslub və s. işlərdə hansı dəyərlərimiz əsasında nə edəcəklərini təbii bir üsulla öyrədərək qalıcı bir vərdiş qazanmaları təmin oluna bilər.

Uşaqların evdə bütün ailə fərdləri ilə ayrı-ayrılıqda proqram təşkil etmələrini təmin edin.

Evdə olduqları müddətdə ata-ana, qardaş-bacı, varsa nənə-baba kimi ailə fərdləri arasında ayrı-ayrılıqda müəyyən fəaliyyətlər həyata keçirmələrinə zəmin hazırlayın. Bu fəaliyyətləri xüsusi olaraq təşkil edin. Beləliklə, bu birlikdəliklər onların həm bütün vaxtlarını dolu və faydalı keçirmələrinə, həm də müəyyən işləri öyrənmələrinə səbəb olacaqdır. Misal olaraq, atası ilə kitab oxumaq, anaya ev işlərində kömək etmək, qardaş-bacı ilə paylaşmağı öyrənmək, zehni və əl qabiliyyətlərini inkişaf etdirəcək oyunlar oynamaq, nənə-babadan nağıl və nəsihətlər dinləmək və s. kimi.

Onlara tapşırıq verərək məsuliyyət hisslərini artırın.

Hər gün ev işləri ilə bağlı onlara müəyyən kiçik vəzifələr verin. Həftədə bir gün səhər yeməyini bərabər hazırlamaq, ev-həyət işlərində kömək etmək və s. Bəzi mövzularda onlarla istişarə etmək, fikir və rəylərini soruşmaq onlarda özünəinam hisslərini inkişaf etdirəcəkdir.

Ailəvi olaraq hər kəsin iştirak edəcəyi həftəlik proqramlar təşkil edin.

Həftədə bir gün ailəvi olaraq Qurani-Kərim oxumaq, müəyyən bir kitabı seçərək mütaliə etmək, birgə film izləmək, oyun oynamaq, yarışma etmək kimi hər kəsin iştirak edəcəyi gün və proqram təyin edin. Həftə sonu üçün onların duyğu və hisslərinə xitab edə biləcək özəl fəaliyyətlər hazırlayın.

Texnologiyanı xeyirli yöndə istifadə etmələrini təmin edin.

İnternet və televiziya vasitəsi ilə hər gün faydalı bir proqramı dinləmələrini və ya izləmələrini təşkil edin. Əvvəlcədən etmiş olduğunuz araşdırmalar ilə yaxşı və faydalı cizgi filmlərini, televiziya proqramlarını və s. tapmaq mümkündür. Günün müəyyən bir saatını bu şəkildə keçirmələri faydalı ola bilər. Ancaq onları əsla televiziya və xüsusən də internetlə nəzarətsiz və müddətsiz şəkildə baş-başa buraxmayın, kompüter oyunlarının aludəçisi olmalarına imkan verməyin.

Qohum-əqrəba münasibətlərinə xüsusi əhəmiyyət verin.

Həftədə bir gün telefon və ya internet vasitəsi ilə zəng edərək ailə yaxınları və qohumlarla əlaqə saxlamaq üçün “sileyi-rəhm” deyilən gün təyin edin. Pandemiya dövründə qohumluq əlaqələrini kəsməyərək onların hal və xətirlərini bu şəkildə də olsa xəbər alaraq uşaqlara qohum-əqrəba əlaqələrinin əhəmiyyətini izah edin. Bu vasitə eyni zamanda bir tərbiyə üsuludur.

Unutmayaq, hər çətinlikdən sonra bir asanlıq gəlir. Bu çətin günlər bir gün arxada qalacaq. Əsas odur ki, biz çətinliklərə sinə gərərək bu imtahanlardan üzüağ çıxa bilək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz