SONU BAŞLANĞICA ÇEVİRƏNLƏR

SONU BAŞLANĞICA ÇEVİRƏNLƏR

Hər şeyin bir ilki var və insan həyatı yeniliklərlə doludur. Hər gün ömür təqvimindən bir səhifəni cırıb atarkən eyni zamanda önümüzdə də yeni bir səhifə açmış oluruq. Kainat durmadan dəyişir, yenilənir. Bu dəyişimə qeyri-ixtiyari ayaq uyduran insan da dəyişir. Uşaq gəncləşir, yaşa dolur, qocalır və nəhayət ömrü başa çatır. Ömrünü başa vurub bu dünyadan ayrılanlar yeni bir həyata addım atırlar. Əslində görə bilənlər üçün hər saniyə, hər dəqiqə və saat yeni bir başlanğıcdır. Hər gün, hər həftə, hər ay və hər il ömrümüzdən ayrılan böyük bir pay olmaqla yanaşı, bizə verilən yeni bir zamanın da başlanğıcıdır, əlbəttə. İnsanın keçən zamanı, yəni əlindən çıxanları doğru dəyərləndirməsi, gələcək günü, yəni yeni fürsətləri düzgün planlaması onun müdrikliyindən xəbər verir.

 Həzrət Ömərin hər gecə yatmazdan əvvəl özünə verdiyi “Bu gün Allah üçün nə etdin?” sualını həyat düsturuna çevirə bilənlər gələcək günü keçən gündən faydalı hala gətirə bilənlərdir. Şübhəsiz ki, yenicə sağollaşdığımız ötən ilin son gecəsini əvvəlki illərdə olduğu kimi əyləncə masalarında, kef-keyfiyyət və eyş-işrətlə keçirənlər oldu. O da dəqiqdir ki, ilin son gecəsini məhz bu şəkildə yola salanların sayı digərlərinə nisbətlə çoxluq təşkil etmişdir. Lakin bir gerçəyi də unutmamalıyıq ki, zamanın dəyərini dərk edənlər yeni ilin gəlişini çılğın əyləncə məclisində keçirənlər deyil, keçən ilin mühasibəsini apararaq doğru və yanlışlarını götür-qoy edənlərdir. Çünki “İki günü eyni olan ziyandadır” buyuraraq ümmətini vaxtı düzgün dəyərləndirərək keçən günü fövtə verməməyə çağıran Allah Rəsulu (s.ə.s) başqa bir hədisində belə xəbərdarlıq edir:

“Ağıllı o kəsdir ki, nəfsinə hakim ola və ölümdən sonrası üçün çalışa. Aciz isə özünü nəfsinin istəklərinə tabe edən və Allahdan (quru-quru) təmənna edəndir”.   

Deməli, imanın kamalı keçən zamanı doğru dəyərləndirib ondan faydalı istifadə etməyə bağlıdır. Beləcə, keçən zamanı da vicdan məhkəməsində sorğu-suala tutaraq işlənən xətalardan dönməyə bağlıdır. Həm şəxsi həyatımızla bağlı, həm də bir fərdi olduğumuz cəmiyyətin yaşam prosesi ilə yaxından əlaqəli olan bütün yenilikləri düzgün qiymətlərdirmək, nəticə çıxaracağımız məqamları dəyərləndirmək həm fərdi, həm də ictimai mükəlləfiyyətlərimizdəndir. Ötən ilə əlvida deyib 2021-ci ilə qədəm basarkən şəxsi həyatımızdakı dəyişiklik və yeniliklərlə yanaşı, yaşadığımız ölkənin də itirdikləri və qazandıqları haqda düşünmək eyni zamanda vacib vətəndaşlıq borcumuzdur. Hər ilin başında 20 Yanvar şəhidlərimizin yad olunması əslində heç də təsadüfi deyil. Axı onlar da bu millətin yeni bir dövrə qədəm qoyması üçün başlanğıc oldular. Ömürlərinin son anını yaşayarkən böyük bir millətin yeni günü oldular. Müstəqilliyin ilk müjdəsi, yeni dövrün ilk fədailəri oldular. Sinələrini düşmən tanklarına sipər edərkən müstəqil Azərbaycanı ərşə yüksələn ruhlarının qanadına alaraq parlaq gələcəyə daşıdılar.

Bəli, şəhidlik yüksək fəziləti ilə yanaşı, eyni zamanda bir xalqın həyatında dönüş nöqtəsi yaradan ülvi bir zirvədir. Bu gün Azərbaycanın öz doğma torpaqlarını yağı düşməndən azad etmək üçün girdiyi 44 günlük Vətən müharibəsində qələbə qazanmasında tarixən doğma yurdumuz uğrunda canından keçən bütün şəhidlərin bir payının olması mütləqdir. Əgər biz bu gün zəfər bayrağımızı azad Qarabağ səmasında dalğalandırırıqsa qanı ilə doğma torpağımızı qiymətləndirən şəhidlərimizə borcluyuq. Bu mənada 20 Yanvar şəhidləri bir başlanğıcdır. Aprel və Tovuz döyüşləri, Mübariz İbrahimov, Polad Həşimov və adını sadalamadığımız bir çox fədakar vətən övladı əslində bizim üçün bir başlanğıc oldu. Hər nə qədər Birinci Qarabağ müharibəsində uduzmuş tərəf sayılsaq da, torpaqlarımız düşmən tərəfindən işğal olunsa da, bugünkü qələbəmizdə o ağır illərdə vuruşan və canından keçən bütün şəhidlərimizin böyük rolu var. Hər nə qədər zahirən məğlubiyyət kimi görünsə də, əgər bir torpağa şəhid düşmüşsə, orada zəfər vardır. Eynilə Sezai Karakoçun dediyi kimi:

Gün batsa nə olur, gecəni onaran bir memar vardır

Yanmışsam külümdən yapılan bir hisar vardır

Yenilgi yenilgi böyüyən bir zəfər vardır

Çünki hər şəhid bir başlanğıcdır...

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz