VƏTƏN MÜHARİBƏSİ VƏ BEYNƏLXALQ HÜQUQ

VƏTƏN MÜHARİBƏSİ VƏ BEYNƏLXALQ HÜQUQ

Mən Azərbaycanın Qarabağda həm məğlubiyyətini, həm də bu yaxınlarda Vətən müharibəsində əldə etdiyi qələbəsini görə bilən nəslin nümayəndəsiyəm. Açığını deyim, on illər idi, “Beynəlxalq hüquq bizim tərəfimizdədir” tezisini tələbələrimə deməkdən, eynilə bunu kütləvi informasiya vasitələrindən oxumaqdan, eşitməkdən bezmişdim. Amma mühazirələrimdə həmin tezisə bunu da əlavə edirdim: “...Bu, o deməkdir ki, sabah Azərbaycan ordusu işğal olunmuş ərazilərini azad etməyə qərar versə, biz beynəlxalq hüquqda təsbit olunmuş “ərazi bütövlüyü” prinsipinə istinad edəcəyik”. Həmin cümləni deyəndən sonra da içimdə bir boşluq yaranırdı və öz-özümə düşünürdüm: “İllərdir eyni şeyi deyirəm, amma o prinsip kağız üzərində qalmağa davam edir”.

44 günlük Vətən müharibəsi göstərdi ki, beynəlxalq hüquq prinsipləri heç də kağız üstündə qalmadı. Yuxarıda qismən qeyd etdiyim kimi, biz istər ikitərəfli, istərsə də çoxtərəfli danışıqlarda həmişə “ərazi bütövlüyü” prinsipindən çıxış etmişik, “millətlərin öz müqəddəratı” prinsipindən çıxış edən ermənilər isə 1992-ci ildən bu yana Dağlıq Qarabağda yaşayan ermənilərə müstəqil dövlət yaratmaq hüququnu verməyi tələb edirdi. Bu tələbə qarşı biz öz haqlı əks-arqumentimizi qoyurduq: ermənilər Ermənistan dövləti yaratmaqla bir dəfə öz milli müqəddəratlarını təyin ediblər və bunu başqa ölkənin ərazisi hesabına ikinci dəfə etməyin heç bir mənəvi və hüquqi əsası yoxdur.

Məlum olduğu kimi, 2008-ci ildən sonra Kosovanın müstəqilliyinin dünyanın 100-dən çox ölkəsi tərəfindən tanınması Azərbaycan cəmiyyətində məlum narahatlığı yaratmışdı. Səbəb Albaniya dövlətinə malik olan albanların ikinci dəfə yaratdıqları dövlətin tanınması ilə meydana gələn hüquqi presedent idi. Bu qorxunun əbəs yerə olduğunu söyləyənlər isə başqa tutarlı arqument gətirirdilər: Azərbaycan ordusu heç zaman Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə siyasəti aparmayıb, əksinə, özü işğala və etnik təmizlənməyə (Xocalı faciəsi və başqa hadisələr) məruz qalıb.

Məhz Azərbaycanın 1993-cü ilin aprelindən, Kəlbəcərin işğalından başlayaraq apardığı hədəfə yönəlik siyasətin nəticəsində, eləcə də BMT və başqa beynəlxalq qurumlar, - İslam Konfransı Təşkilatı (daha sonra İslam Əməkdaşlıq Təşkilatı), Avropa Şurası, NATO-nun Parlament Assambleyası çərçivəsində aparılan fəaliyyətlərin nəticəsi olaraq qəbul olunan qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü prinsipi təsbit olundu, BMT istisna olmaqla, digər adı çəkilən təşkilatlar Azərbaycan torpaqlarının işğalı faktını etiraf etməli oldular. Eyni zamanda ATƏT-in Minsk Qrupu formatında aparılan danışıqlarda ən azından Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayondan erməni hərbi birləşmələrinin çıxarılması məsələsinin vacibliyi qeyd olundu. Bizim müharibəyə qədər üzləşdiyimiz yeganə prinsipial çətinlik işğal olunmuş torpaqların azad olunması istiqamətində aparıcı dövlətlərin ortaya siyasi iradə qoymamaları, işğalçıya qarşı iqtisadi sanksiyaları qəbul etməmələri idi.

Nəticədə Azərbaycan öz gücü və iradəsi hesabına haqqında bəhs etdiyimiz beynəlxalq hüquq prinsiplərinin tətbiqinə nail oldu. Yeri gəlmişkən, BMT tarixində ilk dəfədir ki, bir dövlət bu qurumun qəbul etdiyi qətnamələrin həyata keçməsini özü təmin etmiş oldu.

İstər-istəməz belə bir sual meydana çıxır: tutaq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində olmasaydı, biz Vətən müharibəsi zamanı nələrlə üzləşə bilərdik? O zaman bəzi dövlətlərin bizə qarşı sanksiyalardan tutmuş “DQR”-in tanınmasına qədər atdığı addımlar kimi neqativ halların şahidi ola bilərdik və bu, ölkənin dünyadakı imicinə müəyyən zədələr vurardı. Burdan çıxan nəticə isə belədir: 1993-cü ilin aprelindən etibarən Azərbaycan hökumətinin uzun illər ərzində “ərazi bütövlüyü” prinsipi uğrunda apardığı məqsədyönlü siyasətin məntiqi və tutarlı əsasları var imiş.

Bundan sonra bir şeyə ümid etmək qalır: bir müddət sonra Dağlıq Qarabağın bütün ərazisində suverenliyimizin tam bərpası beynəlxalq hüquq prinsiplərinə uyğun həyata keçəcəkdir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz