TƏSƏVVÜFDƏ “ACLIQ” METODU

TƏSƏVVÜFDƏ “ACLIQ” METODU

Təsəvvüfdə ən önəmli riyazət şəkillərindən biri də, heç şübhəsiz, aclıqdır. Sufilər nəfsdən sadir olan bütün günahların tox bir mədəylə zühura gəldiyini düşündükləri üçün nəfsi tərbiyə etməyin onu ac buraxmaqla mümkün olacağı qənaətindədirlər. Çünki nəfsani qüvvələr aclıqla yox olmaqdadır. Belə ki, dinin çəkinilməsi gərəkən bəzi xüsusları sərbəst buraxdığını, ancaq yeddi orqandan hər birinə bir hüdud təyin edib qorumaqla mükəlləf tutduğunu söyləyən Tirmizi, bu əzaların dil, qulaq, göz, əllər, ayaqlar, mədə və övrət məhəlli olduğunu bildirdikdən sonra mədənin bəhs edilən şəhvətlərin məhəlli olaraq yaradıldığını irəli sürməkdədir. Məsələn, danışmaq arzusu meydana gələndə, onun hakimiyyəti sinəyə, oradan da qəlbə keçər. Bu şəkildə danışmaq arzusu və istəyi qəlbə hakim olduqda mərifətin qəlbdəki hakimiyyəti və ağılın beyindəki funksiyası azalıb yox olar.

Mərifətin nuru sönüncə, ağıl da idarə edə bilməz hala gəlincə, artıq insanda günah işləmə və üsyan etmə halı ortaya çıxar. Bu səbəblə bəhs edilən istəkləri mədə ilə əlaqəli bir şəkildə ələ alan sufilərin aclıqdan məqsədləri nəfsi ac buraxmaq yoluyla bütün üzvləri nəzarət altında saxlamaqdır. Beləliklə, hal bu şəkildə olunca insanda lüzumsuz sözlər danışmamaq, boş sözlərə qulaq asmamaq,  harama baxmamaq, cinsi bir şəhvət duymamaq kimi təsirlərin ortaya çıxacağı aşkardır. Nəticədə ac qalmağın müridə təmin edəcəyi fayda toxluqla canlanan nəfsani istəklərin ölməsi və yenə mədənin öldürmüş olduğu idrakın canlanması olacaqdır. Çünki tox bir mədə idrakı öldürdüyü kimi, aclıqla ölmüş olan mədə də idrakı canlandırmaqdadır. Bu baxımdan mütəsəvviflərin ac qalmaq xüsusundakı məqsədlərindən biri də nəfsi haram və şübhəli şeylər yemək arzusundan uzaqlaşdırmaqla yanaşı, halaldan da az olanları tərcih etmək surətiylə çox yemək arzusunu öldürməkdir. Halaldan və onlardan da az miqdarda olanı tərcih etməklə əsas məqsəd qəlbi diriltməkdir.

Yenə sufilərin aclıq mövzusundakı ədəblərinin ölçüsünü bir hədisi-şəriflə açıqlayan Sərrac, hədisdə keçən “Oruc qalxandır” ifadəsi ilə ac qalmağın insanı günaha meyl etdirən şeytan, nəfs, həva, dünya və şəhvət kimi düşmən oxlarından qoruyan bir qalxan olacağını bildirməkdədir. Belə ki, aclıqla ölən həva və nəfsani şəhvətlərin insana hər hansı bir zərəri toxunmaz. Ayrıca aclığın riyazət üsulları arasındakı mərkəzi yerinə diqqət çəkən Qəzzali, aclıqla şeytanın alətlərindən olan bütün şəhəvi istəklərin ölüb yox olacağını söyləməkdə və Hz. Peyğəmbərin (s.ə.s): “Şeytan adəm oğlunun qan damarlarında dolaşır, şeytanın dolaşdığı kanalları aclıqla tıxayın” hədisi ilə də bu görüşünü dəlilləndirməkdədir. Eyni şəkildə Əbu Talib Məkki də aclığın qəlbdəki qanı nöqsanlaşdırdığını, nəticədə şeytanın oraya giriş yollarının daraldığını söyləməkdədir. Bunun üçün mədə elə bir üzvdür ki, o ac qalarsa, digər əzalar tox olar, insanı üsyana və günaha meyil etdirməz. Lakin mədə tox olarsa, digər əzalar ac olar. İnsanı hər çeşid çirkinliyə və pisliyə sövq edər, deyilmişdir.

Nəfslərin qidalandıqları ölçüdə qüvvətlənəcəyini söyləyən Hücviri həzrətləri həvanın da genişləmə imkanı tapdığı nisbətdə orqanlardakı təsirinin artacağını söyləməkdədir. Ona görə mürid, özünü aclığa alışdırınca həvası zəifləyər, ağlı güclənər, nəfsinin güc və qüvvəti damarlarından kəsilib atılar, sirlər və bürhanlar ona zahir olar. Nəticədə özündə batilə və günaha yönəlmə arzusu yox olar.

Bundan başqa, mütəsəvviflərin aclıq mövzusundakı görüşlərinə baxdığımız zaman görürük ki, sufilərin aclığını digər riyazət əhlindən fərqli qılan xüsus, bunu ibadət halına gətirmələridir. Məsələn, orucla süsləmək surəti ilə. Belə ki, sufilərin aclıqdan məqsədləri əslində orucdur. Digər şəkildə nəfs ac qalmaqdan zövq alar. Məsələn, arıqlamaq və pəhriz niyyətiylə ac qalanlar bundan həzz duyarlar. Ancaq ibadət niyyətiylə tutulan orucdan heç bir nəfs məmnun olmaz.

Son olaraq, sufilərin aclıqla əlaqəli görüşlərini dəyərləndirdiyimiz zaman, aclıqla ölüm arasında bir əlaqə qurduqları anlaşılmaqdadır. Nəfsani istək və arzuların yox olmasını ölüm, qarşılığında mələki vəsflərin qazanılmasını həyat olaraq qəbul edən sufilər, bu çərçivədə aclıqla əldə etdikləri halı “əl-mövtül-əbyaz/ağ ölüm” adlandırmışlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz