Yəqin
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyərək Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri imanlarında sadiq olanlardır”. (əl-Hucurat, 15)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
“Yəqin” bəhsi ilə əlaqədar səhabə dövründə meydana gəlmiş hadisələrdən biri belə cərəyan etmişdi: Rəsulullahın (s.ə.s) xüsusi diqqətini cəlb etmiş kasıb birisi dünyasını dəyişdikdən sonra Allahın Həbibi Hz. Əliyə (r.a) və Üsamə bin Zeydə (r.a) mərhumun cənazəsinin yuyulmasını əmr edir. Həmin fağırı yuyub əbası ilə kəfənləyirlər. Rəsulullah (s.ə.s) onu dəfn etdikdən sonra əshabına bunları söyləyir: “O, qiyamət günü üzü bədirlənmiş ay kimi olduğu halda həşr ediləcəkdir. Əgər onda əskik bir xüsusiyyət olmasaydı, üzü bərq verə-verə parlayan günəş kimi həşr edilərdi”. Səhabələr Hz. Peyğəmbərdən: “O xüsusiyyət nədir?” - deyə soruşduqda Rəsulullah (s.ə.s) belə cavab verir: “Bu kişi çoxlu oruc tutar, namaz qılar və Allahı (c.c) əməlli-başlı zikr edərdi. Ancaq qış mövsümü gəldiyində yaylıq paltarlarını yay üçün saxlayardı. Yay gəldiyində isə qışlıq paltarlarını ikinci bir qış üçün saxlayardı”. (Anlaşıldığına görə o zaman səhabə nəslinin böyük bir iman vəcdi ilə sahib olduqları dünyalıq hər şeylərini Allah (c.c) yolunda dərhal infaq etmə mədəniyyəti zirvədə olduğundan onlarla müqayisədə kasıb kimsənin məzmunlu ibadəti ilə yanaşı, infaq həssasiyyətindəki təslimiyyətində və yəqin (şübhə daşımayan tam bir doğruluq) hissi ilə əməl məsələlərində müəyyən natamamlıqlar var idi). Sonra Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizə ən az verilən şey həssasiyyətlə sarılacağınız yəqin və səbirdir”. (Əbu Ümamədən, “İhyai-Ülumiddin”, İmam Qəzzali)
Rəsulullahın buyurduqlarından aydın olur ki, yəqin ilə, yəni qəti, sağlam, doğru bir bilgi ilə qulluq məsuliyyətini yaşama həyəcanı sahibindən nəhəng bir iradə, cəsarət, elm, sədaqət, səbir və Haqqa tam bir təslimiyyət istəməkdədir. Qəlbini yəqin məsuliyyətinin həqiqəti ilə nurlandırmaq istəyən haqq yolçularına bu istiqamətdə dərin bir təfəkkür əlacı təqdim edən Haqq dostları buyurur:
“Təfəkkür beş çeşiddir. Bunlardan birincisi Allahın (c.c) ayələrini sayğı və ehtiramla təfəkkürdür ki, bundan yəqin bərəkəti doğar. İkincisi Allahın nemətlərini təfəkkürdür ki, bundan məhəbbət və şükür halı doğar. Üçüncüsü Allahın vədlərini təfəkkürdür ki, bundan axirətə rəğbət halı doğar. Dördüncüsü Allahın vaidini (günahlara veriləcək cəzaları) təfəkkürdür ki, bundan heybət (günahlardan qaçınmaq) doğar. Beşincisi Allahın ehsanı ilə bərabər nəfsin qüsurlarını təfəkkürdür ki, bundan da həya doğar!”.
İlahi qüdrət təcəllilərinin əhatəli şəkildə təfəkkürü və bu təfəkkürün doğuracağı üstün əxlaqi keyfiyyətlərin yaşanılması bizləri “yəqin” anlayışının həqiqətinə yaxınlaşdıra bilər. “Yəqin” bərəkətinin tam mənada gerçəkləşməsini Hz. Adəm əleyhissalamın yer üzünə enişi ilə əlaqələndirən Əhməd Səmani həzrətləri buyurur: “Hz. Adəm əleyhissalam cənnətdə ikən Allahın (c.c) ona öyrətdiyi bütün isimlərin mənalarını tam bir yəqinliklə qavramış deyildi. Allahın (c.c) gözəllik və rəhmət sifətini daşıyan Cəmali isimlərinin nurları ilə bəhrələnməkdə idi. Lakin qəzəb sifətini daşıyan Cəlali isimlərin təsir dairəsində imtahan edilməmişdi. İsimlər haqqında tam yəqinliyi əldə etmək üçün Allahın (c.c) həm də Cəlali sifətlərinin gerçəkləşdiyi qəhr evi olan dünyaya enməsi lazım idi”.
Tövhid nuru ilə şərəflənmiş qəlbi və irfani təcrübələrini ümmətin həqiqi yəqinlə şərəflənməsi naminə sevərək bölüşən Molla Cami həzrətləri Səmani həzrətlərinin bildirdiyi mənaya aydınlıq gətirərək belə buyurur:
“(Allahı (c.c) şübhə əlaməti daşımayan qəti bir yəqin hissi ilə) sevən o kimsədir ki, Sevgilisindən (Cəlali sifətlərin təcəllisi olaraq) nə qədər düşmənlik kimi görünən təsirlərə məruz qalsa da, bu onun sevgisini yenə də artırar. Sevgilisindən başına minlərlə qəzəb daşları gəlsə də, onlar (onun qəlbində müstəsna bir yəqin hissi ilə qərar tutmuş) eşq binasının inanılmaz ölçüdə sağlamlaşmasına, tam olmasına xidmət edər!”.
Ümman kimi görünən və insanı mötəbər bir qulluq əri kimi yetişdirən yəqin ilə bağlı həqiqətlərə fərasətli bir iman səmimiyyəti ilə qulluq həyatında önəmli bir yer verən və qiyamət səhnələrini tam bir yəqin əndişəsi ilə qəlb aləmində seyr edən Əli Heydər əfəndi buyurur:
“Zərrə qədər imanı olan hər kəsə haqqımı halal edirəm. Səbəbini də belə izah edirəm: “Sabah axirətdə Rəsulullah (s.ə.s) əfəndimiz ümmətini cəhənnəmdən qurtarmaq üçün olmazın əziyyətlərə qatlanacaqdır. Mən isə haqqımı halal etmədiyim təqdirdə Onun (s.ə.s) ümmətinin cəhənnəmdə qalmasına səbəb olacağam. O gün Rəsulullahla (s.ə.s) qarşı-qarşıya gəlməkdən Allaha (c.c) sığınıram. Çünki bütün varlığımla Onun (s.ə.s) tərəfində olmaq istəyirəm, qarşısında deyil!”.
ŞƏRHLƏR