Qorxu və ümid arasında

Qorxu və ümid arasında

İnsan oğlu yaradılışdan azad iradəyə sahib olub, nəfsinin istədiyi şəkildə yaşamağı xoşlayır. “Xoşməramlı” baxışlar bunu təbii  olaraq görmək istəsə də, nəticə heç də xoş görünməməkdədir. İnsanın azad iradə  hüdudu həddindən çox genişlədiyi zaman öz varlığının üstündə yüksək mövqelərə, əlçatmaz təxəyyüllərə meyil edir. Nəticə isə xüsran, tanrılıq iddiaları, eqo partlamaları, duyğu çökmələri ilə özünü göstərir.

Ləzzətlər, müxtəlif zövqlər, şəhvət və nəfsani arzular insanı əhatə etdiyi zaman faydasız, dəyərsiz, hətta qorxunc bir canavara çevrilə bilər. Bu hala bürünən insan hər şeyə zərər verə bilər. Belə olan halda qarşımıza Qurani-Kərimdə mələklərin dilə gətirdiyi şəxsiyyət çıxar. Yer üzündə insan (xəlifə) yaradacağını  söyləyən Uca Allaha heyrət içində sual verərək: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan?” – demişdilər. Mələkləri  narahat edən belə bir  insan ilahi rizanı ancaq iradəsini ilahi nəzarət sisteminə tabe etməklə əldə edə bilər. Cənnətin ətrafı, hədislərdə deyildiyi kimi, nəfsə ağır gələn, istəklərə məhdudiyyət qoyan, bununla bərabər əxlaqı gözəlləşdirən əmrlər, tələblər, ibadətlər ilə sarılmış, cəhənnəmin ətrafı isə nəfsin və iştahın arzuladığı, şeytanın hiylələrinə vasitə olacaq hər növ dünyalıq və zövq oxşayan həzlərlə əhatə edilmişdir.

Əslində ilahi xəbərdarlıqlar o qədər əhəmiyyətlidir ki, insan bu xəbərdarlıqlar qarşısında qorxularını dilə gətirir, günahlardan peşman olur, Rəbbinə sığınır, hislərinə və davranışlarına etina göstərir, səhv etməmək üçün diqqətli olmağa çalışır. Elə bu nöqtədə ümid işığı o dar, çətin, kələ-kötür cığırları keçmək üçün bir minik kimi, yaxud iki qanad kimi imdada çatır. Bəli, qorxu ilə ümid arasında formalaşan bir həyatdan bəhs edirik. Qorxusuz insanlar cəsarətli görünsələr də, axirət və ilahi təzim istiqamətində qorxusuzluq heç də cənnətə aparmır. Qorxu yerinə görə bəziləri üçün təhdid, bəziləri üçün isə sevdiyindən, ilahi rəhmətdən məhrum qalmaq həyəcanıdır. Eynilə ümidsizlik də var olan həyatın heçliklə nəticələnməsinə gətirib çıxaran faciəli bir hissdir. Ümid isə dinimizdə bir insanın bacarması mümkün olan hər bir əməl ilə gözəl aqibət üçün çalışıb mükafatına nail olmağı gözləmək həyəcanıdır.

Qurani-Kərim Cənnət ayələri ilə ümidi üzülənlərə qurtuluş qapısı olduğu kimi, Cəhənnəm ayələri ilə də həddi aşanları təhdid edərək doğruya dəvət etməkdədir. Uca Allah Bəqərə surəsinin 218-ci ayəsində belə buyurur: Həqiqətən, iman gətirənlər və hicrət edib Allah yolunda cihad edənlər Allahın mərhəmətini ümid edirlər. Allah bağışlayandır, rəhm edəndir”. Məhz bu ayə həqiqətdə qəlbləri Rəblərinə bağlı olub əməlləri ilə imanlarını isbat edən, ümidvar olan kimsələri tərif edir. Yunus surəsinin 31-ci  ayəsində isə: “De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsiniz?!” - buyuraraq Allahı təzim etməklə Ondan çəkinməyi əmr edir. Əməlsiz ümid bəsləyənləri Peyğəmbərimiz belə tərif edir: “Axmaq o kimsədir ki, nəfsini həvəslərinə tabe etdiyi halda, Allahdan cənnəti istəməkdədir”.

Hz. Əlinin (r.a) belə dediyi rəvayət edilir: “Alim o kimsədir ki, xalqı Allahın rəhmətindən ümiddən salmadığı kimi, əzabından da əmin qılmaz”.

Günah işləmək insanların təbiətində var olan xüsusiyyətdir. Ancaq hədisi-şəriflər günahkarların ən xeyirlisinin ən tez tövbə edib, günahından ötrü peşmanlıq hissi keçirənlər olduğunu söyləyir.

 İrfan əhli bir zat söhbət əsnasında buyurur ki:

 - Əgər siz günah işləməmiş olsaydınız, günahdan daha şərli bir şeyin başınıza gəlməsindən qorxardım.

Sual verirlər ki:

 - O nədir?

Belə buyurur:

- Ucübdür (özünü bəyənmək xəstəliyidir).

Bu səbəblə yenə deyilir ki: “Qorxan kəs ağlayıb gözlərini silən deyil, əksinə, cəzalandırılmaqdan çəkinərək xətadan dönən kimsədir”.

Ümumiyyətlə, insanın ruh sağlığı qorxu ilə ümid arasında yaşaması ilə və bu halda tarazlığı qoruyaraq iki zidd qütbün də eynisəviyyəli olması ilə mümkündür. Bəzi açıqlamalarda qorxunun ümiddən çoxluğu daha etibarlıdır deyilir, bəzilərində isə ümidin daha çox olmasını nəsihət edirlər. Amma Allaha qulluğun haqqı ilə yerinə yetirilməsi ancaq qəlbin bu iki halı özündə əks etdirməsinin nəticəsində meydana gəlir. Allah-Təala Səcdə surəsinin 10-cu ayəsində belə buyurur:  “Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər”.

Etidal sahibi insanlar, tutduqları orta yollu mövqe ilə insanların sevgisinə, sevindirici sonluğa və Allahın rizasına nail olarlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz