Azərbaycan-İran münasibətləri qısa təhlil
Bəllidir ki, XIX əsrdən Rusiya imperiyası, daha sonra 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal olunan Azərbaycanın bu ölkə ilə birgə tarixi Azərbaycan-İran münasibətləri ilə müqayisədə çox cavandır. Yəni Azərbaycan və İran əsrlər boyu birgə tarixi və dini bölüşmüşlər və nəticədə uzun illər boyu İranın bəzi ideoloqları ümumiyyətlə Azərbaycanın müstəqilliyinə belə barmaqarası yanaşmışlar. İndinin özündə də Nizami Gəncəvinin, Səfəvilər dövlətinin Azərbaycana, yoxsa İrana mənsub olması haqda mübahisələr səngimək bilmir.
44 günlük müharibədən sonra Azərbaycan-İran arasında münasibətlərin yeni və təəssüf ki, gərgin mərhələsinin şahidi olmaqdayıq. İranın verdiyi rəsmi bəyanatlarda birbaşa Azərbaycanın adı çəkilməsə də, “Regionda dövlətlərin ərazi bütövlüyünün pozulmasına imkan vermərik”, “Qonşu ölkələrdən gələn sionizm təhdidi” tipli cümlələrdən istifadə edilir, üstəlik, intensiv şəkildə Azərbaycanla sərhəddə istər quru qoşunlarının, istərsə də İran İnqilabı Keşikçiləri Korpusunun bölmələrinin iştirakı ilə təlimlər keçirilir. Bu ilin avqust ayında keçirilən təlimlərdə İrana məxsus ağır texnikanın Araz çayını ponton körpülər vasitəsilə keçməsi isə birbaşa rəsmi Bakı üçün təhdid xarakterli mesaj idi. Belə bir təhdid qarşısında Azərbaycan bir neçə həftə sonra türkiyəli və azərbaycanlı kommandoların birgə iştirakı ilə “Qardaş Yumruğu” adlı təlimlərlə cavab verməli oldu.
Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bəyanatlara (“İranda Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir”, “İran rəsmiləri tərəfindən atılan son addımlar tamamilə qeyri-məhsuldardır” və s.) diqqət edəndə, bir şeyin şahidi olduq. Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəydən sonra İranı konkret atdığı addımlara görə tənqid edən rəsmi açıqlamaya rast gəlindi.
İran hələ də 3+3 (Azərbaycan, İran, Rusiya, Ermənistan, Gürcüstan və Ermənistan) formatında Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə formal olaraq dəstək versə də, layihənin həyata keçməsi üçün real addımlar atmır, əksinə, bu prosesin ləngiməsindən ötrü fəallıq göstərir, bu istiqamətdə daha çox Ermənistanla intensiv əməkdaşlıq siyasətinə üstünlük verir. Bəzi ekspertlərin fikrincə, rəsmi Tehran bir vaxtlar Azərbaycan torpaqlarının işğal olunmasından sonra yaranmış vəziyyətə uyğun olaraq özünün regional nəqliyyat mərkəzi rolunu itirmək istəmir. Bu səbəbdəndir ki, rəsmi Tehran Zəngəzur dəhlizi layihəsinin həyata keçməsini əngəlləyən aktorlardan biri kimi xarakterizə edilir və İran rəsmilərinin Yerevan şəhərinə tez-tez səfər etmələri də bu kontekstdə izah edilir.
İran Azərbaycanın adını çəkməsə də, süni şəkildə guya bizim ölkənin sözügedən dəhlizi işğal edəcəyi ilə bağlı mesajlar ötürür. Halbuki Azərbaycan ən azından Rusiya faktorunu nəzərə alıb bu cür riskli addım atmağa cəsarət etməz və ən əsası, rəsmi Bakının Ermənistana irəli sürdüyü beş prinsipdən biri məhz münaqişədə olan bu ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasıdır.
İran tərəfindən ölkəmizə gələn təhdidlərin formasından asılı olmayaraq, bunlara qarşı balanslaşdırıcı iki aktor - Türkiyə və Rusiyanın rolunu mütləq nəzərə almaq lazımdır. Yəni adı çəkilən iki ölkə ən azından Azərbaycanın İran tərəfindən işğal olunmasına imkan verməz. Eyni zamanda Rusiya və İran Azərbaycanın Türkiyə və türkdilli Mərkəzi Asiya ölkələri ilə bir yerdə “Böyük Turan” ideyasının da gerçəkləşməsinə imkan verməz və bu istiqamətdə adı çəkilən ilk iki aktor hətta müttəfiq münasibətlərinə də daxil ola bilərlər.
Bəlli olduğu kimi, bir neçə aydır ki, İranda yüzlərlə insanın ölümü ilə nəticələnən silahlı iğtişaşlar baş verməkdədir. Yeri gəlmişkən, bu iğtişaşları da İranın rəsmi dairələri xarici qüvvələrin iştirakı ilə əlaqələndirir. İstənilən halda, tək İran-Azərbaycan münasibətləri deyil, bütövlükdə regionda gedən geosiyasi proseslər həm də İranda bu proseslərin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq.
Fikrimizcə, indiki reallıq kontekstində rəsmi Bakının İranla normal münasibətlərini saxlaması hər iki dövlətin milli maraqlarına cavab verir və təsadüfi deyil ki, İran sərt ritorikaya və hədəyə əl atdıqdan bir müddət sonra sülh tonunda bəzi açıqlamalar verir. Ümid edək ki, bu cür açıqlamalar hansısa hiyləgər taktikanın tərkib hissəsi deyil və uzunmüddətli əməkdaşlıq üçün fon rolunu oynayacaq.
Geniş məlumat əldə etmək üçün
- Azərbaycan Prezidenti: “İran rəsmiləri tərəfindən atılan son addımlar tamamilə qeyri-məhsuldardır”. 25 noyabr, 2022. https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-iran-resmileri-terefinden-atilan-son-addimlar-tamamile-qeyri-mehsuldardir/
- İlham Əliyev: “İranda Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir”. 25 noyabr, 2022. https://report.az/xarici-siyaset/ilham-eliyev-iranda-azerbaycan-dili-edebi-komponentini-itirir-meiset-diline-cevrilir/
ŞƏRHLƏR