“Hər il “İrfan karvanı”na qoşulan dostlarımızın varlığı bizi daha da həvəsləndirir”.

“Hər il “İrfan karvanı”na qoşulan dostlarımızın varlığı bizi daha da həvəsləndirir”.

 Nurlan Məmmədzadə:

“Hər il “İrfan karvanı”na qoşulan dostlarımızın varlığı bizi daha da həvəsləndirir”.

 İrfan: Salam, Nurlan müəllim. Sizcə kütləvi informasiya vasitələrinin cəmiyyətdəki rolunu necə xülasə etmək olar?

Nurlan Məmmədzadə: Əvvəla fürsətdən istifadə edərək buradan bütün oxucularımızı salamlayıram. Bildiyimiz kimi, hər hansı bir cəmiyyətdə hansısa fikrin, ideologiyanın formalaşması üçün kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Belə olan təqdirdə KİV nümayəndəsi olan hər bir kəsin, eləcə də orqanın üzərinə böyük məsuliyyət düşür. Xalqın birlik və bərabərlik şüurunun möhkəmlənməsində, dövlətçilik ənənələrinin ictimaiyyət tərəfindən şüurlu şəkildə mənimsənməsində bu kimi qurumlar öz töhfələrini verməlidir. Təəssüf ki, bəzən KİV nümayəndəsi olduğunu iddia edən təsadüfi və ya qərəzli şəxslər apardıqları dırnaqarası fəaliyyətlərlə cəmiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olurlar. Hansı ki, bu kimi addımlar zamanla birlik və bərabərliyin pozulmasına, milli ruhun sarsılmasına, mənəvi dəyərlərin etibarsızlaşdırılmasına gətirib çıxara bilir. Məhz belə olan təqdirdə də ağı qaradan ayırd edən həqiqi KİV orqanlarının və nümayəndələrinin müsbətyönümlü fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, bu kimi hallarda bizim də üzvü olduğumuz Azərbaycan Mətbuat Şurasının həyata keçirdiyi önləyici tədbirləri təqdirlə qeyd etməliyik.  

- Bəs milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı İrfan jurnalının xidməti nədən ibarətdir?

- Qeyd edim ki, “İrfan” ictimai fikir jurnalı Azərbaycan respublikasının müvafiq dövlət orqanı tərəfindən qeydiyyatdan keçərək 2005-ci ildən etibarən yayım həyatına başlamışdır. Əsas hədəfimiz milli-mənəvi dəyərlərin inkişafı yolunda əlimizdən gələni edərək cəmiyyətin mənəvi rifahına dəstək olmaqdır. Jurnalımızın aylıq qapaq mövzularına baxan hər kəs bu gerçəyi asanlıqla görə bilər. Bu günə qədər vətənpərvərlik, milli birlik, mənəvi dəyərlərə bağlılıq, təhsil və əxlaqi mövzular kimi ictimai nizama xidmət edən buraxılışlarımızla oxucunun görüşünə gəlmişik. Artıq 194-cü sayı işıq üzü görəcək, inşallah. “İrfan”la bərabər oxucuların görüşünə gələn və əsasən xanımlara xitab edən “Bizim Ailə” jurnalının 89-cu buraxılışını, o cümlədən azyaşlı oxucularımızı milli ruhda yetişdirməyə xidmət edən “Təbəssüm” jurnalının da 68-ci sayını nəşrə hazırlamağın sevincini yaşayırıq. Bu xidmətdə 18 ili arxada qoyduq və düşünürəm ki, bu müddət istənilən jurnal üçün yaxşı göstəricidir. Bunun üçün Allaha nə qədər şükür etsək azdır. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, hansısa mətbu orqanın uzunömürlü olmasının sirlərindən biri də oxucu dəstəyidir. Bu mənada özümüzü xoşbəxt hiss edə bilərik. Ölkəmizin, demək olar ki, bütün bölgələrində bizi oxuyan könüldaşlarımız var. Hətta xarici ölkədə yaşayan və “İrfan”a abunə olan soydaşlarımız var ki, hər ay poçt vasitəsilə jurnallarını yaşadıqları ünvana çatdırırıq. Oxucularımız arasında 2005-ci ildən bu günə qədər hər il abunəliyini təzələyənlər var. Bunlardan bəzisi dünyasını dəyişmiş olsa da, hər ay ailələrinə təmənnasız olaraq jurnallarımızı göndərməyi özümüzə vəfa borcu bilirik. Uzun sözün qısası, oxucu rəğbəti, redaksiyamıza ünvanlanan məktublar, tez-tez qarşımıza çıxan xoş sürprizlər, hər il “İrfan karvanı”na qoşulan yeni dostlarımızın varlığı bizi bu xeyir işə daha da həvəsləndirir. 

- Hər il abunəçilərə jurnalla birikdə kitablar da hədiyyə edirsiniz. 2023-cü ilin abunəçilərini nə gözləyir?

- Əvvəla qeyd edim ki, “İrfan”ın əsas məqsədlərindən biri də oxumağı yayğınlaşdırmaqdır. Mədəniyyətimizin oxumağa verdiyi əhəmiyyəti diqqətə alaraq cəmiyyətimizin bu istiqamətdə inkişafına töhfə verməyi hədəfləyirik. Oxumaq üçün də faydalı, günün nəbzini tutan əsərlərin yayılması əsas amildir. Hər il abunəçilərə İslam mədəniyyətinin gözəlliklərini göstərən, mənəvi dəyərləri yaxından tanıdan kitablar hədiyyə edirik. Builki hədiyyələrimiz də hər evdə olması gərəkli iki möhtəşəm əsərdir. Möhtərəm könül insanı Osman Nuri Topbaşın qələmindən çıxan “İslam təfəkkür üfüqü” dinimizin ana məfkurəsini xülasə edən 576 səhifəlik möhtəşəm bir əsərdir. Düşünürəm ki, bizim mədəniyyətin gənclərinin bir növ başınabuyruq həyat tərzini aşılayan ateizm və deizm kimi axınlara qapıldığı bir çağda onlara həqiqəti çatdırmaq üçün bu kitabın rolu əvəzsizdir. İslam insandan nə istəyir, İslam mədəniyyətinin ədalət anlayışı, nizam-intizamı, sosial həyat tərzi hansı əsaslara söykənir? Bütün bu kimi sualların cavabını məhz bu kitabda tapmaq olar.

Digər hədiyyəmiz “Qısa surələrin təfsiri”dir. İlahiyyatçı mütəxəssis Abdurrəhman Nuri tərəfindən ərsəyə gətirilən 352 səhifəlik kitab hər gün namazda oxuduğumuz qısa surələri bundan sonra anlayaraq oxumağımızı təmin edəcək. Kitabda yer alan surələrin nə zaman, hansı səbəbdən nazil olduğunu, oxuduğumuz ayələrdə Rəbbimizin bizə nə demək istədiyini bilmək, əlbəttə ki, vacib məqamlardandır. Mənasını dərk edərək oxuduqda həm Quran tilavətindən, həm də qıldığımız namazdan böyük zövq alacağımız mütləqdir. Ümidvarıq ki, hər iki kitab oxucunun könül dünyasında özünə yer edəcək. Abunəçilərimiz əvvəlki illərdə olduğu kimi bu il də sevərək ərsəyə gətirdiyimiz, zövqlə hazırladığımız, könül oxşayan “İrfan”, “Bizim Ailə” və “Təbəssüm” jurnallarını əldə edəcəklər. Artıq hər il hədiyyə etdiyimiz əsərlərdən ibarət kitab rəflərinə iki gözəl əsər də əlavə olunacaq.         

        

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz