Həyatımızda kəpənək effekti
Yaşadığımız həyatda etdiyimiz hər bir hərəkət dəyərlidir. Etdiyimiz işlər gələcəkdə yaxşı və ya pis mənada nəticələrə gətirib çıxarar. Faydalı, səmərəli, insanlara xeyir verən işlər görsək, biz fərqində olmasaq belə, gələcəkdə özümüzə və cəmiyyətə yaxşı mənada təsir göstərə bilər. Əgər pis işlərlə vaxtımızı öldürsək, o zaman ziyana düşənlərdən olarıq.
Bəzən əhəmiyyətsiz gördüyümüz xırda işlər gələcəyimizə böyük ölçüdə təsir edər. Son nəticə əvvəl alınan qərarlardan asılıdır. Necə ki, ingilis yazıçısı Marşakın əsərində deyilir: “Mismar yox idi deyə atın nalı itdi; atın nalı itdi deyə at axsadı; at axsadı deyə komandir öldürüldü, süvarilər dağıldı, ordu qaçdı; düşmənlər şəhərə girdi və əsirlərə mərhəmət etmədilər”. Bütün bunlar ona görə oldu ki, atın nalında mismar yox idi. Bəli, bir mismar, demək olar ki, döyüşün taleyini həll etdi. Həyat da belədir; aldığımız xırda qərarlar böyük nəticələrə səbəb ola bilər. Buna elmi dildə “kəpənək effekti” deyilir.
“Kəpənək effekti” ifadəsini ilk dəfə 1963-cü ildə Edvard Lorens işlədib. O, kompüter vasitəsilə havanın vəziyyəti ilə bağlı hesablamalar apararkən hesablamada xırda rəqəm səhvi edir. İkinci hesablamada isə o rəqəm səhvinə görə hesablamada yenə səhv bir say əldə edir. Bu iki rəqəm arasındakı təxminən 1/1000 (mində bir), yəni bir kəpənəyin qanad çırpmasının yaratdığı küləklə ekvivalent dərəcədə fərq olmasına baxmayaraq, proses daxilində ikinci hesablama birinci hesablamaya nəzərən çox fərqli nəticələr verir və Lorens bu nəticəni belə ifadə edir: “Amazon meşəsindəki bir kəpənəyin qanad çırpması Amerikada fırtınaya səbəb ola bilər”. Kəpənək qasırğaya güc vermir və ya birbaşa qasırğa yaratmır, ancaq bu ifadə kəpənəyin qanadlarını çırpmasının qasırğaya səbəb ola biləcəyi mənasına gəlir.
Mövzunun riyazi-elmi tərəfini fikirləşmək bizi yorar. Gəlin, keçək əsas məsələyə; yəni bu effektin həyatımıza nə kimi təsiri ola biləcəyini misallarla izah edək. Birinci Dünya müharibəsi. Statistikaya görə, bu müharibə 68 milyondan çox insanın həyatına son qoyub. Təsəvvür edin, siz bir ingilis zabitisiniz, yaralı alman əsgəri sizdən kömək istəyir, nə edərdiniz? Henrix Tendri yaralı əsgəri xilas edir və o alman əsgəri sağalıb 20 il sonra İkinci Dünya müharibəsini başladır. Bəli, bu adamın adı Adolf Hitler idi. Bəlkə də, Tendri yaralı əsgəri xilas etməsəydi, dünyanın gələcək vəziyyəti başqa cür olardı.
Bir də yaxşı nəticəyə misal verək. İlk öncə onu deyim ki, heç vaxt əməllərin kiçik olmasını xəfifə almayın. Çünki sizin kiçik gördüyünüz yaxşı əməl gələcəkdə həyatınızı müsbət yöndə dəyişə bilər. Necə ki, Musa peyğəmbərin həyatını dəyişdiyi kimi. Musa peyğəmbərin uşaqlığı Fironun sarayında keçir. Günlərin bir günü Musa (ə.s) istəmədən misirli birini öldürür. Bu xəbəri eşidən Firon Musa peyğəmbərin tutulması üçün əmr verir. Musa (ə.s) oradan qaçmağa məcbur olur. Misirdən uzaqlaşır, Mədyən vadisinə gəlir. Onun əlində nə yeməyi, nə də pulu var idi.
Musa (ə.s) orada bir su quyusu ətrafında sürülərinə su vermək üçün bir-biri ilə dalaşan çobanlar və sürüləriylə onlardan uzaqda dayanan iki qız görür. Musa (ə.s) burada nə olub deyə qızlara sual verir. Qızlar deyir: “Çobanlar quyudan uzaqlaşmamış biz su götürə bilmirik”. O arada qızlardan biri: “Bizi qınama, çünki bizim pulumuz yoxdu ki, xidmətçi tutaq, atamız da qocalıb əldən düşüb”, - deyir. Musa (ə.s) onlara quyudan su çıxartmağa kömək edir və burada kiçik bir kəpənək effekti baş verir. Musa (ə.s) bir yolçu idi, nə pulu vardı, nə də verəcək bir şeyi. Əlindən gələn sadəcə onlara quyudan su çəkməyə kömək etmək idi. Kiçik bir yaxşılıq edir və Quranda buyurulduğu kimi, heç bir şey söyləmədən oradan uzaqlaşır. Bir yerdə ağacın altında oturur və Allaha dua edir: “Ey Rəbbim, sənin mənə verəcəyin hər hansı bir xeyrə ehtiyacım var - Mən fəqir və yoxsulam, sənin verəcəyin yaxşılığa möhtacam”. Gələk bu yaxşılığın nəticəsinə. Bir qədər sonra qızlardan biri Musa peyğəmbərin yanına gəlib deyir: “Atam sizi çağırır, bizə etdiyiniz yaxşılığa görə sizə təşəkkür etmək istəyir”. Musa (ə.s) onların evinə gedir. Qızların atası Musaya dolanacağı qədər maaş təklif edir, qalmağa yer verir, sonda da qızlardan biri Musa peyğəmbərin həyat yoldaşı olur. Musa (ə.s) etdiyi yaxşılığa görə qalacağı ev, iş və həyat yoldaşı qazanır. Təbii ki, o, etdiyi yaxşılığın qarşılığının belə olacağını bilmirdi. Allah üçün yaxşılıq etdi. Allah da onun qarşılığını verdi. Bu, yaxşılığın kiçik bir kəpənək effektidir.
Bütün yaxşılıqların bu dünyada və axirətdə qarşılığı var. Buna görə də daim insanlara yaxşılıq etmək əsas məqsədimiz olmalıdır.
ŞƏRHLƏR