Həddini aşma!
Günlərin bir günü Hz. Peyğəmbərin (s.ə.s) həyat tərzini hərtərəfli özlərinə nümunə götürməyə çalışan üç səhabə gecə və gündüz etdiyi nafilə ibadətlərini öyrənmək məqsədi ilə evinə üz tutur. Onlara Hz. Peyğəmbərin (s.ə.s) camaatla bərabər əda etdiyi fərz ibadətlərdən başqa öz evində ikən Rəbbinə necə qulluq etdiyi, ibadətləri ona necə ərz etdiyi maraqlı idi. Səhabələr inananlara nümunə olması baxımından -ailə həyatı daxil- heç bir məlumatı gizlətməyən ümmətin analarından Hz. Peyğəmbərin (s.ə.s) ibadətləri barəsində geniş məlumat əldə etdilər. Bu bilgilər çərçivəsində öz-özlərinə “Peyğəmbər (s.ə.s) hara, biz hara? Şübhəsiz ki, Allah Onun (s.ə.s) keçmiş və gələcək bütün günahlarını bağışlayıb. Buna baxmayaraq hələ də bu qədər ibadətlə məşğul olur”, - deyərək etdikləri ibadətlərin özləri üçün kifayət etməyəcəyi qərarına gəlirlər. Onlardan biri belə deyir: “Bundan belə mən artıq bütün gecələri namaz qılmaqla məşğul olacağam”. Digəri: “Mən hər gün oruc tutacağam” və üçüncüsü də: “Mən artıq qadınlardan uzaqlaşıb evlənməyəcəyəm. Qadınlarla vaxt keçirməyəcəyəm və ibadətlə məşğul olacağam”, - deyir. Bunu eşidən Hz. Peyğəmbər (s.ə.s) əsəbiləşir və onlara: “Şübhəsiz ki, insanlar arasında Allahdan ən çox qorxan və çəkinəniniz mənəm. Halbuki mən gecənin bir qismində nafilə namaz qılır, bir hissəsində isə yuxulayıram. Bəzi günlər (nafilə) oruc tutur, bəzi günlərdə isə tutmuram. Xanımlarımla da lazımi qədər vaxt keçirirəm. Bu mənim sünnəmdir. Kim sünnəmdən üz döndərsə, o məndən deyildir!” (Buxari, Nikah, 1) - deyərək seçmək istədikləri ibadət tərzini tənqid edir, mötədilliyə dəvət edir.
Hədisdən başa düşdüyümüzə görə rahatlıqla deyə bilərik ki, İslam hər kəsin yaşaya biləcəyi qədər asan bir dindir. Onda insanların öhdəsindən gələ bilməyəcəkləri heç bir hökm yoxdur. İslamda hər şey etidallı bir şəkildədir, ifrat və təfrit yoxdur. Məhz buna görə Hz. Peyğəmbər (s.ə.s) bütün malını sədəqə vermək istəyənə mane olur və ona bir qismini sədəqə verməyi tövsiyə edir, bir gündə Quranı xətm etmək istəyənə icazə vermir, taqətdən düşənə qədər namaz qılmaq istəyənə mane olur. Odur ki, dini Hz. Peyğəmbərin (s.ə.s) yaşayaraq bizə göstərdiyi şəkildə yaşamaq məcburiyyətindəyik. “Ey insanlar! Orta yolu tutun!” (İbn Macə, Zöhd, 28) – deyərək ibadətlərimizi və həyatımızı tarazlamağı tövsiyə edir, Hz. Peyğəmbər (s.ə.s). Onun göstərdiyi ölçülərə əlavə etmək də, azaltmaq da düzgün qəbul edilmir.
İslam dini hər haqq sahibinə haqqının verilməsini əmr edir. Bu baxımdan bədənimizin bizim üzərimizdə haqqı var. Onu lazımsız və artıq yüklə yükləmək, yormaq münasib davranış kimi qəbul edilmir. Ailəmizin bizim üzərimizdə haqqı var. Onlara kifayət qədər vaxt ayırmamaq onların haqqına girmək mənasına gəlir. Qul haqqı da Allahın bağışlamadığı günahlardan biridir. Məhz buna görə də, hər kəsin və hər şeyin haqqı lazımi qədər verilməlidir.
İctimai həyatda da Hz. Peyğəmbər (s.ə.s) həmişə etidallı davranmağı tövsiyə etmişdir. Məsələn, geyimdə çox lüks və eyni zamanda çox pinti geyinməyi qadağan etdiyi kimi, yemək yeyərkən də həddindən artıq çox yeməkdən çəkindirir. Məclis və mətbəxlərimizdəki israfın qarşısını almağın yeganə yolu İslam dinindəki etidallılıq anlayışını formalaşdırmaqdan keçir.
Allahın dərgahında dəyərli olmaq üçün çox ibadət etmək yox, keyfiyyətli və xüşu ilə ibadət etmək əsasdır. Hz. Peyğəmbərin (s.ə.s) tövsiyələrini məqsədinə müvafiq formada yerinə yetirmək təqva əhli olmaq üçün kifayətdir. Unutmayaq ki, İslam Allahın razılığına uyğun tərzdə keçirilən həyatın hər anını ibadət kimi qəbul edir. Bu da hər şeydə etidala diqqət etməklə əldə edilir. Uca Allah Qurani-Kərimdə: “Beləliklə, Biz sizi orta bir ümmət etdik...” (əl-Bəqərə, 143) buyuraraq mötədilliyə diqqət çəkir.
Bəşər övladı maddə ilə məna, bədən ilə ruh, dünya ilə axirət tarazlığını mühafizə etdiyi müddət xoşbəxt olacaqdır. Dünyada sülh və əmin-amanlıq ancaq ilahi tarazlığı qorumaqla mümkündür. Alış-veriş, yemək-içmək, geyinib-kecinmək, danışmaq, yazmaq və əlbəttə, dini məsələlərdə uclara qərq olmaq insana və cəmiyyətə zərər verəcəkdir. Günümüzdə dünyada hökm sürən istehlak çılğınlığından, radikal anlayışdan qurtulmanın ən əsas yolu İslamın etidallılıq prinsipini yaşatmaq və bu yolda maarifləndirmə işləri aparmaqla mümkündür. Hikmət əhlinin də dediyi kimi: “İşlərin ən xeyirlisi orta (həddində) olandır”.
ŞƏRHLƏR