HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 16
Hüdayi həzrətləri buyurur:
Qo kəşfü kəramatı,
Keç cümlə məqamatı,
Qəsd et bulagör Zatı,
Gəl Hu deyəlim, Hu!..
Təsəvvüfün qayəsi Haqq-Təalaya yaxın qul ola bilmək və Onun dostluğunu qazanmaqdır. Təsəvvüfdən məqsəd əsla zühurat, sünuhat, ilham, kəşf və kəramət kimi halları yaşamaq deyil. Yaşanan bu kimi hallar bəzən seyri-süluk əsnasında müşahidə olunan bir sıra təcəllilərdir. Lakin bütün bunlar əsla təsəvvüfi tərbiyənin məqsədi ola bilməz. Hüdayi həzrətlərinin ifadəsi ilə desək, “məqsədi-əqsa”, yəni “ən ali məqsəd” yalnız Allah-Təaladır.
Ona görə də əsl təsəvvüf:
- Nəfsani hisslərdən uzaqlaşaraq ruhaniyyəti inkişaf etdirmək,
- Hər dəm ilahi hüzurda olduğunu hiss etmək,
- İnsanın daimi zikr nəticəsində qəlbən Allahla bərabər olması üçün girdiyi mənəvi tərbiyə yoludur.
Əsl təsəvvüf Quran və Sünnədə xəbər verilən tövhid, ixlas, ehsan, zöhd, istiğna, təqva, xüşu, riza, xovf və rəca kimi qəlbi əməllərin necə gerçəkləşəcəyini; bunun müqabilində təkəbbür, riya, ucüb, qəflət, ehtiras, həsəd kimi nəfsani mərəzlərdən necə qurtulacağını öyrədən mənəvi məktəbdir. Yoxsa sadəcə riyazət və mücahidə kimi bir sıra təmrinlərlə kəşf və kəramətə nail olma təlimi deyil.
Kəramət iki cürdür:
- Mənəvi kəramət: İman, əxlaq, ibadət, elm, irfan və təqvada məsafə qət edib mənəvi səviyyə qazanaraq “فَاسْتَقِمْ كَمَآ اُمِرْتَ” “Əmr olunduğun kimi dosdoğru ol!..” (Hud, 112) ayeyi-kəriməsinin şümulundan pay çıxarmaqdır. Yəni Quran və Sünnə istiqamətində ömür sürməkdir.
- Kövni və surətə bağlı kəramət: Tayyi-məkan, olmayan bir əşyanı göz önünə gətirmək, vəhşi heyvanları işlətmək kimi maddə aləmində meydana gələn, lakin təbiət qanunları ilə izah edilməsi mümkün olmayan fövqəladə hallardır.
Gerçək təsəvvüf əhli kövni və surətə bağlı kəramətlərə çox etibar etməz. Zatən belə bir kəramətin izhar edilməsi Allaha yaxın qul olmağın şərtlərindən deyil.
Necə ki, bir çox rəvayətdə[1] peyğəmbərlərdən sonra insanların ən xeyirlisi olduğu bildirilən Həzrət Əbu Bəkr t-ın da fiziki və kövni kəramətinə dair bir o qədər məlumat yoxdur. Onun ən böyük kəraməti Allah Rəsuluna olan misilsiz məhəbbəti, sarsılmaz sədaqəti, müstəsna təslimiyyət və itaətidir.
Onun yaxınlıq, məhəbbət və təslimiyyəti müqabilində Rəsulullah r də vəfatı əsnasında:
“Bütün qapılar bağlansın, yalnız Əbu Bəkrin qapısı qalsın!” - buyurmuşdur. (Buxari, Fəzailul-əshab 3, Məsacid, 80)
Ona görə də əhlullahın nəzərində əsas kəramət Quran və Sünnə istiqamətində yaşamaqdır.
İnsanlar hər nə qədər kövni kəramətlərə daha çox rəğbət göstərsə də, əslində məqbul olan mənəvi kəramət, yəni istiqamətdir. İstiqamət üzrə olmayan bir adamın bütün səyləri əbəs və bihudədir.
Mövlana Xalid Bağdadi həzrətləri belə buyurur:
“İstiqamət və səy saysız kəşf və kəramətdən daha fəzilətlidir. Onu da bilmək lazımdır ki, kəşf və kəramət dinin əmrlərinə riayəti artırmırsa, bəla və fitnədən başqa bir şey deyil”.
Bu xüsusda Allah-Təalanın ismi-əzəmi öyrətdiyi, bir çox kəramət verdiyi Bəlam bin Bəuranın həzin aqibəti ibrətamizdir.
Vaxtilə o, israiloğulları içərisində alim və vəli kimi tanınırdı. Lakin Qurani-Kərimdə bildirildiyi kimi, sonradan nəfsinə uyaraq dünyaya aldandı və ali məqamını itirdi, hətta imansız biri kimi öldü.[2]
Deməli, insan hansı mənəvi dərəcədə olmasına baxmayaraq bu halını mühafizə edib-etməyəcəyi xüsusunda əsla əmin ola bilməz. Ona görə hər bir möminin son nəfəsinə qədər xovf və rəca arasında, yəni ilahi qəzəbə düçar olma qorxusu və ilahi rəhmətə nail olma ümidi içində olması vacibdir.
Kəşf və kəramət əhli həqiqi vəlilər sahib olduqları yüksək hal və məqamları səbəbi ilə əsla özlərini əbədi qurtuluşa qovuşmuş kimi görməzlər. Əksinə, son nəfəsi imanla verib-verməyəcəkləri qorxusu ilə heçlik, yoxluq və acizlik duyğuları ilə Allaha sığınaraq ömür sürərlər.
Hüdayi həzrətləri buyurur:
“Mürid xəlvətə,[3] kövni kəramət və bəzi ilahi sirlərdən agah olmaq arzusu ilə deyil, qədim[4] olan nuri-ilahinin zühuru və vəchi-Baqinin[5] müşahidəsi üçün girməlidir”.[6]
Yuxarıda ifadə etdiyimiz kimi, təsəvvüf istiqamət üzrə qulluq həyatı yaşayaraq Haqq-Təalanın riza, məhəbbət və yaxınlığına nail olma cəhd və səyindən ibarətdir.
Çünki könüllər Allaha yaxınlaşdıqca nəfsani arzular gözdən və könüldən düşər, dünyəvi ləzzətlər qiymətini itirərək çınqıl qədər dəyərsiz olar. İnsan Allaha yaxınlığın könül vəcdini yaşayarsa, bütün ibadətlər və qulluğun vacib qıldığı əməllər tərifsiz ləzzət halını alar. Bu şəkildə eşq ilə yaşanan iman insan üçün yorğunluq yox, hüzur və xoşbəxtlik qaynağı olar.
Məhz təsəvvüf də qulluğu belə bir yüksək vəcd, istiğraq, feyz və ruhaniyyət içində, Allaha yaxınlığın mənəvi həzzini dadaraq yaşamaq cəhdidir.
Bu səbəblə təsəvvüf yoluna girən gerçək müridin qayəsi səbəblər aləminin şərtləri xaricində baş verən bir sıra fövqəltəbii hadisələrə şahid olmaq deyil. Səmimi müridin qayəsi qəlbinin ilahi nurlarla əhya olması və bunun nəticəsində Allah-Təalanın camalını seyr etmə bəxtiyarlığına nail olacaq saleh və sadiq bəndələr zümrəsinə girə bilməkdir.
Məsələn, seyri-süluk əsnasında, xüsusilə də nəfsi-mülhəmə mərtəbəsində olan bəzi müridlər müəyyən zühurat, sünuhat və ilhamlarla qarşılaşa bilərlər. Bəzən də elə olar ki, beyin danışar, mürid isə bunu gerçək zənn edər. Bu zənn səbəbi ilə də qəlbində ucüb halı meydana gələr. Məhz bu nöqtədə müridi haqqa və xeyrə istiqamətləndirəcək mürşidə ehtiyac var.
Dolayısı ilə təsəvvüf hər şeydən əvvəl qəlbin islah və əhya cəhdidir. Bu olmadıqdan sonra bir adam səhər-axşam kəramət də göstərsə, heç bir qiyməti olmaz. Bu kimi adamlarda müşahidə olunan fövqəladə hallar da kəramət deyil, istidracdır.
İstidrac: kəramətin əksinə, kafir, fasiq və saxta şeyxlərdən zühur edən, övliyanın kəramətinə bənzər qeyri-təbii və fövqəladə hallardır.
Bu kimi fövqəladə halların kəramətdən fərqini ayırd etmək elm və irfan işidir. Lakin söyləyə bilərik ki, bu kimi halların zühur etdiyi insanlar həyatlarını təqva ölçülərinə görə yaşamazlar. Bu kimi insanlar Rəsulullah r -in sünnələrinə bağlılıq xüsusunda bir çox nöqsanlara yol verərlər. Dini məsələlərdə etimad edəcəyimiz kəslərdə arayacağımız ilk şərt məhz bu olmalıdır.
Əbul-Aliyə t-ın bu ifadələri bəhs etdiyimiz xüsusa gözəl bir misaldır:
“Biz hədis öyrənmək üçün bir adamın yanına getdikdə əvvəlcə onun namazı necə qıldığına baxardıq. Əgər namazını gözəl qılarsa, “digər işlərini də gözəl yerinə yetirər” deyərək yanına yaxınlaşardıq. Namazı qənaətbəxş deyilsə, “digər işlərini də pis görər” deyərək yanından uzaqlaşardıq”. (Darimi, Müqəddimə, 38/429)
Xülasə, bir adamın ibadətdə, müamilələrdə, etiqadda, əxlaqda, xüsusilə sünnəyə tabe olmasında qüsurlar varsa, ona etibar etməmək lazımdır. Çünki bu hallar təqva nöqsanlığının ən bariz əlamətidir.
Necə ki, Cüneyd Bağdadi g bu xüsusda belə buyurmuşdur:
“Bir adamın havada uçduğunu görsəniz, halı Kitab və Sünnəyə uyğun gəlmirsə, bu, istidracdan başqa bir şey deyil”.
Bəyazid Bəstami həzrətləri də:
“Kəramət verilmiş, hətta havada bardaş qurub oturan birini görsəniz, əsla bu halına aldanmayın! İlahi əmr və qadağalara riayət edib-etmədiyinə, şəriətin hökmlərini layiqincə əda edib-etmədiyinə baxın!” – buyurur.
Yusuf Həmədani həzrətlərinin bu xəbərdarlığı da çox mənalıdır:
“Din və şəriət yolunda olmayan bir adam gündə min dəfə kəramət göstərsə də, şeytana uymuş sayılır. Sünnəyə zidd olan bir şeyə etiqad edən kəs dünyanın elmini əzbərləsə də, bütün səyləri yalnız onun üçün yorğunluqdan ibarətdir”.
Mövlana həzrətlərinin nəql etdiyi bu qissə mömin üçün mühüm olan xüsusun kəşf və kəramət axtarışında olmaq deyil, istiqamət üzrə qulluq olduğunu necə də gözəl xülasə edir:
“Bir gün Həzrət İsa u bir adamla səfərə çıxmışdı. Birlikdə gedərkən həmin adam yol kənarında sümüklər görür və Həzrət İsaya yalvarmağa başlayır:
- Nə olar, ya İsa! Bildiyin ismi-əzəmi mənə öyrət, bu sümükləri dirildim.
Həzrət İsa belə cavab verir:
- O iş sənin karın deyil. İsmi-əzəmi oxuyub ölünü diriltmək üçün nəfəsin yağan yağışdan təmiz olmalı, özün də qulluqda mələklərdən daha öndə olmalısan. İsmi-əzəm (haram və şübhəli loğmanın keçmədiyi) pak dil və (Allahdan uzaqlaşdıran hər şeydən təmizlənmiş) qəlb istər. Yəni elə bir kəs ki, nəfsi haram ilə bəslənməsin və mələklər kimi üsyandan və günahdan pak olsun. Çünki bir adamın nəfsi pak olmazsa, duası məqbul olmaz!..
Məsələn, fərz edək ki, Həzrət Musanın əsasını əlində tutmusan. Amma Musadakı güc-qüvvət səndə varmı ki, onu əjdahaya çevirə biləsən?
Eynilə bunun kimi, səndə İsanın nəfəsi olmadıqdan sonra ismi-əzəmi oxumağın nə faydası ola bilər?
Lakin qafil yenə israrla:
- Ya İsa! Bu qabiliyyət məndə yoxdursa, heç olmasa bu sümüklərə sən oxu! - dedi.
Həzrət İsa u bu axmaq adamın sözünə təəccüblə:
“Ya Rəbb! Bu sirrin hikməti nədir? Bu axmağın bu qədər israr etməsinin səbəbi nədir? Öz qəlbi ölü olduğu halda başqasının cəsədini diriltməyə çalışır! Halbuki onun vəzifəsi ölü olan qəlbini diriltməkdir. Öz qəlbini diriltmək üçün dua edəcəyi yerdə torpağa qarışan bu sümükləri diriltməyə çalışır. Bu nə qəflətdir!” - deyərək heyrətini ifadə edir.
Bu kimi səbəblərə görə Allah dostları fiziki kəramətlərə əhəmiyyət verməzlər. Hətta nəfslərinin qürur, təkəbbür və şöhrət duyğularına qapılmasına və qəlblərinin istiqamətdən uzaqlaşmasına səbəb ola biləcək bu cür kəramətləri ifşa etməməyə xüsusi diqqət göstərərlər. Bütün cəhdlərini əsl kəramət sayılan Quran və Sünnə istiqamətində yaşaya bilmək üzərinə cəmləşdirərlər.
Bəyazid Bəstami həzrətlərinin belə dediyi nəql olunur:
“Bir gün Dəclə çayının qarşı sahilinə keçəcəkdim. Çayın hər iki sahili mənə yol vermək üçün birləşdi. Tez özümü ələ alıb Dəcləyə səsləndim:
- And olsun ki, buna aldanmaram! Qayıqçılar adamı qarşı tərəfə yarım axçaya keçirirlər. Yarım axça üçün otuz illik ömrümü (yəni otuz ildən bəri məhşər üçün hazırladığım saleh əməllərimi) hədər edə bilmərəm. Mənə Kərim lazımdır, kəramət yox!”.[7]
Hüdayi həzrətləri buyurur:
“Məlumdur ki, insan dilinin cirmi[8] kiçik, amma cürmü[9] (böyük və) günahı çoxdur. Dilin cürm və günahından ancaq əzimət[10] sahibi olanlar qurtula bilər…”[11]
İnsanı səadətə də, fəlakətə də aparan ağzından çıxan sözlərdir. Ağzımıza girən loğmaların halal-haram və şübhəli olub-olmadığına diqqət etdiyimiz kimi, ağzımızdan çıxan sözlərin də xeyrə, yoxsa şərə vəsilə olacağını düşünüb ona görə ya danışmalı, yaxud da susmağa üstünlük verməliyik. Çünki insan danışdığı hər sözdən məsuldur.
Ayeyi-kərimədə bu barədə belə buyurulur:
“O nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar)”. (Qaf, 18)
“Həqiqətən, sizə nəzarət edən mələklər vardır; əməllərinizi yazan möhtərəm (mələklər)! Onlar sizin etdiklərinizi bilirlər”. (əl-İnfitar, 10-12)
Yəni mömin olan kəs eynilə işlədiyi əməlləri kimi, söylədiyi sözlərin də daima yazıldığını unutmamalıdır.
Bu hadisə nə qədər ibrətlidir:
Səhabədən Muaz bin Cəbəl t Hz. Peyğəmbərdən hansı əməlin daha xeyirli olduğunu soruşmuş və Rəsulullah r bu xüsusda cihad, oruc, zəkat kimi bir çox saleh əməli saymışdı. Lakin hər səfərində də:
“İnsanlar üçün bundan daha xeyirli olanı var”, - buyurmuşdu.
Muaz t:
- Atam-anam Sənə fəda olsun, insanlar üçün bunlardan daha xeyirli olan nədir? – deyə soruşduqda Peyğəmbərimiz r ağzını göstərərək :
- Xeyir söyləməyəcəksə, susmaq! - buyurdu.
Muaz t:
- Danışdıqlarımıza görə də hesaba çəkiləcəyik? – deyə heyrətlə soruşdu.
Rəsulullah r xəfif şəkildə Muazın dizinə toxunaraq belə buyurdu:
- Allah xeyrini versin, ey Muaz! İnsanları üzü üstə cəhənnəmə sürükləyən dillərindən çıxanlar deyil, bəs nədir?!
Kim Allaha və axirət gününə inanırsa, ya xeyirli söz söyləsin, yaxud da sussun, zərərli söz söyləməsin!
Siz xeyirli söz söyləyərək karlı çıxın, zərərli söz söyləməyin ki, rahatlıq tapıb hüzura qovuşasınız”. (Bax. Hakim, IV, 319/7774)
Möminin ağzından çıxan sözlərə nə qədər diqqət etməli olduğu xüsusunda bu hədisi-şərif də diqqət çəkicidir:
“Qul Allahın xoşuna gələn bir söz söyləyər, lakin onunla Allahın rizasını qazanacağı heç ağlına da gəlməz. Halbuki Allah həmin sözünə görə Ona qovuşacağı qiyamət gününə qədər həmin adamdan razı olar.
Həmçinin bir qul da Allahın qəzəbini cəlb edən bir söz söyləyər, lakin həmin sözün onu Allahın qəzəbinə düçar edəcəyini fikirləşməz. Halbuki Allah həmin adama söylədiyi pis sözünə görə Ona qovuşacağı qiyamət gününə qədər qəzəb edər”. (Tirmizi, Zöhd, 12; İbn Macə, Fitən, 12)
Bir çox adam dili ilə etdiklərini əli ilə etdikləri qədər mühüm saymaz. Halbuki çox vaxt söylənən pis bir sözün qəlblərdə açdığı yaranı başqa heç nə aça bilməz. Ona görə də “dilin sümüyü yoxdur” bəhanəsini əldə bayraq edib zərəri dəf edilməyəcək sözlər söyləmək ağır vəbaldır.
Xülasə, Haqq-Təalanın bizdən murad etdiyi dil və danışıq ədəbini Qurani-Kərim və Sünneyi-Səniyyədən öyrənib həssas ölçülərlə həyatımıza tətbiq etməliyik.
Daima dilimizdən suyun xoş axışı kimi ruhlara sərinlik verən inci tək sözlər çıxmalıdır.
Sözlərimiz qəlblərə batan tikan olmamalıdır. Yıxıcı deyil, islahedici üslubda danışmalıyıq.
Hüdayi həzrətləri buyurur:
“Söz söyləmək yalnız Haqq-Təalanın əmr etdiyi, Allahın ləfz və məna baxımından xətaya düşməkdən qoruduğu yerlərdə və sözlərini insanların islahına sərf edən peyğəmbərlər, vəlilər və möminlərdən saleh alimlər üçün caizdir.
Avama, yəni sıravi insanlara ibadət və itaətlə məşğuliyyət düşər. Onların ilahi sifətlərə və din işlərinin sirlərinə dair sualları saraydakı at baxıcısının şaha dövlət işləri ilə əlaqəli sual vermələrinə bənzəyər…
Onların bu məsələlərdə susaraq dillərinə sahib olmaları ən mühüm xüsuslardandır. Çünki susmağı seçmək günah və xətaya düşməkdən uzaq və hüzurlu yoldur…”[12]
İnsan vaqif olmadığı xüsuslarda danışmamalı, həddini bilməlidir. Bələd olmadığı mənəvi mərtəbələr haqqında iddialı ifadələr işlətməkdən çəkinməli, bu xüsusda diqqətli olmalıdır.
Seyri-süluk yolunda mübtədilərin, yəni yolun başındakıların müntəhilər, yəni yolun sonuna yaxınlaşanlar kimi davranması və sahib olmadıqları hal və məqamlara aid sözlər söyləməsi son dərəcə təhlükəlidir.
Məsələn, gözündə həyatın kədər və sevinci eyni hala gələn raziyyə mərtəbəsindəki ali şəxsiyyətlərin haləti-ruhiyyəsinə tərcüman olan bu misralar məşhurdur:
Xoşdur mənə Səndən gələn,
Ya qönçə gül, yaxud tikan!
Ya xil`ətü, yaxud kəfən,
Qəhrin də xoş, lütfün də xoş!
Dilə asan gəlsə də, yaşanması həddən artıq çətin olan bu kimi sözləri mənəvi kamilliyə çatmadan söyləmək həddən artıq təhlükəlidir. Çünki belə olan təqdirdə bu kimi ifadələr iddia mahiyyəti daşıdığı üçün Allah-Təala qulunun söylədiyi bu sözlərdə səmimi olub-olmadığını imtahan edərsə, bir çoxlarının bu kimi sözlərin altında əzilib qalması ehtimalı böyükdür.
Bu səbəblə Mövlana həzrətləri lüzumsuz və mənasız sözlərdən uzaq olmağın vacibliyini ifadə edərək: “Sözün masqarası olma!” deyə xəbərdarlıq etmişdir.
Həmçinin Mövlana həzrətlərinin bu ifadələri də nə qədər mənalıdır:
“Allah yolunda atəşə atılmaq da var. Lakin atəşə atılmadan əvvəl səndə İbrahimlik olub-olmadığını araşdır! Çünki atəş səni deyil, İbrahimləri tanıyır və yalnız onları yandırmaz!..”
Yəni qəlb nöqteyi-nəzərindən xam və nöqsanlı birinin anlıq cuşa gələrək məna səmasının ulduz şəxsiyyətlərində müşahidə olunan müstəsna hal və davranışları süni və səmimiyyətsizliklə təqlid etməyə can atması mənən zərər görməsinə səbəb ola bilər.
Mənəvi zirvələrə yüksələn Haqq dostları belə daima təvazökarlıq göstərmiş və heçlik şüurunu qorumuşlar. Hər nə qədər yüksək hal və məqamlara çatsalar da, bunu ifşa etməkdən çəkinmişlər.
Buradan nəticə çıxaran hər bir mömin maddi və mənəvi hər xüsusda əvvəlcə həddini bilməlidir. Ariflər necə də gözəl deyir: “Kişinin öz nöqsanını bilməsi kimi irfan olmaz!”.
Digər tərəfdən, Allah-Təala insana məhdud ağıl vermişdir. Gözün görmə, qulağın eşitmə sərhədi olduğu kimi ağılın da bir idrak hüdudu var. Haqq-Təala bu sərhədlərin arxasında gizli olan qeybə dair həqiqətlərə qəlbən təslim olmamızı əmr etmişdir.
Məsələn, qədər sirrini ağılla dərk etmək mümkün deyil. Çünki qədəri tamamilə qavramaq ağıl tərəzisinin qaldıra biləcəyi yük deyil. Ona görə də Allah Rəsulu r qədərə iman etməklə kifayətlənməmizi əmr etmiş, bu xüsusda yersiz münaqişə və mübahisələri yasaqlamışdır. Qədər haqqında münaqişə edən bir qrupla qarşılaşdıqda onlara belə buyurmuşdur:
“Siz bununlamı əmr olunmusunuz? Olmaya mən sizə bunun üçün göndərildim? Sizdən əvvəlkilər bu məsələdə müzakirə etdikləri üçün həlak oldular. Əsla bu mövzuda münaqişə etməyin!”. (Tirmizi, Qədər, 1/2133)
İmam Övzai g belə deyir:
“Allah bir topluma şər murad edərsə, onlara gərəksiz yerdə cidal (mübahisə) qapısı açar və onları saleh əməllərdən uzaqlaşdırar”.
Bir sözlə, insanın cüzi iradəsi xaricində qaldığı üçün məsul olmadığı, bilmədiyi və ya onu əlaqədar etməyən məsələlərdə susması söz söyləməsindən daha xeyirlidir. Hədisi-şərifdə də belə buyurulmuşdur:
“İnsanın özünə aid olmayan şeyləri tərk etməsi müsəlmanlığının gözəl olduğuna dəlalət edər”. (Tirmizi, Zöhd, 11)
Unutmayaq ki, qiyamət günü dünya həyatımızda işlədiyimiz əməllərdən hesaba çəkiləcəyimiz kimi, ağzımızdan çıxan bütün sözlərin də hesabını verəcəyik. Rəsulullah r -in bu bəyanını da özümüzə həyat düsturu etməliyik:
“Adəm oğlunun yaxşılığı tövsiyə edib pislikdən çəkindirməsi və ya Allah-Təalanın zikri[13] xaric, bütün sözləri əleyhinədir, lehinə deyil”. (Tirmizi, Zöhd, 63/2412)
Allah-Təala hər birimizə rizası istiqamətində qulluq həyatı yaşamağı nəsib etsin.
Amin!..
[1] Bax. Əli əl-Müttəqi, Kənzul-Ummal, XI, 549/32578; İbn Macə, Müqəddimə, 11/106; Əhməd, I, 127, II, 26.
[2] Bax. əl-Əraf, 176.
[3] Xəlvət: ibadət, riyazət, mücahidə, zikr və müraqibə məqsədi ilə təkbaşına bir hücrəyə qapanaraq çiləyə girmək.
[4] Qədim: əzəli, əvvəli olmayan.
[5] Vəchi Baqi: Allahın zatı, camalullah.
[6] İlim, Amel, Seyru-Süluk, (Hazırlayan: Prof. Dr. H. Kamil Yılmaz) s. 177, Erkam Yayınları, İstanbul 2015.
[7] Bax. Attar, Tezkiretul-Evliya, s. 217, İlim ve Kültür Yayınları, Bursa 1984.
[8] Cirm: həcm, ölçü, cüssə.
[9] Cürm: günah, qəbahət.
[10] Əzimət sahibi olmaq Allahın əmr və qadağalarına zərurət halları xaricində mütləq surətdə riayət etməkdir. Rüxsət və güzəştlərə meyil etməyib, dinin əsas hökmlərini asan-çətin ayrı-seçkiliyi etmədən bütünlüklə əda etməyə çalışmaqdır.
[11] İlim, Amel, Seyru-Süluk, (Hazırlayan: Prof. Dr. H. Kamil Yılmaz) sf. 118, Erkam Yayınları, İstanbul 2015.
[12] Bax. İlim, Amel, Seyru-Süluk, (Hazırlayan: Prof. Dr. H. Kamil Yılmaz) sf. 121-122, Erkam Yayınları, İstanbul 2015.
[13] Zikr, ləfzətullahın təkcə dil ilə təkrarından ibarət deyil. Zikrin, bəlkə də, ən kamil təzahürü gözün gördüyü hər şeydə qəlbin Haqq-Təalanı xatırlaması, beləliklə, qəlbin hər an Allaha ilə bərabər olmasıdır.
ŞƏRHLƏR