Müəllimlərimizlə baş-başa (kitab təqdimatı)

Müəllimlərimizlə baş-başa

Müəllimlik bir könül işi və könülləri alovlandıran sevgi və məhəbbət atəşidir. Bu alov könüllərə özbaşına düşmür. Onu könlümüzə salan və bizi bu mübarək peşə ilə şərəfləndirən Biri var...

Bəli, sizə təqdim etdiyimiz Prof. Dr. Mehmet Yaşar Kandemir tərəfindən qələmə alınan “Müəllimlərimizlə baş-başa” kitabı bu sətirlərlə başlayır. “Mən də müəllim olaraq göndərildim”[1] - buyuran Peyğəmbərimizə (s.ə.s) vurğu edərək: “Müəllimlik peyğəmbər məsləyidir”, - deyə davam edir...

Bütün peyğəmbərlər bir ömür boyu vəzifələrini icra edərək insanlara Allahın dinini, haqqı, həqiqəti öyrətdilər. Onları səhvlərdən qoruyaraq doğru yola yönəltməyə çalışdılar. Onların vəfatından sonra bu vəzifəni alimlər, yəni müəllimlər daşıdılar.

Müəllimlərin peyğəmbər varisi olduğunu söyləyən Rəsuli-əkrəm (s.ə.s) peyğəmbərlərin qızıl və gümüş kimi maddi şeyləri deyil, məhz elmi miras qoyduqlarına işarə edir. Sonra isə səmada və yerdə olan bütün varlıq aləminin, hətta suyun içindəki balıqların belə onu bağışlaması üçün Allaha dua etdiklərini açıqlayır.[2]

Müəllif burada müəllimin ilahi əmrləri şagirdlərə öyrətdiyi üçün dəyərini, qiymətini bildirir. Onu əlinə belə nadir bir imkan və fürsət verilmiş bəxtəvər insan kimi qeyd edir. Bu mübarək vəzifəni ona bəxş edən Allaha nə qədər şükür etsə belə, az olacağını vurğulayır...

Bu qiymətli əsər iki bölmədən ibarətdir. Birinci bölmədə “Müəllimin əsas xüsusiyyətləri” başlığı altında müəllim və müəllimliklə bağlı mövzular ən gözəl şəkildə oxucuya izah olunur. Burada müəllif müəllimin elmi, hədəfləri, şagirdlərlə olan münasibəti və müəllimin mənəvi məsuliyyəti ilə bağlı xüsusiyyətləri ələ alaraq əsl müəllim modelini formalaşdıran əsas xarakterik cəhətləri başa salmağa çalışır. Bu cür xarakterə sahib bir müəllimin bu ümmətin, bu dinin və bu vətənin gələcəyi olan gənclərin yoluna işıq tutacağını, dinini və millətini sevən, əcdadı ilə fəxr edən gənclər yetişdirəcəyini qeyd edir. Onun belə bir müqəddəs vəzifəni yerinə yetirdiyi üçün bu millətin qəlbində unudulmaz, şərəfli izlər qoyacağını bildirir...

İkinci bölmədə “Uğurlu müəllim olmağın yolları” haqqında müəllimlər üçün gözəl nümunələr verilir. Müəllif burada müəllimlərə davranışları, hal və hərəkətləri ilə necə, nə cür rəftar etmələri üçün yol göstərir, təlim-tərbiyə metodlarından geniş şəkildə bəhs edərək müəllimliyin incə sirlərini öyrədir, müəllimin emosional, duyğusal anlarına işıq tutur.

Əziz oxucular! Prof. Dr. Mehmet Yaşar Kandemirin bu kitabı onun müəllimlik dövrünün təcrübələrinə əsaslanaraq yazdığı çox qiymətli əsərdir. O, burada, pedaqoji həyatdakı təcrübələrindən meydana gələn fikirlərini, istedad, bacarıq və nailiyyətlərini bizimlə bölüşmək və öz dəyərli məsləhət və tövsiyələrini müəllim dostları ilə paylaşmaq istəmişdir.

Çünki müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən onlar gəlirlər. Buna görə də hər birimiz üçün müəllim doğma və əzizdir. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Bu baxımdan, Gəncliyə Yardım Fondunun dəstəyi ilə Azərbaycan türkcəsinə uyğunlaşdırdığımız və “İpəkyolu nəşriyyatı” tərəfindən nəşr olunaraq siz qiymətli oxuculara təqdim etdiyimiz “Müəllimlərimizlə baş-başa” kitabının müəllimlik fəaliyyəti ilə məşğul olanların faydalana biləcəyi ən yaxşı masaüstü kitabı olacağına inanırıq. Bu kitabdan sadəcə ilahiyyatçıların deyil, eyni zamanda sahəsindən, ixtisasından, rütbəsindən və kimliyindən asılı olmayaraq hamının istifadə edəcəyini düşünürük.

 

[1] İbn Macə, Müqəddimə, 17, 229; Darimi, Müqəddimə, 32, 361.

[2] Əbu Davud, Elm, 1, 3641; Tirmizi, Elm, 19, 2682.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz