Qəbir sualı

Qəbir sualı

Ölüm zamanı bədəni tərk edən ruhumuz qəbir səltənəti adlanan yeni bir aləmlə qarşılaşar. Ölüm mələyi Əzrayılı (əleyhissalam) ölüm anında görən insan bu yeni aləmdə sorğu-sual mələkləri ilə üzləşər. Möminin yaxşı əməlləri bu yeni həyatda onunla bir yerdə olar. Bu dünya məktəbində bəndəlik sınağına məruz qalan hər bir insan sayılı nəfəslərini tamamladıqdan sonra girəcəyi qəbirdə mütləq sorğu-sual olunacaqdır. Hətta qəbrə girməyən; odda yandırılan, suda boğulan, çöldə qurd-quş yeyən insanlar da bərzəx aləmində sorğu-sualdan keçərlər.

Hz. Peyğəmbər (s.ə.s) ölümündən sonra insanın hər şeyinin çürüyüb yox olacağını, ancaq “əcbuz-zənəb” deyilən, insanın quyruq hissəsindəki bir sümüyün istisna olduğunu bildirmiş, qiyamət qopduqdan sonra ikinci yaradılışın bu çürüməyən sümükdən toplanıb gerçəkləşəcəyini ifadə etmişdir. Bu məlumat hədisdə belə ifadə edilir: “İnsan bədəni tamamilə çürüyüb yox olar, əcbüz-zənəb istisna olmaqla. İnsanlar ondan yaradılar. Sonra Allah göydən bir su endirər, ölülər (qəbirlərindən) torpaqdan çıxan bir bitki kimi çıxarlar”. (Buxari, Təfsir, 39/3, 78/1; Müslim, Fitən, 141; İbn Macə, Zöhd, 32 )

Bəzi əqaid kitabları ümumiyyətlə ruhun qəbirdə cəsədinə dönəcəyini bildirir. Bu əqidə “Həqiqətən, ölü qəbrinə qoyulduğu vaxt onu gətirənlərin oradan ayrılarkən ayaqqabılarının səslərini çox yaxşı eşidər” (Müslim, Cənnət, 17) şəklində rəvayət edilən hədisə əsaslanır.

Ruhun bədənə qayıtması mövzusunda İslam alimlərinin fikirləri bir-birindən fərqlidir:

  1. Ruh qəbirdə cəsədə qayıdacaq.
  2. Cəsəddən ayrılan ruh qəbirdə yox, ancaq qiyamətdə bədənə qayıdacaq.
  3. Cəsəddən ayrılan ruh, artıq heç bir zaman cəsədə girməyəcək.

Əksər İslam alimləri ruhların qəbirdə cəsədlərinə dönəcəyini bildirən bəzi hədislərdən yola çıxaraq öldükdən sonra ruhun qəbirdə cəsədə dönəcəyini, lakin bu dönüşün dünyadakı bədənə həyat verməsi şəklində olmayacağını söyləmişlər. Qəbirdə ruhun cəsədlə əlaqəsi insan yuxuda ikən bədənlə əlaqəsinə bənzəyir. Yəni qəbirdə ruhun bədənə dönməsi, bədənlə bizim fərq edə bilməyəcəyimiz, bizim idrakımızın fövqündə bir əlaqə yaratmasıdır.

Ruh haqqında ayə və hədislər xaricində irəli sürülən bütün görüşlər həm qəbul oluna bilər və həm də rədd oluna bilər. Çünki bu barədə  dəqiq məlumat yoxdur. “Səndən ruh haqqında soruşurlar. De ki, ruh, rəbbimin əmrindəndir. Sizə ancaq bir az məlumat verilmişdir”, (əl-İsra, 85) - ayəsində ruh barəsindəki bilgilərin az olduğu və qeybi məlumatlar olduğu bildirilir. Çünki məlumat verilməyən mövzu tamamilə qeyb aləmi ilə əlaqəlidir və qeybə dair məlumatları da Allahdan başqa kimsənin bilməsi mümkün deyil.

Hədislərdə vəfat edən hər kəsdən “qəbir sualı” deyilən üç sualın soruşulacağı bildirilir. Bu sorğu-sual edən iki mələyin adı Münkər və Nəkirdir. Peyğəmbərimiz (s.ə.s) qəbir sualı verən mələklərə möminin necə cavab verəcəyini bu ayənin təfsiri ilə açıqlamışdır: “Allah iman gətirənləri möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) dünya həyatında da, axirətdə də möhkəmləndirər. Zalımları isə (zülmləri səbəbilə haqq yoldan) azdırar. Allah istədiyini edər”. (İbrahim, 27) Bu ayə qəbir əzabı (sualı) haqqında nazil olmuşdur. Belə ki, qəbirdəki ölüyə: "Rəbbin kimdir?"  - deyə soruşular. O da: “Rəbbim Allahdır, Peyğəmbərim Muhamməddir (s.ə.s)”, - deyə cavab verər. Ölən möminin cavabı: “Allah iman gətirənləri möhkəm bir sözlə dünya həyatında da, axirətdə də möhkəmləndirər (kəlmeyi-şəhadətlə sabitqədəm edər)”, -  ayəsində qəsd edilən ifadədir. Yəni axirətdə onu qoruyacaq, əzabdan mühafizə edəcək olan söz kəlmeyi-tövhid, kəlmeyi-şəhadətdir. (İbn Macə, Zöhd, 32; Buxari, Təfsir, Surə, 14)

Qəbir haqqındakı hədislərdən birində belə buyurulur:

“Qəbir axirət dayanacaqlarının ilkidir. Əgər insan həmin dayanacaqdan qurtularsa, növbəti dayanacaqları daha asan keçəcək. Bundan qurtula bilməzsə, sonrakıları keçmək daha çətin olacaq”. (Tirmizi, Zöhd, 5)

Həzrət Osmanın (r.a) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s) bir cənazə dəfn edildikdən sonra qəbrin yanında dayanıb belə buyurdu:

“Qardaşınız üçün bağışlanma diləyin və Allahdan ona müvəffəqiyyət istəyin. Çünki o, indi sorğu-sual edilir”. (Əbu Davud, Cənaiz, 69)

Bütün bu ayə və hədislərdən ortaya çıxan fikir budur: İnsan qəbirdə imandan hesab verər. Qiyamət günü isə saleh əməllərindən hesaba çəkilər. Gözəl əxlaqına və Allahın rizasına müvafiq davranışlarına görə Cənnət ilə mükafatlanar.

Uca Allah qəbirdən qalxma və məhşər meydanında toplanıb hesab vermə işinin həqiqətən gerçəkləşəcəyini möminlərin dilindən ifadə edərək bir ayədə belə buyurur: “Ey Rəbbimiz! Şübhəsiz, Sən, gələcəyində şübhə olmayan bir gündə insanları yığacaqsan. Şübhəsiz ki, Allah vədindən dönməz!” (Ali-İmran, 9)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz