Dində Orta Yol Tutmaq

Dində Orta Yol Tutmaq

İfrat - hansı mövzuda olursa olsun (əqidə, ibadət, gündəlik davranışlar, fikirlər) həddi aşmağa deyilir. İslam dini öz mənsublarına orta yol tutmağı, hər bir işdə mötədil olmağı tövsiyə etmişdir. Quran və sünnəyə nəzər saldığımızda mötədilliyə, orta yolu tutmağa çağıran bir çox ayə və hədislərə rast gəlirik. Məsələn, Qurani-Kərimdə israf, xəsislik və əlibərk olmaq qınanarkən, bununla yanaşı, xərcləyərkən, sədəqə verərkən və Allah yolunda nə isə bir şey sərf edərkən əli tamamilə açaraq saçıb-sovurmaq da yasaqlanmışdır. Bu iki naxoş vəziyyətdən kənar durmaq üçün orta yolu tutmaq əmr edilmişdir.

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun və həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir”. (Hud, 112)

Bu ayə nazil olduqdan sonra Allah Rəsulu (s.ə.s) saçlarının vaxtsız ağarmasına məhz bu ayənin səbəb olduğunu bildirmişdi. (Tirmizi, Təfsir, 56)

İmam Qəzzali (r.) yuxarıda qeyd olunan ayədə “əmr olunduğunuz kimi doğru yolda olun” ifadəsində nəzərdə tutulan məqsədin tarazlıq olduğunu bildirmiş, Allah Rəsulunun (s.ə.s) saçlarının ağarmasına səbəb olan halın haqq yolda getməyin, istiqamət üzrə olmağın çətinliyi olmadığını ifadə etmişdir. Çünki bu, Allah Rəsulu (s.ə.s) üçün çox asandır. Amma çətin olan xüsus haqq yolda gedərkən orta yolu, tarazlığı qorumaq, Allahın əmrlərində həddi aşmadan hökm verə bilməkdir. Məsələn, bir insan son dərəcə comərd xasiyyətli ola bilər, amma on manat verməsi lazım olan bir yerdə yüz manat verməsi və yaxud da heç nə verməməsi doğru olmaya bilər. Bəli, İmam Qəzzaliyə görə, Allah Rəsulunun (s.ə.s) saçlarını ağardan o hal, məhz orta yolu tutmaq və ədaləti qoruya bilməkdən qaynaqlanan çətinlik olmuşdur.

İnsanın öz həyatında orta yolu qoruya bilməsi, hələ-hələ mənəvi həyatında tarazlığı saxlaması, fikirlərində, insanlarla münasibətlərdə, ibadət həyatında, ailə həyatında, iş həyatında, bir sözlə, bütün davranışlarında orta yolu tutması heç də asan deyildir. İslama görə, dini həyatımızda orta yolu tutmağımızın vacib olduğu ən mühüm məsələ əqidə məsələsidir. Bu gün də şahidi olduğumuz kimi, inanclı insanların heç də hamısı öz əqidəsində sabit, mötədil qala bilmir. Görürsən ki, kimisi həddi aşıb öz inanclı qardaşlarını “təkfirlə” (kafir olmaqla), kimisi “bidətçi” olmaqla (dində yenilik çıxarmaqla), kimisi sufiliklə ittiham edir, kimisi də bir-birinə xoşagəlməz ləqəblər taxmaqla qul haqqına girir. Belə insanların bir çoxu özündən və özü kimi düşünənlərdən başqa heç kimi həqiqi müsəlman görməməkdədir. Bu, ifratın ən son həddidir. Allah qorusun, bu kimi düşüncə sahibləri həqiqi müsəlmanların canını, malını və namusunu özlərinə halal görmə qəflətinə düşürlər. Bunun dini və insani baxımdan nə qədər ifsad bir vəziyyət olduğunu deməyimə gərək yoxdur.

Orta yoldan uzaqlaşdıran bir digər xüsus isə ibadətlərdə həddi aşmaqdır.

Ənəs ibn Malikin (r.a) rəvayət etdiyinə görə, Allah Rəsulunun (s.ə.s) necə ibadət etdiyini öyrənmək üçün üç gənc səhabə onun xanımlarının yanına gedirlər. Allah Rəsulunun (s.ə.s) ibadətə necə aşiq olduğu xəbər verilincə, - Allah Rəsulu (s.ə.s) hara, biz hara? Onun keçmiş və gələcək xətaları bağışlanmışdır, - dedilər. Onlardan biri: “mən bütün gecələri həmişə namaz qılacağam”, digəri: “mən bütün il boyu oruc tutacağam”, üçüncüsü isə: “mən də heç vaxt evlənməyəcəyəm”, - dedi. Allah Rəsulu (s.ə.s) bunu eşitdikdə belə buyurdu: “Belə, belə danışanlar sizsinizmi? Xəbəriniz olsun ki, mən sizin içinizdə Allahdan ən çox qorxanınızam. Ancaq mən, bəzi günlər oruc tutur, bəzən tutmuram, gecələr namaz da qılıram, yatıb dincəlirəm də, qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən üz çevirərsə, o, məndən deyildir”. (Buxari, Nikah, 1)

Mötədil, orta yollu bir müsəlman olmaq üçün Uca Allahın kitabı Qurani-Kərimə və Quranın bizə “ən gözəl örnək” kimi təqdim etdiyi Allah Rəsulunun (s.ə.s) həyatına və sünnələrinə baxmaq kifayətdir. Məhz elə bunun üçündür ki, Allah Rəsulu (s.ə.s) bu iki əmanətə sahib çıxaraq, bərk-bərk yapışmağımızı tövsiyə etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz