Cinayətkarlığın psixologiyası

Cinayətkarlığın psixologiyası

Cinayət hadisələri bəşər tarixinin əvvəlindən bu günə qədər cəmiyyət tərəfindən heç bir tarixdə normal qəbul edilməsə belə, yaşanmağa davam edir. Demək olar ki, hər gün bu və ya digər formada cinayət hadisələri baş verir və bu hadisələrin sayı kütləviləşdikcə insanların zehnində bu qəbuledilməz əmələ qarşı münasibət də adiləşməyə başlayır. Bununla bərabər rəqabət, adət-ənənə, namus, qısqanclıq və bir çox başqa səbəblərlə törədilə bilən qətllərdə, təbii ki, qatillərin psixologiyası böyük maraq doğuran bir mövzudur. Bəs görəsən bu dünyada yaşamaq üçün var olan bir insanın həyatına son qoymaq düşüncəsinin altında yatan psixoloji səbəblər nələrdən ibarətdir? Necə olur ki, insanlar kiminsə həyatının bitməsinə öz istəkləri ilə qərar verirlər? Təbii ki, planlı qətlin motivləri və inkişaf prosesləri, eyni zamanda patoloji affekt zamanı adam öldürmə və özünümüdafiə səbəbi ilə qətl törətmək bir-birindən fərqlidir. Bütün bu vəziyyətlərdə hadisəni törədən şəxsin psixoloji vəziyyəti də fərqlilik göstərə bilər. Bununla birlikdə biz bu yazımızda cinayətə meyilli insanların bir neçə psixoloji vəziyyəti haqqında bəhs edəcəyik.

Cinayət motivinə patoloji baxımdan baxsaq; cinayət törətməyə ən çox meyilli olan psixiatrik vəziyyət antisosial şəxsiyyət pozğunluğudur. Antisosial şəxsiyyət pozğunluğu olan insanlarda daha çox özünə qapalılıq müşahidə edilir. Bu xəstəliyə düçar olan insanlar adətən digər insanlara qarşı şəfqət, mərhəmət, peşmanlıq kimi heç bir hiss keçirmirlər. Bununla yanaşı, cinayət törətsələr də, özlərinə haqq qazandırır, haqlı olduqlarını iddia edir, özlərini günahkar saymır və hüquqi qanunları qəbul etmirlər. Törətdikləri qətli böyük soyuqqanlılıqla ifadə edə bilirlər. Hətta bütün bu səbəblərə görə Amerikada bir müddət istifadə edilən yalan detektorunun istifadəsini də dayandırdılar. Çünki yalan detektorunun iş mexanizmi tərləmə nəticəsində dəridə olan elektrik cərəyanını ölçmək və ona reaksiya vermək üzərində qurulub, lakin antisosial şəxsiyyət pozğunluğu olanlar emosiyalardan kifayət qədər azad olduqları üçün sorğu-sual zamanı tərləmə, jest və mimika ilə reaksiya vermirlər.

Antisosial şəxsiyyət pozğunluğundan sonra cinayət əsnasında  ikinci psixiatrik vəziyyət maddə asılılığıdır. Narkotik maddələrin və spirtli içkilərin təsiri altında reallıqla fantaziyanı ayırd edə bilməyən və ya narkotikin təsirindən heç nəyi görə bilməyən insanlar cinayətə meyilli olurlar. Bundan əlavə, maddə asılılığı antisosial şəxsiyyət pozğunluğunu bəsləyən bir faktordur və birlikdə müşahidə edilə bilər.

Cinayətin sosial-mədəni təsirlərinə nəzər saldıqda yaşanılan sosial mühitin təsiri göz qabağındadır. Ətraf mühitin təsirindən qaynaqlanan cinayətlərin motivasiyasına baxdığımızda uşaq yaşlarında məruz qalınan istismar hadisələri, alçaldılma və şiddət müşahidə edilir. Eyni zamanda cinayətə meyillilik hadisələrində məişət zorakılığının da böyük təsirinin olduğu gözardı edilməməlidir.

Qan davalarının və namus cinayətlərinin tez-tez baş verdiyi bir mühitdə qətl hadisələri daha çox adiləşir. Bunun da alt səbəblərindən biri bu kimi səbəblərdən törədilən qətl hadisələrinin cəmiyyət tərəfindən  “qanunauyğun” hesab edilməsidir. Çünki bir hadisə nə qədər çirkin və ya zərərli olsa da, normal qəbul edildiyi müddətcə insanın vicdanını rahatlaşdırır və onu normal hadisə kimi qiymətləndirməsinə səbəb olur. Bu kontekstdə, təhsil səviyyəsi ilə cinayət törətmək arasındakı əlaqəyə baxdığımızda vəziyyət heç də düşünüldüyü kimi deyil. Təhsil səviyyəsi yüksəldikcə insanın özünə və davranışına nəzarət etmək istəyi də artır. Amma paralel olaraq insanda müdafiə mexanizmi yaranır və etdiyinə haqq qazandırmağa daha çox meyilli olur.

Bütün bunlarla yanaşı, bioloji səbəblər də var. Məsələn, genetik olaraq aqressiyaya meyilli insanlar cinayətə daha çox meyillidirlər. Əhəmiyyətli olan isə odur ki, bu cinayətə meyillilik ətraf mühit və psixoloji amillərlə qidalanmasın. Bu səbəblə, özünə hakim, hər şeyi bir anda rasionallaşdırmayan, ağlına gələn hər vəziyyəti böyük bir səbəb-nəticə süzgəcindən keçirən fərdlər olmağa çalışmaq və bütün bunları etmək çətin olduğu zamanlarda isə psixoloji dəstək axtarmaq lazımdır. Bunun üçün də rəsmi qurumlar qətl hadisələrinin mahiyyətini və nəticələrini pisləyən maarifləndirmə işləri aparmalı və insanların belə hadisələrdən uzaqlaşdırılmasına çalışmalıdır.

Son olaraq, unutmayaq ki, dinimizə görə də  Allaha şərik qoşmaq günahından sonra ən böyük günah adam öldürməkdir. Allahın ən gözəl surətdə yaratdığı və kainatdakı hər şeyi onun xidmətinə verdiyi insanı haqsız yerə öldürmək Qurani-Kərimdə belə izah edilir: “Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar”. (əl-Maidə, 5/32)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz