Namiq Piriyev “Mənim qəhrəmanım” inşa müsabiqəsinin qalibi
Namiq Piriyev “Mənim qəhrəmanım” inşa müsabiqəsinin qalibi
Gecələrdə yaşatdığım xatirələr
II Qarabağ müharibəsi şəhidi Piriyev Raulun qardaşıyam. Əslində, sözə necə başlayacağımı bilmirəm. Qardaşımla bağlı deyəcək sözüm, danışacaq xatirələrim çoxdur. Amma çətinlik çəkirəm, niyəsə sözləri cümlələrə çevirmək mənə olduqca ağır gəlir. Heç vaxt ağlıma belə gətirməzdim ki, bir vaxt mən belə bir təkliflə qarşılaşacağam. Qardaşım haqqında inşa yazmalı olacağam. Özü də necə bir qardaş haqqında. Torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına şəhadətə qovuşan qardaş haqqında. Şəhid qardaşı olaraq...
Hər insanın həyatını dəyişdirən və ya unuda bilmədiyi bir tarix var. Mənim də həyatımı dəyişdirən tarix 15 oktyabr 2020-ci il oldu. O vaxta qədər hər şey çox gözəl idi. Qardaşımla, ailəmlə keçirdiyim günlər, yaddaşa yazılan xatirələr, olmazsa olmaz kiçik mübahisələr. O qədər gözəl günlər idi ki, həyatımın birdən-birə bu cür dəyişəcəyini düşünməzdim. Hər şeyin gözəl olduğu vaxtda birdən-birə bir günün içində həyatımız alt-üst oldu, öz gözəlliyini və mənasını itirdi. Vətən müharibəsinin iştirakçısı olan qardaşımın şəhidlik xəbəri gəldi. Mənim qardaşım Vətən yolunda qəhrəmanlıqla vuruşmuş, düşmənin başını əzmişdi. Raul əvvəl təkcə bizim ailəmizə məxsus idi, təkcə mənim qardaşım idi. Amma indi Raul 3000 şəhiddən biridir. Mən onunla fəxr edirəm. Onunla bağlı sonsuz xatirələrim var.
Yadımdadır, əvvəl qardaşım işdən gec gələrdi. Gecə saatın neçə olduğundan asılı olmayaraq, gəlməsini gözləyərdim. Hər dəfə gələndə özüylə nəsə gətirərdi. Gətirdiyinin bir önəmi yox idi, amma mən onun gəlişini gözləməyi sevirdim. Bəlkə, indi gecə saat neçəyə qədər oyaq qalmağımın səbəbi budur. İmkansız olduğunu bilsəm də, qardaşımın o qapıdan içəri girəcəyini düşünürəm. Çünki o günlər üçün çox darıxıram. Əvvəl hər dəfə evdə olduqda futbol oynayardıq. Hər dəfə uduzsam da, oynamaqdan bezmirdim. Çünki oyunu gözəlləşdirən o idi. Məhz onun sayəsində yaranmışdı, futbola olan o sevgim. Amma artıq futbol belə, o olmadan maraqsız və mənasız bir məşğuliyyət kimi görünür. Hər şey indiki kimi yadımdadır.
Evin hər otağında, küçənin hər addımında bir xatirəsi var. Onu əsəbiləşdirməyi çox sevirdim. Hansısa bir işlə məşğul olduqda işinə qarışar, əsəbiləşdirərdim. Düzdür, bəzən çox əsəbiləşərdi, amma heç vaxt vurmazdı. O günlər üçün çox darıxıram indi. Bəlkə də, o burda olsa, hər şey başqa cür olardı. Mənim bu cür olmağıma o, çox kömək oldu. Kaş keçmişi qaytarmağın bir yolu olardı. Bunun olması üçün hər şeyi etməyə hazır idim.
Yadımdadır, uşaq vaxtı mənə bir söz vermişdi: Öz iş yerinə aparacaqdı. Hətta bir neçə dəfə bəhanələr etdi, gedə bilmədik. Axırıncı gün söz verib getdi ki, geri gəldikdə istədiyim hər şeyi edəcəyik. Neçə ay səbirsizliklə gələcəyini gözlədim, dua etdim. Hətta döyüş olan ərəfədə evdəkilər narahat idi. Amma mən narahat deyildim, evdəkilərə deyirdim: gələcək. Torpaqları alıb əlində bayraqla geri dönəcək...
Düzdür, torpaqları alıb gəldi, amma mən düşündüyüm kimi gəlmədi. Həmin gün olanların hamısı - hər şey yadımdadır...
Amma kaş o günü unuda bilərdim... Kaş unutmağın bir yolunu tapa biləydim...
Əsgərliyə gedən gün bir səbəbdən mübahisə etmişdik. Aramızda inciklik yaranmışdı. Yanına getdikdə o incikliyi aradan qaldırdıq. Həmin günkü o mübahisəyə görə peşmanam. Artıq 2 ildən çoxdur, onun olmadığı bir dünyada yaşayıram. Nə qədər çətin də olsa, ayaqda durmağa məcburam, evdəkilərə görə, Raula görə...
Qardaşım olsa da, çox xasiyyətini bilmirmişəm. Onu tanıdığımı sanırdım, amma yenə yanıldım. Döyüşdə baş verənləri eşitdikdə daha yaxşı tanıdım; komandası pusquya düşdükdə, Raul özünü irəli verib düşməni aldadaraq şərait yaradıb ki, yoldaşları geri çəkilə bilsin. Budur, mənim örnək aldığım qəhrəmanlıq hekayəsi. Çünki hamısı bir film, hekayə, əfsanə kimi səslənir. İnsanda vətənə qarşı sevgini daha da alovlandırır.
İndi tək hədəfim, mənə görə nə qədər çətin olsa da, onsuz olan dünyada onun arzularını gerçəkləşdirmək, onun arzusunu yerinə yetirib oxumaqdır. Tək edə biləcəyim budur. Ən azından məndən son istəyini etməliyəm - oxumalı və adını yaşatmalıyam!
Raulun qardaşı olmaqla fəxr edirəm, Raul mənim qəhrəmanım, həyat idealımdır. Mən həmişə onun adını yaşadacağam, hər zaman onun gəlişini gözləyəcəyəm, əvvəllər olduğu kimi...
Şəhid Raul Zabid oğlu Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2003-2006-cı ildə H.Z.Tağıyev adına Şəmkir rayon Kür qəsəbə tam orta məktəbində, 2006-2015-ci illərdə F.Bayramov adına Bakı şəhər Sabunçu rayon 22 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Azərbaycan Texniki Universitetinin Dəmiryolu Nəqliyyatı və Təsərrüfatı Mühəndisliyi fakültəsinə qəbul olmuşdur. 2019-cu ildə Universitetdən məzun olaraq hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Raul Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Raul Piriyev 13 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
ŞƏRHLƏR