BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ رَضِي اللّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّمَا بُعِثْتُمْ مُيَسِّرِينَ، وَلَمْ تُبْعَثُوا مُعَسِّرِينَ
Əbu Hüreyrənin (r.a) nəql etdiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Siz asanlaşdırıcı olaraq göndərilmisiniz, çətinləşdirici olaraq deyil". (Tirmizi, Təharət, 112)
"Xoşgörü" sevgiyə əsaslanan əxlaqi bir fəzilətdir. Xoşgörü ilə yanaşmaq asanlaşdırmaq, xoş qarşılamaq, eyibləməmək, xətanı görməməzlikdən gəlmək, incidici və alçaldıcı olmamaq, əfvedici olmaq, öz düşüncəmizə zidd olan görüşləri səbirlə qarşılamaq deməkdir. Xoşgörülü olmaq bağışlana biləcək qüsurları düzəltməkdə insanlara fürsət verməyi, onlara səmimi bir niyyətlə kömək etməyi və onları başa düşməyi tələb edir. Bu baxımdan xoşgörülü olmaq nə dözmək kimi səmimiyyətsiz bir rəftar, nə də görməməzlikdən gəlmək, etinasız yanaşmaq kimi məsuliyyətsiz bir mövqedir. Əksinə, insanın öz iradə və seçimi ilə meydana çıxan əxlaqi bir məziyyətdir. Xoşgörüdən söhbət aça bilmək üçün xoşgörülü olan şəxs xoş gördüyü şeyin qabağını ala biləcək və yaxud ona mane ola biləcək gücə sahib olduğu halda o gücdən istifadə etməməyi üstün tutmalıdır. Əks təqdirdə xoşgörüdən bəhs etmək mümkün deyil.
Yuxarıda qeyd olunan hədisdə biz bu həqiqəti daha aydın görə bilirik. Belə ki, Allah Rəsulu (s.ə.s) məsciddə oturarkən bir bədəvi içəri daxil olmuş və iki rükət namaz qıldıqdan sonra: "Allahım! Mənə və Muhammədə mərhəmət et və bizdən başqasına mərhəmət etmə!" deyərək dua etmişdi. Bədəvinin bu duasını eşidən Allah Rəsulu (s.ə.s) gülümsəyərək ona: "Sən geniş olanı daraltdın", - demişdi. Bir müddət sonra həmin bədəvi məscidin bir küncündə ayaqyolu ehtiyacını görüncə səhabələr mane olmaq üçün qəzəblə ona tərəf qaçmış, lakin Rəsulullah (s.ə.s) səhabələrə ona toxunmamağı və onun bulaşdırdığı yerə bir qab su tökməyi istəmişdi. Sonra da səhabələrinə belə demişdi: "Siz asanlaşdırıcı olaraq göndərilmisiniz, çətinləşdirici olaraq deyil". Allah Rəsulu (s.ə.s) bədəviyə nə acıqlanmış, nə də pis bir söz demişdi. Əksinə, ona dözümlülüklə yanaşmış, məsciddə belə hərəkətin doğru olmadığını bildirərək xətasını dərk etdirməyə çalışmışdı. Onun (s.ə.s) bu mövqeyi öz bəhrəsini vermiş və bədəvi xətasının fərqinə varmışdır.
Nəticə olaraq, xoşgörü mühitinin yaranması üçün insanların bir-birini sevmələri lazımdır. Çünki xoşgörünü bəsləyən qüvvə sevgidir. Sevginin olduğu yerdə xoşgörü, sevginin olmadığı yerdə isə dözümsüzlük vardır. Allah Rəsulu (s.ə.s) başqa bir hədisində insanları sevmənin imanın tələbi olduğuna diqqət çəkmişdir. (Müslim, İman, 93)
ŞƏRHLƏR