İsraf və Qənaət

İsraf və Qənaət

“İsraf” ərəb dilindən tərcümədə hədsiz dərəcədə istifadə etmək, ehtiyacdan artıq xərcləmək və həddi aşmaq mənalarını verir. Dini termin kimi isə halal və qanuni yollarla əldə edilmiş pul və sərvətdən lazımi qədərdən çox, əbəs yerə istifadə etmək deməkdir. Halal yollarla işləyib, ruzi qazanmağı buyuran dinimiz israfı və lazımsız yerə pul xərcləməyi qadağan etmişdir. Bu barədə Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31)

İsrafın haram olduğunu göstərən bu ayənin sonundakı “Allah israf edənləri sevməz” ifadəsi müsəlmanlar üçün ciddi bir xəbərdarlıqdır. Təbii ki, Allahın sevimli bəndəsi olmağa çalışan hər müsəlman bu xəbərdarlığa biganə qalmamalıdır. Başqa bir ayədə də Uca Allah belə buyurur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (əl-Ənam, 141)

Peyğəmbərimiz (s.ə.s) hədislərində də bu məsələyə geniş yer vermişdir. Bir dəfə Həzrət Peyğəmbər (s.ə.s) səhabələrindən Sədin evinə getmişdi. Onun dəstəmaz alarkən sudan çox istifadə etdiyini görmüş və israfa yol verməməyi tövsiyə etmişdi. Səd: - Dəstəmazda da israf olarmı? - dedikdə, Həzrət Muhamməd (s.ə.s): “Bəli, hətta axan çay kənarında olsan belə, dəstəmaz alarkən israf etmə!” - deyə cavab vermişdi. (İbn Macə, Təharət, 234)

Cəmiyyət, millət, hətta dövlət üçün israfın acı nəticələri qaçınılmazdır. İsrafçılıq cəmiyyyətdə sosial tarazlığın pozulmasına gətirib çıxarır. Bir tərəfdən maddi yöndən rifahı yüksək olan bir qrupun etdiyi israfçılıq, digər tərəfdən gündəlik çörəyə həsrət qalan və bu üzdən ölümlə üz-üzə qalan bir sinif. Məhz bu mənzərə cəmiyyətdə sosial tarazlığın pozulmasına gətirib çıxarır. Hətta bir araşdırmaya görə,  dünyada israf edilən çörək, hər il acından ölən 100 minlərlə insanı doyuracaq səviyyədədir.

Bütün bunlarla yanaşı, yaddan çıxarmaq olmaz ki, israfın zərəri sadəcə bu dünyada özünü büruzə vermir. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur: “Qiyamət günü insan dörd şeydən sorğu-suala çəkilmədikcə Allahın hüzurundan ayrıla bilməz: ömrünü harada keçirdiyindən, vücudunu harada əldən saldığından, malını necə qazanıb, haraya xərclədiyindən və biliyi ilə hansı işlər gördüyündən”. (Münziri, ət-Tərğib və ət-Tərhib, səh. 345)

Malımızı və pulumuzu təkcə öz ehtiyacımız üçün deyil, cəmiyyətin də ehtiyaclarına sərf etməliyik. Müasir dövrümüzdə insanların qiymətini bilmədən israf etdiyi əsas nemətlərdən biri zamandır. Ən böyük israf vaxtı boş keçirməkdir.

Ayə və hədislərdə diqqət çəkən digər bir xüsusiyyət qənaətdir. Ərəb dilindən tərcümədə “verilənə qane olmaq” mənasına gələn “qənaət” sözü, dini termin kimi insanın əlində olanlarla kifayətlənməsi, dünya nemətlərindən qismətinə düşənə razı qalması deməkdir. İslam dini yemək, içmək və digər tələbatlarımız üçün müəyyən hədd qoymuşdur. Dinimiz qənaətli insana yüksək qiymət vermiş, israfçılığı və acgözlüyü pisləmişdir.

Allahın verdiyi nemətlərə şükür etmək, qənaətcil olmaq, ruzini çalışaraq qazanmaq İslam əxlaqının təşviq etdiyi əsas cəhətlərdəndir. Həzrət Peyğəmbər (s.ə.s) hədislərdə ruziyə sahib olan və ona qənaət edən şəxsi tərifləmiş, eləcə də əsl zənginliyin sərvət çoxluğu ilə deyil, könül xoşluğu ilə ölçüldüyünü bildirmişdir. Malını sağa-sola səpələyərək israfçılıq etməyi Allah sevmədiyi kimi, nemətləri başqaları ilə bölüşməyib saxlamaq, yəni xəsislik etmək də Allahın sevmədiyi davranışdır. Qurani-Kərimdə belə buyurulur:  “Qohum-əqrəbaya, yoxsullara, yolda qalanlara haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!  Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra, 26-27)

O zaman gəlin israfdan qətiyyətlə uzaq duraq.  Çünki israf nemətlərin itirilməsinə səbəbdir. İsraf hər bir fərdin, cəmiyyətin, hətta dövlətin belə inkişafına ən böyük maneədir. İsraf olan yerdə inkişaf yoxdur. İsraf olan yerdə bərəkət yoxdur.

   Təəssüf ki, bu gün hər yerdə israfçılıq görməkdəyik. İçki, qumar, kin və həsəd kimi günahlarla bədənlər israf edilməkdədir. Tənbəllik və qeybət  kimi ginahlarla vaxt israf edilməkdədir. Ədəbsiz və İslam əxlaqına zidd olan verilişlərlə beyinlər və əxlaqi dəyərlər israf edilməkdədir. Qısacası, İslami bir həyat yaşamazsaq, həyatın bütün sahələri israf edildi deməkdir.

Uca Allah belə buyurur: Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanar, həm də peşman olarsan!” (əl-İsra, 29)

“(Rəhmanın əsl bəndələri o kəslərdir ki,) onlar (mallarını)  xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar”. (əl-Furqan, 67)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz