Hər kəsə haqqını ver!
Quranı-Kərimin bir sıra ayəsində İslam ümmətinin özünəxas keyfiyyətlərindən bəhs olunur. Bu ayələrin birində “Beləliklə, sizi insanlara şahid olasınız və peyğəmbər də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik...” (əl-Bəqərə, 143) buyurulur. Bu ayədə axırzaman peyğəmbərin ümmətinin ən mühüm vəsflərindən biri kimi mötədil olması vurğulanır. Bəşəriyyətə şahid olmaq üçün və peyğəmbərlərin hüsn-şəhadətinə layiq olmaq üçün müsəlman toplumunun etidal üzrə olması ən vacib məqamlardan biridir. Yəni Allahın görmək istədiyi İslam ümmətini formalaşdıran hər bir fərd ifrat və təfritə meyil etməyən, bu ikisinin tarazlıq mərkəzində duran və ömrünü buna görə formalaşdıran kəs olmalıdır. İslam cəmiyyətinin ərsəyə gətirdiyi mədəniyyəti digərlərindən fərqləndirən ən mühüm xüsusiyyət də məhz onun etidal üzrə qurulmuş olmasına əsaslanır.
İmam Qəzzali insanın bütün hərəkətlərinə istiqamət verən, davranışlarını formalaşdıran üç əsas qüvvənin varlığından bəhs edir: qüvveyi-əqliyyə, qüvveyi-qəzəbiyyə, qüvveyi-şəhəviyyə. Həqiqətən baxdığımız zaman bu üç mələkə (hərəkətəgətirici güc, qabiliyyət) insan üzərində ciddi təsir gücünə malikdir. İslamın insan inşası da bu üç güc mərkəzini doğru tərbiyə etmək üzərində qurulmuşdur. Dünən olduğu kimi bu gün də ağılda ifrata varanlar onu ilahi vəhydən qopararaq insanı deizm və ateizm kimi cərəyanların axınında həlaka sürükləməkdədirlər. Bunun əksinə, ağılda təfrit çuxuruna yuvarlanaraq təfəkkür və düşünmə mələkəsini korşaldanlar da cəhalət və nadanlıq zillətinə düçar olmaqdadırlar. Bu ikisinin ortası olan etidalı saxlayan, ağıla işıq tutan ilahi vəhydən güc alaraq ondan lazımınca faydalanmağı bacaranlarsa dünya və axirətdə nicat tapacaq fərasət sahibləridir.
İnsana və onun davranışlarına istiqamət verən digər güc mərkəzi olan qəzəb mələkəsindən də etidal üzrə faydalanmağı bilməyənlər bu xüsusda ifrata vararaq ətrafa ziyan vurmaqda, hətta bunun bir sonrakı addımında terror ab-havası əsdirməkdədirlər. Qüvveyi-qəzəbiyyənin təfrit nöqtəsinə meyil etməsi isə qorxaqlıq və ürkəklik kimi xarakter zəifliyinə gətirib çıxarar. Belə olan təqdirdə insan qorumalı olduğu mal, can, namus və vətən kimi dəyərlərinin müdafiəsində cılız qalmağa məhkum olar. Məhz bu duyğunun mötədil və məqbul sayılanı isə Hz. Muhammədin yanındakı möminlərin vəsflərini sadalayan ayədə açıq-aşkar ifadə edilir: “Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, bir-birilərinə qarşı isə mərhəmətlidirlər...” (əl-Fəth, 29) Başqa bir islami deyimlə söyləməli olsaq: “layiqinə məhəbbət, müstəhəqqinə xüsumət” düsturu ilə hərəkət etmək.
Qüvveyi-şəhəviyyədə təfrit mərhələsi yemək-içmək və digər təbii ehtiyacları minimum səviyyədə azaldaraq bədənə zərər verməkdir. Xristianlıqda sonradan ortaya çıxan ruhbanlıq kimi. Bir insanın davamlı oruc tutması, dünya nemətlərindən üz çevirməsi, Allahın bəşər fitrətinə qoyduğu evlənməyi qəbul etməmək hansı niyyətlə olursa-olsun, əsla məqbul deyil. Qüvveyi-şəhəviyyənin ifratı isə insan nəfsinin istədiyi hər şeyi mübah görən bugünkü anlayışı doğurmaqdadır. Bu gün ruhaniyyəti unudaraq nəfsi bəsləyənlərin və bu yolda heç bir qadağanı qəbul etməyənlərin cəmiyyəti fuhuş uçurumuna sürüklədiyinə şahid oluruq. Qüvveyi-şəhəviyyənin etidal üzrə sabitlənməsi isə qidalanmada halal-haram sərhədlərinə riayəti, cinsi arzuları fitri yolla, yəni Allahın əmr etdiyi nikahla təminat altına almağı tələb edir. Tarixin bütün mərhələlərində qurulan mədəniyyət və dövlətlər də əsasən bu üç sövqedici güc mərkəzini nə cür idarə etməsindən asılı olaraq vəsfləndirilmişdir.
Fitrət dini olan İslam bizə bütün sahələrdə mötədil olmağı əmr edir. Dinimizdə hər şeyin, hətta ibadətin belə ifratı da, təfriti də yolverilməzdir. Əshabın seçilmiş simalarından olan və Hz. Peyğəmbərin bir-birinə qardaş etdiyi Salman Farisi ilə Əbu Dərda arasında baş verən bu hadisə İslamın mötədilliyinə ən gözəl nümunələrdən biridir:
Əbu Dərdanı (r.a) ziyarətə gələn Salman (r.a) onun xanımını nimdaş paltarda və pərişan vəziyyətdə görüb bu halını soruşdu. Ümmü Dərda bu cavabı verdi: “Qardaşın Əbu Dərda dünya ilə əlaqəsini kəsdi (gündüz oruc tutur, gecə namaz qılır)”. Bu zaman Əbu Dərda (r.a) gəldi. Salman (r.a)-la salamlaşıb qarşısına yemək qoydu: “Sən ye, mən orucluyam”, - dedi. Salman: “Sən yeməsən mən də yeməyəcəyəm”, - deyib israr etdi. Məcbur qalan Əbu Dərda (tutduğu nafilə orucu pozub) yeməyini yedi. Salman (r.a) gecəni Əbu Dərdanın evində keçirdi. Gecə ilk vaxtda namaza durmaq istəyən Əbu Dərdaya mane olaraq yatmasını tapşırdı. Bir az sonra bir daha qalxmaq istəyəndə Salman (r.a) yenə mane oldu. Gecənin sonuna doğru Salman (r.a): “İndi qalx”, - dedi. İkisi də qalxıb namaz qıldılar. Namazdan sonra Salman (r.a) Əbu Dərdaya (və onun timsalında bütün inananlara) belə nəsihət etdi: “Şübhəsiz ki, Rəbbinin sənin üzərində haqqı var. Nəfsinin sənin üzərində haqqı var, ailənin sənin üzərində haqqı var. Hər haqq sahibinə haqqını ver!”.
Daha sonra Əbu Dərda (r.a) Allah Rəsulunun hüzurunda bunu xəbər verdikdə Rəsulullah (s.ə.s): “Salman doğru söyləyib!” - buyurdu.
ŞƏRHLƏR