Bəşəri münasibətlərdə Etidal

Bəşəri münasibətlərdə Etidal

Son zamanlarda möminlər baxımından ölçü və tarazlığın itdiyi bir dövrü yaşayırıq. Bütün edilən əməllərin Allah və Rəsuluna ərz edilib, o ölçüyə vurularaq qiymətləndirilməsi lazım olduğu halda, müxtəlif düşüncə və mülahizələrlə hər kəs öz qoyduğu ölçüyə, şəxsi düşüncələrinə uymağa çalışır. Bu hərc-mərclikdən ancaq Allah və Rəsulunun qoyduğu ölçü ilə gedilərsə, xilas ola bilərik.

Allah və Rəsulunun qoyduğu ölçü, yəni dinimiz İslam yemə-içmə, geyim, ibadət, bəşəri münasibətlər və s. kimi hər xüsusda həddi aşmaqdan uzaq durub, orta yolu tutmağı əmr etmiş, ifrat və təfriti qadağan etmişdir. İfrat - gərəyindən, həddindən çox olmaq, təfrit isə yetərsizlik və ehmalkarlıq mənasındadır. Bunların ortası, yəni duyğu, düşüncə, əxlaq, davranış və münasibətlərdə tarazlığı qorumaq isə "etidal" adlandırılır.

Kainatı və bütün varlıqları tarazlıqda yaradan Rəbbimiz qullarına da hər xüsusda ölçülü və etidal üzrə davranmalarını əmr etmişdir. Çünki etidal müsəlman duruşudur. Hər əməlimizdə olduğu kimi bu xüsusda da Allah Rəsulunun (s.ə.s) həyatı nümunə alınmalıdır. Onsuz edilən hər şey natamamdır. Allah-Təala ümməti-Muhammədi etidal üzrə olmaqla tərif edir: “Beləliklə, sizi insanlara şahid olasınız və peyğəmbər də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik...”. (əl-Bəqərə, 143) Peyğəmbərimiz (s.ə.s) də: “İşlərin xeyirlisi etidal üzrə olandır”, - buyurmuşdur. (Beyhəqi, Şuabul-İman, V, 261) Bu ölçüyə riayət edildiyi təqdirdə istər fərdi, istərsə də ictimai hüzur, sakitlik, ahəng və intizamın reallaşacağı şübhəsizdir. Müsəlman tarazlıq insanı olmalıdır. Məsələn, xərcləyərkən: “(Allahın xalis qulları) o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar”(əl-Furqan, 67; əlavə olaraq bax: əl-İsra, 29), dostluq və düşmənlikdə: “Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır..” (əl-Maidə, 8; əlavə olaraq bax: əl-Bəqərə, 193-194) ayələri, cəzalandırmaqda həddi aşmamaq (əl-Bəqərə, 178, ən-Nəhl, 126), dünya və axirətin hər birinə diqqət etmək (əl-Bəqərə, 201) tövsiyəsi və s. bənzər xüsuslarda həddi aşmağı qadağan edən ayələr İslamın etidala verdiyi əhəmiyyəti göstərir.

İslam əxlaqında etidala dəvət olunan hərəkətlərdən biri də danışıq tərzidir. Boş, faydasız, kobud və incidici danışıq ifadələri xoş görülməmişdir.Qullarıma de ki, sözün ən gözəlini söyləsinlər..” (əl-İsra, 53) buyuran Rəbbimiz möminlərin danışıq mövzusunda ölçülərini İslama görə təyin etmələrini istəyir.

Heç kim sərt sözdən və kobudluqdan xoşlanmaz. Çünki kobud söz alov kimidir, nəticədə sahibini də yandırar. Qurani-Kərimdə danışıq zamanı diqqət olunacaq sözlərə belə nümunələr görürük:

1) Qavlun-məruf: ümumi olaraq qəbul görən müsbət, doğru və könül incitməkdən uzaq söz,

2) Qavli-adl: ədalətli, tutarlı, yerli-yerində deyilmiş söz,

3) Qavli-hasən: gözəl söz,

4) Qavlən-kərimə: Quranda ata-anaya qarşı deyilməsi istənən sayğılı söz,

5) Qavlən-məysura: yardım diləyənə verəcək bir şey tapa bilməyəndə deyilməsi istənən könül alıcı, təsəlli edici söz,

7) Qavlən-bəliğa: təbliğ əsnasında könüllərə işləyəcək açıq və təsirli söz,

8) Qavlən-sədidə: səmimi, ədalətli, doğru söz,

9) Qavlən-ləyyinə: zalımların qəlbini yumşaltmaq üçün deyilən təsirli, mülayim üslub.

Vəhb bin Münəbbih deyir: “Hər şeyin iki ucu və bir ortası var. Bu ucların birindən tutularsa, digər uc ağırlaşar, ortasından tutularsa, iki uc da tarazlıqda qalar. (Elə isə) hər şeyin ortasından tutmağa çalışın!" (Heysəmi, VIII, 112)

İdarəçilikdə də etidala riayət böyük əhəmiyyət daşıyır. Bu həmçinin o insanın dirayət və fərasətini göstərir. Misirdə valilik edən Amr bin Asa (r.a) müvəffəqiyyətinin nəyə bağlı olduğu soruşulanda bu cavabı vermişdi: “Ətrafımdakı hər bir insanla aramda bir ip varmış kimi düşünürəm. Bu ip gərilib qopma nöqtəsinə yaxınlaşdıqda, onu bir az boşaldıram. Gərəyindən çox boşaldığını hiss etdiyim anda isə onu dərhal gərirəm. Beləcə, bütün insanlarla əlaqəmi müvazinət içində davam etdirirəm”.

Ayə və hədislər işığında düşündüyümüz zaman Allah-Təala İslam ümmətinə əhəmiyyətli məsuliyyətlər yükləməkdədir. Daha xeyirli, daha adil, daha mötədil və istiqamət üzrə olmaq mənasını verən “orta ümmət” olma xüsusiyyəti də bu məsuliyyətlərin ən mühümlərindəndir.

Orta ümmət olmanın gərəyi olaraq inancda, davranışda, ibadətdə, bəşəri münasibətlərdə, dünya və axirət işlərimizin hamısında həddi aşmayaraq daim etidal üzrə olmağımız lazımdır. Nə dünya üçün axirəti, nə də axirət üçün dünyanı tərk edə bilərik. Bu  səbəblə, İslam dini olması gərəkəndən irəli keçərək bütün həddi aşmaları xoş görməmiş, bunları sapma olaraq qəbul etmişdir. "İfrat" və "təfrit" olaraq adlandırılan bu kənar uclar bir növ Allahın qoyduğu sərhədləri tapdamaq kimidir. Unutmayaq, mömin üçün işlərin ən xeyirlisi etidal üzrə olandır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz