İslam ənənəsində mötədillik
Tarix boyu bütün dinlər, ideologiyalar və fəlsəfi cərəyanlar nümunəvi insan modelini (insani-kamil) formalaşdırma məqsədi ilə yanaşı, eyni zamanda cəmiyyətdə dini tolerantlığın, sosial-siyasi ədalətin, sabitliyin təşəkkülü və qorunması üçün məhz mötədillik şüurunun mənimsənilməsi istiqamətində çox sayda elmi tədqiqat nümunələri yaratmışlar.
Mötədil kəlməsi ərəbcə mənşəli - duyğu, düşüncə, əxlaq və davranışlarda tarazlıq mənasında işlənən bir termindir. Mötədillik də kəmiyyət və keyfiyyət etibarilə iki hal arasında, ifrat və təfritə düşmədən, düz, müstəqim və mütənasib olmaq deməkdir.
Məşhur İslam filosofu Kindi əxlaqi fəzilətlərin hər birini ifrat və təfrit şəklində iki xoşagəlməz halın ortası (etidal) olaraq tərif etmişdir. Deməli, hər fəzilət bir ahəngdir, ifrat və ya təfrit tərəfində olan istənilən davranış və hərəkət isə rəzalətdir. Bu mənada Razi də fəziləti ifrat və təfrit adlı iki rəzalətin ortası olaraq tərif etmişdir.
Peyğəmbərimiz (s.ə.s): “Söz və hərəkətlərində irəli gedib həddi aşanlar məhv oldular”, - buyuraraq hər məsələdə tarazlığı qoruyub həddi aşmamağı tövsiyə etmişdir. Buna görə ağıl gücündən ölçülü istifadə hikməti, şəhvət gücündən ölçülü istifadə iffəti, qəzəb gücündən ölçülü istifadə də şücaəti meydana gətirər. İnsanın daxili aləmində bu tarazlığın meydana gəlməsi isə ədalət adlanan dördüncü əsas fəziləti əmələ gətirər və beləliklə, qarşımıza kamil bir əxlaq çıxar.
Uca Allah İslam dinini insanların təbiət və fitrətlərinə uyğun olaraq göndərmişdir. İnsan fitrətinə, sağlam ağıla və duyğulara zidd olan inancsızlıq isə daha çox inad, təkəbbür, həddini aşma, təəssüb, cəhalət, təqlid və qeyri-sağlam mühit kimi sonradan baş verən və ya ortaya çıxan süni vəziyyətlərdən yaranır. Miqdad bin Əsvəd belə rəvayət edir:
“Bir dəfə Hz. Peyğəmbərə:
- Kafirlərdən bir nəfərlə qarşılaşsam və onunla vuruşsam, o mənim əllərimdən birini qılınc ilə vurub qoparsa, sonra da əlimdən qurtulmaq üçün bir ağacın arxasına sığınıb “Mən Allah üçün müsəlman oldum” desə, belə dedikdən sonra onu öldürə bilərəmmi, nə deyirsiniz? - deyə soruşdum. Rəsulullah (s.ə.s):
- Qətiyyən onu öldürmə! - buyurdu. Mən:
- Ey Allahın Rəsulu! Axı o adam mənim iki əlimdən birini qopardı, ondan sonra da (qorxusundan) bu sözü söylədi,- dedim. Bunun cavabında:
- Qətiyyən öldürmə! Əgər onu öldürsən, o sənin onu öldürmədən əvvəlki vəziyyətində olar. Sən isə onun o sözü demədən əvvəlki vəziyyətinə düşərsən, - buyurdu”. (Buxari, Məğazi, 12; Müslim, İman, 155)
Üsamə bin Zeyd də “Lə iləhə illəllah” deməyin qiymət və əhəmiyyətini göstərən bu hadisəni nəql edir:
“Bir döyüş vaxtı mən və ənsardan bir nəfər düşmənlərdən birinin üzərinə hücum etdik, həmin adam da dərhal: “Lə iləhə illəllah: Allahdan başqa ilah yoxdur”,- dedi. Bunu eşidən ənsardan olan yoldaşım onu vurmaqdan vaz keçdi, mən isə mizrağımı sancdım və onu öldürdüm. Bu hadisə Hz. Peyğəmbərimizin qulağına çatanda mənə:
- Ey Üsamə! “Lə iləhə illəllah” dedikdən sonra onu öldürdün, eləmi?! - buyurdu. Mən:
- Ya Rəsulallah! O, bu sözü yalnız canını qurtarmaq üçün söylədi, - dedim. Peyğəmbər təkrar:
- “Lə iləhə illəllah” dedikdən sonra onu öldürdün, eləmi?! - dedi və bu sözü o qədər təkrar etdi ki, mən ilk dəfə o gün İslama girmiş olmağı belə təmənna etdim (kaş ki bu gün İslama girmiş olaydım, bunu etməzdim, deyə peşman oldum).
Digər bir rəvayətdə Rəsulullah: “Qəlbini yarıb içinə baxdın ki, bu səbəblə deyib-demədiyini biləsən?!” - buyurmuşdur”. ( Buxari, Diyə, 3; Məğazi, 45; Müslim, İman, 158-159)
Dinimiz müsəlmanlara qarşı ədavət bəsləyən, onların inanclarına rişxənd edən, onlara qarşı döyüşən qeyri-müsəlmanları sirdaş seçməyi və İslam cəmiyyəti əleyhinə nəticə doğuracaq yaxın əlaqələr qurmağı qadağan edir. Ancaq İslama düşmən olmayanlarla yaxşı münasibət qurmağı qadağan etmir. Əbu Bəsri əl-Qifari belə rəvayət edir:
“Hicrət etdiyi vaxt Peyğəmbərimizin yanına getdim. Bu hadisə müsəlman olmazdan əvvəl olmuşdu. Rəsulullah ailəsinin günlük azuqəsini təmin etdiyi kiçik bir qoyunu mənim üçün sağdı. Südün hamısını içdim. Səhəri gün müsəlman oldum. Hz. Peyğəmbərin ailə üzvləri: “Keçən gecə olduğu kimi bu gecə də ac yata bilərik”, - dedilər. Rəsulullah qoyunu yenidən mənim üçün sağdı. Bu dəfə ondan azacıq içən kimi doydum”. (Əhməd bin Hənbəl, “əl-Müsnəd”, VI, 397)
Müsəlmanların inancı və hadisələrə baxışı bu çərçivədə olarsa, onların bütün insanlar ilə daim yaxşı münasibətdə olmağı və əmin-amanlıq içində yaşamağı üstün tutacağı qətidir. Çünki qeyri-müsəlmanlar zərərli bir davranış və münasibət göstərmədikcə onlara yaxşılıq etməyə davam edəcəklər. Ümumiyyətlə, Qurani-Kərim yer üzündə bəşəri münasibətləri möhkəmlətməyə, cəmiyyətləri bəşəri qayələr ilə bir-birilərinə yaxınlaşdırmağa böyük əhəmiyyət vermişdir.
ŞƏRHLƏR