Şəfa sarsın dörd yanını

Şəfa sarsın dörd yanını

Bişkek şəhərinin mərkəzindəki Oş bazarında qurudulmuş tısbağa, ilan, qurbağa və böcəklər satılır. Əvvəlcə bunun “sehr” məqsədi ilə olduğunu düşünmüşdüm, sonradan öyrəndim ki, alternativ tibb üçün imiş. Xəstəlik insana hər şeyi yedirir. “əş-Şafi” ismi kölgəmizdən daha çox bizimlə olsun.

63 yaşında vəfat edən Allah Rəsulunun əldən düşdüyü qocalıq illərini görmədik, eşitmədik. Belinin büküldüyü, saçlarının ağardığı, dişlərinin töküldüyü, yemək yeyərkən əllərinin titrədiyi heç bir kitabda yazılmadı. Xəyallarda da, kitablarda da hər zaman gənc qaldı. Allah Rəsulu (s.ə.s) ahıllıq yükünü heç daşımadı. Gənc yaşadı, gənc vəfat etdi.

“Gənclik bir quş idi, uçurtdum, tuta bilmədim; qocalıq bir qumaş idi, gəzdirdim, sata bilmədim”. Bazarın bir tərəfində sehr-cadu edənlər, fala baxanlar, döymə edənlər də piştaxta açıblar. Bazarda gəzən hər kəsə - yerli və ya xarici, fərqi yoxdur – xəbərdarlıq edilir ki, cibindəki puldan və telefonundan muğayat olsun. Bazarda “namazxanə” deyilən kiçik məscidlər də var. Adı üstündə, bazardır, xeyir və ya şər, nə axtarsan, taparsan. Allah Rəsulu (s.ə.s) buyurur:

 “Hər kəs səhərdən (bazara çıxar və) nəfsini satar; kimi onu azad edib həqiqi azadlığına qovuşdurar, kimi də həlak edib özünü məhv edər”. (Müslim, Təharət, 1)

Diqqət edin; evimizdən çıxmasaq da, hər an hidayət və zəlalət bazarında ya kardayıq, yaxud zərərdə. Dünya bazarı təkcə pul və maldan ibarət deyil. İnternetə girmək də karı və zərəri olan ticarətdir.

Bir gün bazarda meyvə-tərəvəz satan bir xala: “Kimsən, nəçisən?” – deyə soruşanda, “Mədrəsədə işləyirəm”, - demişdim. Bazarın çıxışında həmin xala təngnəfəs halda özünü yetirdi. Məni tapmaq üçün bütün bazarı gəzmişdi. Əlindəki 200 somu (4 manat) uzadıb: “Bu, sizdən düşdü, sizi çətinliklə tapdım”, - dedi. 200 som mənə görə yox, mədrəsəyə görə qayıtmışdı. Mədrəsə adına gözəl bir hörmət əlamətidir!

Ədviyyat satanlar yan-yana düzülüblər. Hansına gedim, görəsən? Hər zamankı kimi: “Allahım, pulumu əli-ayağı düzgün, halal-haramı bilən birinə nəsib et, məndən aldığını zəkata, sədəqəyə, xeyirli işlərə xərcləyən olsun”, - deyə dua edərək birinə yaxınlaşdım. İllər ötmüş olsa da, hələ də eyni mağazanın müştərisiyəm. Bir gün mədrəsənin alış-veriş işlərinə baxan Tahir bəy ilə Oş bazarına yolumuz düşdü. Getdi, mədrəsənin ehtiyacı olan ədviyyatı mənim illərdir aldığım satıcıdan aldı. “Mən həmişə buradan alıram”, - dedi. Hacı hacını, dəli dəlini tapırsa, halal halalı, haram da haramı tapmazmı?!

2000-ci illərin əvvəlləri olardı. Ağdaş bazarından limon alacaqdım. Satıcılar cərgə-cərgə düzülüblər. Hansına gedim? Gördüm ki, cavan bir oğlan var, əli-üzü təmiz, səliqəli, ona yaxınlaşdım. Ayaqüstü bir az söhbət etdik;  Bişkekdəki ədviyyat satıcısı kimi, onun da daimi müştərisi oldum. Aradan keçən iyirmi ildən artıq zaman zərfində bəzi detalları unutmuş olsam da, İlqar bəylə dostluğumuz davam edir. Evinə getmiş, mürəbbəli çayından içib qonağı olmuşdum. Həyətində limon ağacları vardı. Hələ də telefonumda adı “İlqar Ağdaş Limon satış” deyə qalır. Ad-soyad hər zaman yetərli olmur, bəzi detalları yazmalı oluruq. “Rüstəm Süd, Əli Fırın Bişkek, Nursultan Kazak Kitab” kimi qeydlərim çoxdur.

“Dost və ya qardaş kimi bir ələ toxunmusansa, ya heç tutma, ya da ölənə qədər buraxma!”.

13.11.2022-ci il tarixində “İlqar Ağdaş Limon satış”dan mesaj gəldi: İlqar bəy oğlu Bəkirin Şəkidə hafizliyini tamamladığını xəbər verərək dua istəyirdi.

Kədər və hüznü paylaşmazlar. Kədər olduğu yerdə dayanan şar, bəlkə də, daş kimidir. Sevinc isə uçan balondur. Ağdaşdan yüksələn uçan balon Bişkek səmasına qədər gələrək bizə də göründü. Pilotsuz uçan aparatlar gedib hədəfə bomba atırsa, uçan balon niyə hədəfinə sevinc çatdırmasın? Elə bilirsiniz ki, uçan balonların gücü yoxdur?

İlqar qardaşıma zəng edib təbrik etdim. Xeyli vaxtdır bal ilə məşğul olduğunu bilirdim. Baldan da danışdıq. Azərbaycanda bal satışının zəif olduğunu dedi. Mən də ona: “Çayın yanında üç-dörd cür rəngarəng mürəbbələr qoyursunuz, əlbəttə, bal yeyilməz ki!” – dedim. Qırğızıstanda çayın yanında və səhər yeməyində mürəbbədən çox az istifadə edildiyinə görə, Azərbaycana nisbətən bal daha çox yeyilir.

Balın qədərində sağlam vaxtlarda yada düşməmək və ehtiyac duyulmamaq var. Nə vaxt xəstəlik peyda olsa, o vaxt bal axtarılır, bal yeyilir.

Qurani-Kərimdə hər şeyin yaradıcısı olan və hər şeyi ən yaxşı bilən Allah təkcə iki şeydən ötrü “şəfalıdır” ifadəsini işlətmişdir. Bu iki şeydən biri Qurani-Kərim (əl-İsra, 82), digəri isə bal (ən-Nəhl, 69) olduğuna görə, şəfanı doğru ünvanda axtarmaq lazımdır.

İlqar qardaşımın bir tərəfində hafiz Bəkir, o biri tərəfində bal var. Şəfa dörd yandan onu sarıb. Səni tanıyan Elşənlərə, Şahinlərə, Füzulilərə, Osmanlara, Bəhruzlara, Əlilərə, Elçinlərə, Nurlanlara, Salehlərə minlərlə şəfa olsun!..




 




PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz