Bir gözəl insan da keçdi bu diyardan..

Bir gözəl insan da keçdi bu diyardan..

Nə gözəl insanlar var...

Gözəlliklərin fərqində olan, bir gözəl davranışla həyatı gözəlliyə qərq edən insanlar var...

Allahın hər günü yer üzünü aydınladan qəndillər sönməsin deyə gözəlliyin başında keşik çəkən insanlar...

Allahın bəxş etdiyi ömür təqvimini Onun rizasına uyğun yaşayaraq dolduran insanlar..

Tək özü üçün deyil, insanlığın mənəvi inkişafında xidmətləri olan, el ağsaqqalı deyilən müdrik insanlar var. Qəbələ rayonunda xalq arasında Əhməd baba, Abdussaməd baba, Səhrab baba, Məhəmməd dayı kimi tanınan şəxsiyyətlər hər zaman məsləhət və tövsiyələrinə müraciət olunan, xeyir-şər işlərində insanların qabağını çəkən, xeyir-duası alınan insanlar olmuşdur. Məhz belə şəxsiyyətlərdən biri də bu yaxınlarda vəfat edən, el ağsaqqallarından olan  Hacı İttifaq baba idi.

Ölümdəki əsl məqsəd Allaha yaxınlaşmaqdır. Ölüm anı gəldiyində qul ilə Allah arasındakı pərdə qalxar. Bu qayda bütün insanlar üçün keçərlidir. Qul vəfat etdiyində Allah ilə bərabər olur. Lakin əsl məqsəd yaşayarkən Allah ilə bərabər olmaqdır, Aləmlərin Rəbbi olan və bizim də tək Rəbbimiz olan Allahın bizimlə olduğunu bilmək və Allaha yaxınlaşmaq üçün çabalamaqdır.

İttifaq baba 1936-cı ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində, özünün dediyi kimi, məscidsiz, “bismilləhsiz” bir dövrdə anadan olmuşdu. Dəyərlərimizin unudulmağa çalışıldığı bir dövrdə yaşamasına baxmayaraq hər zaman oxumağa və öyrənməyə həvəsli olan İttifaq baba hələ gənc yaşlarından bir çox yazıçı və şairlərin əsərlərini mütaliə etmişdi. Həyatda yaşadığı dövrdə mərhəmət duyğusunu heç itirməmişdi. İmandan sonra insanı ən çox ayaqda tutan duyğu mərhəmətdir.

     Əsl elmin və oxumağın Allahı bilmək və onu tanımaq olduğunu, hər şeyin Allahı tanımaqla başladığını bildirən el ağsaqqalımız İttifaq baba insanları dəyərlərə və Allaha səsləyən biri idi.

İttifaq babaya bir gün bəzi yoldaşların dəyərlərimizdən uzaqlaşdığını, yanlış yola yönəldiklərini dedikdə: “Allah ağıl versin”, - deyə cavab vermişdi. Bu dünyada yaşayarkən büdrəməmək istəyiriksə, Allah və Rəsulunun qulpundan sağlam tutmağı tövsiyə edərdi.

“Bütün övladlarımıza Allahın qoyduğu bu doğru yolda büdrəməməyi, yıxılmamağı arzulamışam”, - deyən İttifaq baba tanıdı-tanımadı, hər kəsə xeyir-dua edər, Quran və Sünnə çərçivəsində yaşamağın əbədi səadət bəxş etdiyini insanlara hal dili ilə təlqin edərdi. Hətta, səhər vaxtı, təhəccüd namazından sonra dua etməsi üçün sevdiklərinin adlarını siyahıya yazar, adları unudulmasın deyə dua edərkən onların adlarını siyahıdan oxuyardı. Ağsaqqal duası almaq istəyən şəxslər İttifaq babaya “bizi də siyahına yaz” deyə xahiş edərdilər. Beləliklə, gecələri Allahla bərabər olmağın əhəmiyyətini də insanlara bildirərdi. Gecələrini ən gözəl şəkildə əhya etdiyinin, yatış və qalxışının Allah üçün olduğunun hüsn-zənni içindəyik, inşallah.

Mübarək torpaqlara xüsusi məhəbbəti olmuşdur. Ömrü boyunca üç dəfə Həcc ibadətini yerinə yetirmişdi. Məkkə və Mədinəyə getmək, orada vəfat etmək, dönməmək kimi bir arzusu var idi.

Allahın evləri olan məscidləri çox sevər, getdiyi hər yerdə məscid ziyarətlərini ehmal etməzdi.

Peyğəmbər məclisləri olan söhbətlərin həyatımızın şəkillənməsində çox böyük rolu vardır. İttifaq baba da bu şüarla söhbət məclislərinə hər zaman əhəmiyyət vermiş, salehlərlə birlikdə olmağın canlı nümunəsi olmuşdur.

Ay ərzində əlinə keçən maddiyyatdan ehtiyac sahiblərinin, kimsəsizlərin payını ayırmağı ehmal etməzdi.

İttifaq baba könlü tox və zəngin, israfdan uzaq bir həyat sürmüşdür. Comərdliyi ilə hər kəs tərəfindən seçilən və sevilən bir şəxsiyyət olmuşdur. İnsanların daima əlindən tutmağı bacaran, üzlərə təbəssüm olan insan olmuşdur.

Ayeyi-kərimədə buyurulduğu kimi: Allaha dəvət edən, saleh əməl işləyən və: “Mən müsəlmanlardanam!” - deyən kimsədən daha gözəl sözlü kim ola bilər?!” (Fussilət, 33)

Rəbbimiz hər birimizə ayeyi-kərimə şümulunda yaşamağı nəsib etsin.

Belə bir ifadə var: “Yaxşı insanlar yaxşı atlarına minərək köçdülər”. Hacı İttifaq baba da səksən altı yaşında bu dünyadan köçdü. Hz. Peyğəmbərimiz (s.ə.s) bir hədisində insanın bütün əməl dəftərlərinin bağlandığını, ancaq üç xüsusda ona savabların yazılmağa davam edəcəyini bildirmişdir. Ümid və dua edirik ki, İttifaq baba da əməl dəftəri bağlanmayanlardan olar.

Nə xoşbəxtdir dünyada xoş səda buraxanlar!..

Nə xoşbəxtdir elin dərdi ilə dərdlənənlər!..

Nə xoşbəxtdir elə ağsaqqal ola bilənlər!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz