BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِنْ تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللهُ عَنْهَا وَاللهُ غَفُورٌ حَلِيمٌ

“Ey iman gətirənlər, sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın! Əgər Quran nazil edilərkən onlar haqqında soruşsanız, onlar sizə açıqlanar. Allah onları (indiyə qədər bu cür suallar verənləri) bağışlamışdır. Allah bağışlayandır, həlimdir”. (əl-Maidə, 5/101)

Bir şey haqqında məlumat əldə etməyin ən gözəl yollarından biri sual verməkdir. Səhabələr də İslam dinini dərindən öyrənmək üçün Həzrət Peyğəmbərə (s.ə.s) bir çox suallar verirdilər. Qurani-Kərimin 15 ayəsindəki “səndən soruşurlar” şəklindəki ifadələr məhz bu həqiqətə işarə edir. Bəzən də sual vermək surətilə qarşıdakı şəxsin diqqəti həmin mövzuya cəlb edilir. Qurani-Kərimdə də mövcud olan bu üsula “Haqq-hesab gününü yalan hesab edəni gördünmü?!” (əl-Maun, 107/1) və “Bəs içdiyiniz su barədə nə deyirsiniz?!” (əl-Vaqiə, 56/68) ayələrini misal göstərmək olar.

Elə isə yuxarıda qeyd olunan ayədə “Sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın!” ifadəsi ilə Uca Allah nə demək istəmişdir?! Təfsirçilərə görə, biliyi artırmayan, nəzakət qaydalarına uyğun olmayan və yersiz suallar soruşmaq doğru deyildir. Mənbələrdə bu ayənin səbəbi-nüzulu kimi qeyd olunan rəvayətə görə, həcc ibadətinin fərz olduğunu bildirən ayə nazil olduğu zaman Həzrət Peyğəmbər (s.ə.s) xütbə verərək bunu səhabələrinə xəbər vermişdi. Bu əsnada səhabələrdən biri: “Ey Allahın Rəsulu, hər il (həcc etmək fərzdirmi)?” – deyə sual verdi. Allah Rəsulu bu sualı eşitməməzliyə vursa da, səhabə üç dəfə sualını təkrarladı. Nəhayət, Həzrət Peyğəmbər (s.ə.s) belə buyurdu: “Əgər “bəli!” desəydim, fərz olacaqdı. Ancaq sizin buna gücünüz çatmazdı. Mənim bəhs etmədiyim mövzularda sual verməyin. Sizdən əvvəlki bəzi qövmlər peyğəmbərlərinə çoxlu sual verib sonra da bu barədə ixtilafa düşdükləri üçün məhv olmuşdular...” (Müslim, Həcc, 412) Belə ki, növbəti ayədə də Allah-Təala: “Sizdən əvvəlki bir qövm də onları (lüzumsuz suallar) soruşmuş, sonra isə ona görə (açıqlanan hökmü yerinə yetirmədiklərinə görə) kafir olmuşdular” (əl-Maidə, 5/102) – buyuraraq bu həqiqətə işarə etmişdir. Eyni zamanda hərdən bəzi kimsələr Peyğəmbərimizə (s.ə.s) “Dəvəm indi hardadır?”, “Atam kimdir?” kimi absurd suallar verirdilər.

Nəticə etibarilə, bu ayə möminlərə bütövlüklə sual verməyi qadağan etmir, lakin dünya və axirəti üçün hər hansı bir faydası olmayan, yersiz və boş-boş suallar verməkdən çəkindirir. Buna görə də mömin kimsə insanlarla danışığında diqqətli olmalı, başqalarını incidəcək, boş yerə vaxtlarını alacaq və ya istehzaya səbəb olacaq suallar verməkdən uzaq durmalıdır.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz