Deyilən söz yadigardır
Səməd Vurğun dilimizin əzbərinə çevrilən, içimizdə doğma bir layla kimi səslənən “Azərbaycan” şeirində tarixi köklərimizi anaraq deyirdi:
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır...
“Deyilən söz yadigardır” bəndi zərb-məsələ çevrilib. Hər nə qədər burada “söz” diqqət mərkəzində olsa da, əslində, ondan üstdəki bir-iki bəndə nəzər salanda bunu rahatlıqla deyə bilərik ki, şair sözün təkcə dildə səslənməsini deyil, Nizami kimi, Füzuli kimi əsərlərlə sözə (dünya durduqca) “ölməzlik” bəxş etməyi nəzərdə tutur.
Yazının tarixi barədə sadə bir araşdırma aparsaq, qarşımıza çıxan ilk yazı nümunələri 5500-6000 il əvvələ aid qədim Şumer yazıları olacaq. Halbuki, əqidəmizə görə, Allah-Təala ilk insan Həzrət Adəmə (ə.s) kəlmələri, sözü öyrətmişdi və onun Yer üzünə enməsindən sonra səhifələr nazil etmişdi. Təkcə o deyil, ondan sonra Şit (ə.s), İdris (ə.s), İbrahim (ə.s) da yazı ilə iç-içə olan peyğəmbərlərdir. Onların yazıdan məlumatlı olduqlarını bilirik, amma nə cür yazırdılar, hərf-hərf, yoxsa hər kəlməni, yaxud hər cümləni bir işarə əvəz edirdi, orasını bilmirik.
Elmi reallıq bundan ibarətdir ki, əlimizə gəlib çatan ilk yazı nümunələrinin beş-altı min il yaşı var. Bu, bildiyimiz insanlıq tarixinin haradasa orta dövrləridir, deyə bilərik. Həmin dövrdə dünyanın bir çox bölgələrində insan var idi. Onlar da bir-birinə nəsə öyrədirdilər, danışırdılar, yaşamaq və gələcək nəsillərini yaşatmaq üçün səy göstərirdilər. Lakin onların deyil, bu gün məhz Şumerlərin nə yazdığını, bir-birinə nə danışdığını öyrənə, eşidə bilirik, daş kitabələrin sayəsində.
Miladdan 4000-2000 il əvvəl iki çay (Dəclə-Fərat) arasındakı Mesopotamiyada hökmran olmuş Şumerlər dövründə yazı mədəniyyəti o qədər inkişaf etmişdi ki, 1850-1900-cü illərdə aparılan qazıntılarda Assuriyanın saray kitabxanası aşkarlanmış və 30 minə yaxın gil və daş lövhələrə qazılmış kitabələr aşkarlandı. Şəkli (piktoqrafik) yazı nümunələrindən olan mixi yazıları hər nə qədər bizim üçün yazının ilk – inkişaf etməmiş mərhələsi kimi görünsə də, onlar öz düşündüklərini, inandıqlarını, milli-mənəvi dəyərlərini bu yazı vasitəsi ilə 6000 il sonrakı dövrə ötürməyə nail oldular. Yazı mühümdür, doğruları yazmaq daha da mühümdür.
Şumer kitabələrində dini nöqteyi-nəzərdən diqqət çəkən bir çox rəvayətlər var. Onlar arasında tamamilə xəyal məhsulu, çoxilahlı əqidə məhsulları çoxluq təşkil etsə də, bizim əqidəmizlə, ilahi həqiqətlərlə üst-üstə düşən məqamlar da az deyil. Məsələn, şiddətli sınağa çəkilərək uzun müddət əzablara, xəstəliklərə düçar olan, dözümü sayəsində tanrının ona itirdiyi hər şeyi geri qaytardığı mömin bir kəsdən bəhs edilir. Yaxud Gilqameş dastanında yer alan hökmdar, hansı ki, tanrı tərəfindən yer üzünü tufan bürüyəcəyi xəbərini alır və gəmi inşa edir. Beləliklə, boğulmaqdan xilas olur. Yadımıza Əyyub (ə.s), Nuh (ə.s) düşür. Yaradılış haqqında dastanda yer və göyün bitişik ikən ayrılması, hər şeyin sudan, insanın palçıqdan yaradılması kimi məlumatlar da böyük ölçüdə dinimizin qəbul etdiyi həqiqətlərlə uyğunluq təşkil edir. Yer adlarının, şəxs isimlərinin fərqli olması o qədər də mühüm deyil, çünki bu gün belə hansısa şəhəri öz sakinləri başqa cür, dünyanın fərqli bölgələri başqa cür adlandıra bilir.
Mənim əsas diqqət çəkmək istədiyim xüsus bu kitabələrdə olduqca bariz şəkildə gözə çarpan politeist – çox ilahlı bir düşüncənin sərgilənməsidir. Burada hadisələr bir çox ilahların işə qarışması ilə izah edilir. Bu da Şumer mədəniyyətində dini əqidənin tövhiddən uzaqlaşdığının, kökündə bir çox həqiqi məlumatlar yer alsa da, bunların zamanla deformasiyaya məruz qaldığının təzahürüdür. Şumer mədəniyyətinin birdən-birə yer altına çəkilib yoxa çıxması da əslində bizim üçün maraqlı bir faktdır ki, Şumerlərin, onlardan sonra gələn Babil mədəniyyəti ilə aralarındakı üç əsrlik yoxluq dövrü alimlər üçün böyük müəmma idi. Bu müəmma yaxın illərdə iqlim tədqiqatçıları tərəfindən öz izahını tapdı. Torpaq qatlarını araşdıran alimlər həmin bölgədə o dövrdə böyük qıtlıq yaşandığını, su mənbələrinin quruduğunu, tufan nəticəsində tərk edilmiş yaşayış məskənlərinin qum və torpaq altında qaldığını təsbit etdilər. Bizə isə bundan ibrət götürmək, qövmlərin həlakını düşünmək və doğru yoldan azmaqdan Allaha sığınmaq qalır.
Bu gün həyatımıza internet girdiyinə görə məlumat əldə etmək mənasında böyük bir rahatlığa nail olmuşuq. Lakin əlli il sonra əsas məlumat mənbəyimiz nə olacaq, onu bilmirik. Yazı isə 6000 il əvvəldən əl yelləyir, daşıdığı məlumatı bizə çatdırır. Yazılanlar yadigar qalır, yazılmayanlar isə onu eşidənlərlə, görənlərlə birlikdə yaddan çıxıb gedir. Gələcək nəsillərə sağlam məlumat ötürmək istəyiriksə bu gün əldəki yazılı mətbuatımıza ayrı cür qayğı ilə yanaşmaq, yaşatmaq onlar qarşısında tarixi borcumuzdur.
ŞƏRHLƏR