SUAL? - CAVAB!
Sual: Allahın ibadətə ehtiyacı yoxdursa, nə üçün bizdən ibadət etməyi tələb edir?
Cavab: Uca Allahı digər varlıqlardan fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri də Onun heç bir şeyə möhtac olmamasıdır. Çünki O, bütün nöqsan sifətlərdən münəzzəhdir. Uca Allah “İxlas” surəsinin 2-ci ayəsində belə buyurur: “Allah Saməddir”. Yəni Uca Allah heç kəsə və heç nəyə möhtac deyil, əksinə, hamı Ona möhtacdır. O, əzəlidir, əbədidir. Uca Allahdan savayı bütün varlıqlar isə yoxluqdan varlığa keçə bilmək üçün bir var edənə, yaradana möhtacdırlar. Məhz sözügedən bu ehtiyac yalnız var olmaq üçün yox, var olduqdan sonra varlığını davam etdirə bilmək üçün də zəruri bir haldır. Uca Allah “Fatir” surəsinin 41-ci ayəsində belə buyurur: “Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir, bağışlayandır”.
Uca Allahın əmr və qadağalarının faydası və yaxud əmr və qadağalara tabe olmamağın zərəri insanın özünə aiddir. Uca Allah “Yunus” surəsinin 108-ci ayəsində Peyğəmbərinin dilindən belə buyurur: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”. Odur ki, ibadətlərin əmr edilməsində məqsəd insanların dünya və axirət səadətinə nail olmaları, həmçinin onlardan müxtəlif zərərləri uzaqlaşdırmaqdır. İslam alimləri haqq dini belə tərif etmişlər: “Din – insanları öz iradələri ilə dünya və axirət xoşbəxtliyinə vasil edən ilahi qanunlar toplusudur”.
İnsanın ruhu ibadətə möhtacdır. Uca Allah insanın bədənini yemək, içmək və geyinmək kimi şeylərə möhtac etdiyi kimi, onun ruhunu da ibadətlərlə qidalanmağa möhtac halda yaratmışdır. İnsan sözügedən qidaları qəbul etmədikdə necə xəstələnirsə, mənəvi qidalardan yoxsun qaldıqda da xəstələnməyə məhkum olan bir varlıqdır. Məhz bu səbəbdən insan fitrətində olan Uca Yaradana yönəlmə duyğusunu düzgün bəslədikdə mənəvi ehtiyaclarına da cavab vermiş olur və beləliklə də, kamilliyə doğru addımlamağa başlayır. Ancaq insan möhtac olan bir varlıq olduğunu unutduqda yoldan çıxmağa və azğınlaşmağa başlayır. Onu təkəbbür hissi bürüyür və artıq heç bir şeyə ehtiyac duymadığını zənn edir. Məhz bu anlayışda olan insan artıq öz nəfsini və arzularını ilah kimi qəbul etməyə məhkum olur. Uca Allah “Furqan” surəsinin 43-cü ayəsində belə buyurur: “Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?”; “Ələq” surəsinin 6-8-ci ayələrində isə belə buyurur: “Xeyr! Həqiqətən, insan çox azğınlıq edir. Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür. Şübhəsiz ki, axır dönüş Rəbbinədir”.
Odur ki, insanın ruhunda və fitrətində mövcud olan ibadət ehtiyacını başqa bir şeylə aradan qaldırması qeyri-mümkündür. İnsan aclığını qida, susuzluğunu su ilə aradan qaldırdığı kimi, fitrətində olan ibadət ehtiyacını da Uca Allaha qulluq edərək aradan qıldırmalıdır. Çünki bu dünyada mövcud olan bütün imkanlar insanın bədəninə xitab edir və bunların hamısı müvəqqəti olan dünya nemətləridir. Məhz bu səbəbdən insanın əxlaqi cəhətdən kamilləşməsi, mənəvi cəhətdən ucalması və sözün əsl mənasında daxilən xoşbəxtliyə nail olması özünün yaradanı olan Uca Allaha qulluq, ibadət, dua və zikr ilə mümkündür. Uca Allah “Rəd” surəsinin 28-ci ayəsində belə buyurur: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar”.
Sual: Qurani-Kərimi avazla oxumaq nə qədər düzgündür?
Cavab: Əvvəla qeyd edək ki, Qurani-Kərim oxumaq və onun ayələrini düşünmək ən mühüm ibadətlərdən biridir. Onu avazla oxumaq məsələsinə gəlincə, “Müzzəmmil” surəsinin 4-cü ayəsində Uca Allah belə buyurur: “Quranı “tərtil” ilə (asta-asta, ağır-ağır) oxu”. Bu ayədə qeyd edilən “tərtil” üzrə oxunmasının vacibliyini İslam alimləri təcvidə riayət edərək asta-asta və ağır-ağır oxunması ilə izah etmişlər. Çünki belə oxunduqda Quran ayələri daha yaxşı dərk edilir və dərindən təfəkkür etmək fürsəti yaranır. Bundan əlavə, Həzrət Peyğəmbərimizin (s.ə.s) hədisi-şəriflərinə nəzər saldıqda aydın olur ki, buradakı “tərtil” kəlməsi eyni zamanda gözəl səslə və avazla oxumağı da əhatə edir. Belə ki, Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur: “Quranı səslərinizlə bəzəyin!” (Əbu Davud, Vitr, 20; İbn Macə, İqamətüs-səlat, 176). Odur ki, Uca Allahın müsəlmanlara buyurduğu Quranın “tərtil” üzrə oxunması geniş bir məfhum olub “təfəkkür edilərək, təlimə və təcvidə riayət edərək, gözəl səs və avazla” oxunmasını, eləcə də ən əsası və ən vacibi oxunanlara əməl edilməsini və hər bir müsəlmanın öz həyatına tətbiq etməsini əhatə edir.
ŞƏRHLƏR