Türk hissiyyatı, müsəlman heysiyyəti
Modern çağ dünyamızı xaotik görüntülərlə sıxışdırılmış bir formaya salıb. Nizamlı, bir-birinin ardınca sakitcə keçid edən estetik fotoların verdiyi həzzi yaşamağa həsrət buraxıb, qarma-qarışıq səhnələrin ani keçidinin hissləri çaşbaş qoyduğu və hekayənin yemək kimi bişirilib, boşqaba çəkilib, qaşıqla izləyicinin ağzına aparıldığı filmlərə həsəd aparan modern çağ... Rəngli ekranın qarşısında əyləşdirib əsaslı-əsassız informasiya bombardmanına tutan, sərhədləri aşaraq insanın vizuallığını ön plana çıxarıb reklam nəsnəsi halına gətirən, qəlibləşmiş seriallarla qəhrəman prototipinin yerinə reallığın fövqündə duran xəyali qəhrəmanı qoyan modern çağ... Həyatımızın mərkəzindən insanı çıxardıb texnikanı/texnologiyanı qoyan, insan ağlını insan məhsulu olan robotun əməliyyat aparma bacarığından aşağı görən, həyatımızın xətlərini müəyyən edən, cığır açıb arxasınca sürükləyən modern çağ... Kameralarla dünyanı panoptikon həbsxanaya çevirən, individuallığı yoxa çıxardıb hər kəsi eyni formaya salan, həyatımızın məhrəmiyyətini əlimizdən alan, paranoid kölgə kimi daim bizi izləyən modern çağ...
İnsaniliyi lüğətindən çıxardan modern çağda ən çətini insan qalmaqdır. Xüsusən də dövrün içində özünü türk hissiyyatlı, müsəlman heysiyyətli görən, ağlının işləmə mexanizm kodunu bunların üstündə quran kəslərə. İnsaniliyi qoruyaraq məğruranə nümayiş etdirməkdir, sinəni irəli verərək haqq sözünü səsləndirməkdir, Haqqın və haqlının tərəfində durmaqdır, fağırın və fəqirin yanında olmaqdır, nə olursa olsun ədalətdən və əxlaqdan yan keçməməkdir, hər şeyini əlindən alsan da şərəfini, qürurunu və mənlik/kimlik şüurunu heç vaxt əlindən ala bilməməkdir, itaətə məcbur edilmişliyin içində azadlığı hiss etməkdir, azadlığın qoxusunu hiss etmək üçün boynunun vurulmasını, dərisinin soyulmasını gözə almaqdır, başının qanını axıtmaq bahasına olsa da manqurtluq dərisini qoparmaqdır, heç kimdən asılı, heç kəsə qul olmamaqdır, sadəcə və sadəcə bir tək Allaha qul, bir tək ona təslim olmaqdır türk hissiyyatı.
Türklük nə irqi, nə də coğrafidir; tamamilə mədəni bağla, şüurla əlaqəlidir. Düşüncəsi türk olmayanın istər əcdadı Mete xaqana gedib çatsın, istərsə də Orta Asiyanın mərkəzindən gəlmiş olsun, bir işə yaramaz. Öncə şüuru türk olacaq ki, həyatı kimliyini ehtiva etsin. Orta əsrlərdə hər hansısa bir yerdə yardıma möhtac insanların dadına çatan, haqsızlığa dözməyib haqqı müdafiə edən, dəli-dolu, mərd, cəsur adam görəndə “türkdür” deyərdilər. Orta əsrlərdə türklər bir yerə gedəndə “ədalət, mərhəmət gəldi” deyərdilər. Çünki türkün qeyri-insani davranışlara bir r-e-f-l-e-k-s-i vardı. Dili və əməli ilə öz hissiyyatını meydana qoymasaydı, vicdanı onu rahat buraxmazdı.
Kapitalı və gücü tanrılaşdıran, dini inkar edib “texnika bütləri”nə sitayişi təbliğ edən, yeni dünya sistemi içində yenidən insan-tanrı modelini tətbiq etməyə çalışan modern çağda müsəlman heysiyyəti ilə yaşamaq... Yeni dünya müsəlmanı özününkü kimi görmür, yad cisim adlandırır, kəsib tullamaq, ondan qurtulmaq istəyir. Çünki müsəlman hissiyyatı “Güc tanrılarının” insanlardan qurduğu nərdivanda insanların başına basaraq addımlamağa, “Kapital tanrılarının” insanları aclığa məcbur buraxmağına imkan verməz, nəfsinə məğlub bu “tanrılara” boyun əyməz. Çünki müsəlman hissiyyatı Allahdan başqasına boyun əyməz, bir tək Allaha səcdə edər. Orta əsrə elmi müstəvidə qızıl dövrünü bəxş edən, dövlət-vətəndaş, dövlət-siyasət, dövlət-iqtisadiyyat, dövlət-inanc kimi idarəetmə mexanizmlərinin bir təmələ əsaslandığı, hər kəsin arzuladığı ideal sosial dövlət anlayışını tətbiq edən məhz İslam idi. Təbii ki, bütün bunlar insani xüsusiyyətlərdir. Fəqət, modern çağ i-n-s-a-n-i deyil.
Əvvəlcə insani olanlardan qurtulmağa çalışdılar və əfsuslar olsun ki, müəyyən qədər bacardılar. Kəsib yaxa qurtara bilmədiklərini isə dəyişdirməyə başladılar. Bizdən fərqli olaraq “türkləşmək, islamlaşmaq, avropalılaşmaq” fikrindən də istifadə etdilər. Biz qiyafəmizi avropalı etməkdənsə, hissiyyatımız və heysiyyətimizi avropalı/qərbli etdik. Nəticədə, modern çağın quyusuna itələdiyi digər insanları oradan dartıb çıxartmaq bir yana, özümüz s-t-a-n-d-a-r-t-l-a-ş-d-ı-q, bəzilərimiz daxilimizdə qeybə çəkildik, bəzilərimiz heysiyyətimizi zindanımıza saldıq, özümüzü - müsəlman heysiyyətini itirdik.
Niyə? Ona görə ki, bəzən bəzilərinin əmrini Allahın əmrindən üstün tutduq, Allahdan başqasına və ya başqalarına qul/kölə olduq. Allahın görməyindən yox, modern çağın hər yerdə bizi izləyən kameralarından qorxduq; Allahın eşitməyindən yox, modern çağın bizi hər an dinləyən mikrofonlarından qorxduq. Kameraların çəkmədiyi, mikrofonların işləmədiyi yerlərdə dövlətdən, millətdən, ailədən, dostlardan, işdən oğurladıq, onları aldatdıq, quyularını qazıb insan bədənlərindən yığılan nərdivanların bir pilləsinə atdıq, əzildik və heyfimizi başqalarından çıxaraq biz də əzdik, evimizdən çıxarkən həqiqi özümüzə pərdə çəkib kimliyimizin üstünü örtdük, görüntülər dünyasının əsirinə çevrilib görüntü müsəlmanına çevrildik, müsəlman heysiyyətinin açarı əxlaqımızı modern əxlaqa qurban verdik, Allaha yalvarmağı nisyə görüb başqalarına yalvardıq, yaltaqlandıq, zənginləşməyi elmiləşməkdən üstün tutduq, özümüzü başqalarından üstün gördük, ipi qırılmaq üzrə olan körpüdən əvvəlcə özümüz qaçıb yolu keçməyə çalışdıq, modern çağa qurban gedib işlərimizdə faydanı başqası üçün yox, özümüz üçün etdik. Halbuki nə türk hissiyyatında, nə də müsəlman heysiyyətində bunlar yoxdur.
Hissiyyatı və heysiyyəti ilə yaşayanlara salam və dua ilə...
ŞƏRHLƏR