YENİ DÜNYANIN KÖHNƏ İNSANLARI
Tarix boyu insanlar arasında münaqişələr, mübarizələr və müharibələr olub. Kimisi bunu vəzifə, kimisi var-dövlət, kimisi də şan-şöhrət üçün edib. Nəticədə, udanlar da qara torpağın altında səssizliyə qərq olub, uduzanlar da. Dünya yarandığı gündən bu günə qədər müxtəlif nəsillərin müvəqqəti yaşama mərkəzi olaraq hələ də varlığını qoruyur və hər gələn nəsil nə qədər ərkəsöyünlük edib bir çox fəlakətlərə imza atsa da, o hələ də öz təmkinli duruşunu qoruyaraq fırlanmağa davam edir.
Nəsillərdən söz açmışkən onu da qeyd edim ki, son zamanlar nəsillər arasında istər sosioloji, istərsə də psixoloji fərqlilikləri baxımından üç fərqli sinifləndirmə aparılır. Bunlardan birincisi, 1965-1979-cu illər arasında dünyaya gəlib yoxluq və çətinlik illərində yaşayan “X” nəslidir. Bu nəslin spesifik xüsusiyyətləri qayda-qanunlara olduğu kimi riayət etmək, iş saatlarına diqqət göstərib tənbəllik etmədən çalışmağı sevməkdir. İkincisi, 1980-1999-cu illər arasında texnoloji inkişafın sürətlənmə mərhələsinə təsadüf edən “Y” nəslidir. Bu nəslin əsas xüsusiyyəti “X” və “Z” nəsli arasında körpü vəzifəsi oynamaqdır. Onlar eyni zamanda səbirsiz, üzərlərindəki nüfuz sahibinin təyziqlərinə dözməyə çətinlik çəkən və eyni zamanda dəyişikliyə ayaq uydura bilən insanlardır. Və nəhayət, 2000-2020-ci illər arasında inkişaf etmiş texnologiyanın içərisində dünyaya gələn “Z” nəsli. Bu nəsil yüksək “IQ” səviyyəsinə sahib, sosial münasibətləri internet üzərindən quran, eyni anda bir neçə işlə məşğul ola bilən, ənənəvi dəyərlərə bir o qədər də əhəmiyyət verməyən, komplekssiz və gördükləri işdən tez bezən tiplərdir.
COVİD-19 pandemiyasından sonra dünyanın son şəklinə baxdığımız zaman yaranan yeni mühit daha çox “Z” nəslinin nümayəndələrinin işinə yarayır. Belə ki, sosial izolyasiyadan tut, elektron alış-verişə qədər bütün yeni tətbiqlər onlar üçün bir o qədər də anormal hal kimi qəbul olunmur. “X” nəsli başda olmaqla “Y” nəsli isə bu həyat tərzini qəribliklə qarşılayır. Daha çox real münasibətlərə əhəmiyyət verən bu nəsillərin nümayəndələri bir çox vərdişləri ilə vidalaşmaq məcburiyyətində qalırlar.
Bəs bu mühitin bizə qazandırdığı və bizdən aldığı nədir? İlk növbədə, iki ay bundan əvvələ qədər övladlarımızı kompüter və internetdən uzaq tutmağa çalışsaq da, indi buna özümüz könüllü şəkildə imkan yaradırıq. Çünki istər orta məktəb dərslərinin, istərsə də universitet dərslərinin “online” keçirilməsi bu ehtiyacdan istifadəni qaçınılmaz edir. “Z” nəsli olan övladlarımızın bu mühitə öyrəşməsi asan olsa da, bizlərin öyrəşməsi bir az vaxt alacaq kimi görünür. Bu baxımdan öz dəyərlərimizə bağlı qalaraq övladlarımıza internetdən düzgün istifadə qaydalarını aşılamaq vəzifəsi, bəlkə də, hər birimiz üçün ən prioritet məsələ olmalıdır.
Dünyadakı internet istifadəçiləri arasında aparılan 2020-ci ilin mart ayına olan son tədqiqatda koronavirusun yayılması səbəbi ilə evdəki media istehlakı bizim qarşımıza aşağıdakı nəticələri qoyur. Ümumi mənzərənin ortaya çıxması baxımından sadəcə dövlətimizi deyil, ümumi olaraq dünya miqyasında olan ortalama nəticələri diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, bu yeni dövr ərzində respondentlərin 67%-i internetdən daha çox xəbərləri izlədiyini, 51%-i Netfilix kimi xidmətlərdən istifadə edərək filmlərə baxdığını, 45%-i TV kanallar izlədiyini, 45%-i WhatsApp, Messenger kimi mesajlaşma vasitələrindən istifadə etdiyini, 44%-i Facebook, Instagram, Twitter kimi sosial şəbəkələrdə vaxt keçirdiyini, 36%-i “online” kompüter oyunları oynadığını, 35%-i daha çox elektron kitab oxuduğunu və ya audiokitab dinlədiyini, 35%-i yayım xidmətlərindən Apple Music, Spotify kimi xidmətləri dinlədiyini, 18%-i daha çox radio dinlədiyini, 16%-i daha çox elektron jurnal və qəzet oxuduğunu, 14%-i Youtube və Tiktok üçün video hazırlayıb yüklədiyini, 12%-i də daha çox müxtəlif podcastlar dinlədiyini bildirmişdir.
Bu nəticələrdən açıq-aydın görə bilirik ki, internet insan üçün həm faydalı, həm də zərərli vərdişləri özündə ehtiva edən böyük bir virtual dünyadır. Bu dünyada yaxşılarla pislər arasında doğru seçim etmək isə ağıl və şüura sahib olan insan övladının öz üzərinə düşür. Yuxarıda da qeyd etdiyimiz kimi, “Z” nəslinin nümayəndələri olan övladlarımız, demək olar ki, həyatlarının yarısından çoxunu bizim bildiyimiz bu real dünyada yox, məhz internetin təqdim etdiyi virtual dünyada yaşayır. Bu məqamda valideyn olaraq üzərimizə düşən vəzifə onları bu dünyanın faydalı sahələrinə istiqamətləndirməkdir. Əks halda, o dünyanın yaratdığı problemlər, bu dünyanın problemlərindən daha təhlükəli görünür.
Necə deyərlər, əgər bir məmləkəti abadlaşdırarkən o məmləkətin gənclərinin əxlaqi dəyərlərini gözardı edirsənsə, deməli, sən abadlaşdırdığın məmləkəti məhv edəcək bir nəsil yetişdirirsən. Son olaraq, unutmayaq ki, dünya köhnəlmir, sadəcə insanların zehinlərinə görə şəklini dəyişir. Zehinlərimizi pisə doğru dəyişməyək ki, dünyamız məhv olmasın.
ŞƏRHLƏR