HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 7

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 7

Yunus Əmrə həzrətləri buyurur:

Hər kim mənə əğyar isə

Haqq Tanrı yar olsun ona,

Hər qancaru[1] varır isə

Bağu-bahar olsun ona.

Mənə ağu[2] sunan kişi,

Şəhdü[3]-şəkər olsun aşı,

Gəlsin qolay cümlə işi,

Əli erər olsun ona.

Önümcə quyu qazanı,

Haqq taxtın ağdırsın[4] onu,

Ardımca daşlar atanı,

Güllər nisar[5] olsun ona…

Könüllər Allah məhəbbəti ilə kamilliyə çatdıqdan sonra artıq fanilərin əza və cəfaları, həyatın eniş-yoxuşları bütün mənasını itirər, qəlbə heç bir təsir etməz. Artıq çəkilən əziyyətlər də rəhmətə çevrilər, tikan gül olar.

Allah-Təalanın rizasına və məhəbbətinə nail olmaq istəyən kəs şəxsinə qarşı olunan pisliyə belə yaxşılıqla qarşılıq verməyi, insanların əza və cəfalarına Allah üçün əhəmiyyət verməməyi həyat düsturuna çevirməlidir. Məhz Rəbbimizin insanlığa nümunəvi şəxsiyyətlər olaraq lütf etdiyi peyğəmbərlər, mürşidi-kamillər, alimlər və ariflər daima bu gözəl əxlaqı sərgiləmişlər.

Taifdə Həzrət Peyğəmbər r onu daşlayanların həlakı üçün deyil, hidayəti üçün dua etmişdir. Bu da geniş könül üfüqünün möhtəşəm bir təzahürüdür. O rəhmət peyğəmbəri belə dua etmişdi:

“Allahım, gücümün zəifliyini, çarəsizliyimi, insanların nəzərində xor və həqir hala düşməyimi Sənə ərz edirəm.

Ey mərhəmətlilərin ən mərhəmətlisi, əgər mənə qarşı qəzəbli deyilsənsə, çəkdiyim bütün möhnət və bəlalar mənim üçün bir heçdir.

Allahım, Sən özün qövmümə hidayət ver, onlar bilmirlər…” (İbn Hişam, II, 29-30; Heysəmi, VI, 35)

Çünki Hz. Peyğəmbərin qəlbi Allahla bərabərliyin tərifəsığmaz ləzzəti ilə aram tapmışdı. Bu səbəblə nəfsi üçün hisrlənmək, qəzəblənmək, intiqam ehtirasına qapılmaq kimi nəfsani qüsurlardan uzaq idi.

Uhudda mübarək dişini qırıb üzünü qanadanlara bəddua etmək yerinə dua etməsi, Məkkənin fəthində müşriklərin zülm və işgəncələrinə qarşı qisas alma imkanı ola-ola onları cəzalandırmaq yerinə əfv etməsi və hidayətə gəlmələri üçün Allaha yalvarması, yəni özünə zülm edənlərin belə fəlakətini deyil, səadətini istəməsi bu ali əxlaqın təzahürüdür.

Ayeyi-kərimədə belə buyurulur:

“Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”. (əl-Fussilət, 34)

Həqiqətən də, Yaradandan ötrü yaradılmışlara şəfqət, mərhəmət, əfv və bağışlama duyğusundan doğan bu “ehsan” əxlaqının bərəkəti ilə bir çox azğın düşmən səmimi dosta çevrilmişdir. Çünki insan ehsana məğlubdur. Yaxşılıq görən adam düşməndirsə dost olar; nə dost, nə də düşməndirsə yaxınlaşar; yaxındırsa məhəbbət və səmimiyyəti daha da artar. Pis əməlinə yaxşı cavab alan adam üçün bu yaxşılıq bir daha pislik etməməsinə vəsilə olar.

Digər tərəfdən, bu aləmdə zəif, möhtac və məzlumların halına acımaq lazım olduğu kimi, ən çox acınacaq halda olanlar da mərhəmətdən məhrum zalımlardır. Çünki axirət nöqteyi-nəzərindən baxanda açıq-aydın görmək mümkündür ki, əsl acınacaqlı halda olanlar başqalarına acımadan zülm edən zalımlardır. Bu səbəblə vicdan və insafla vidalaşmış vəhşi kapitalistə, işçisinin haqq və hüququnu tapdalayan qəddar sahibkarın səfil ruhuna, “Halımıza acıyın” fəryadlarına qarşı kar olan qaşqabaqlı çöhrələrə daha çox acımaq lazımdır. Onların həzin aqibətini düşünüb hallarına acımaq isə yalnız ali ruhların bacaracağı işdir.

Bu acımanın mənası isə onlara münasib dillə xəbərdarlıq etmək, zülmlərinə mane olmağa çalışmaq və mərhəməti, şəfqəti, acıma duyğusunu onlara öyrətməkdir. Çünki bunları unudan kəs əbədi səadət qapısının açarını itirən kəsə bənzəyir.

Digər tərəfdən, pislik edənə belə yaxşılıqla cavab verə bilmək nəfsə çox ağır gəlsə də, könülləri fəth edən bir fəzilətdir. Bu əxlaqı yaşamağın dünyəvi tərəfi acı, lakin axirət tərəfi çox şirindir. Bu əxlaq qəlbin məharəti, ruhun zəfəridir. Bu zəfər və nailiyyətin şərəfi də ona çatmaq üçün qatlanılan çətinliklər nisbətində böyükdür.

Şəxsinə qarşı işlənən xətalara hirslənib intiqam almaq xam ruhların nəfsani rahatlıq arayışıdır. Bu fürsət və imkanı əldə edən bir möminin əfv və ehsan edərək qəzəb duyğusunu cilovlaması isə ilahi rəhməti cəlb edən müstəsna ruhi zənginlikdir.

Bu könül genişliyinin əshabi-kiramdakı bir təzahürü belədir:

Kasıb səhabələrdən olan Ulbə bin Zeyd t gecənin bir qismi keçdikdən sonra qalxıb namaz qıldı və belə dua etdi:

“Ey Allahım, sən cihada çıxmağı əmr etdin. Halbuki mən belinə minib Rəsulunla birlikdə cihada yollanacağım bir heyvandan məhrumam. Rəsulunun da əlində məni mindirəcək bir heyvan yoxdur. Hər zaman mal, bədən və əşyamdan boynuma düşən sədəqəni vermişəm. Ey Allahım, qulların içində mənə nəsib etdiyin bu bir parçacıq malımı Sənin üçün sədəqə verirəm!”.

Səhər açılan kimi Rəsulullah r-in yanına gedib:

“Ya Rəsulallah, əlimdə sədəqə olaraq verə biləcəyim heç nə yoxdur. Bu bir parça əşyamı sədəqə edirəm. Bu (azacıq infaqımı xor görərək) məni incidən və ya pis söz söyləyən, yaxud da mənimlə istehza edən kəsə də haqqımı halal edirəm”, - dedi.  

Rəsulullah r məhəbbət və comərdliklə dolu olduğu qədər əfv və mərhəmətlə də yoğrulmuş bu sözlər qarşısında sadəcə:

“Allah sədəqəni qəbul etsin”, - buyurdu, başqa heç nə demədi. Ertəsi gün Allah Rəsulu r Ulbə bin Zeydə:

“Mən sənin sədəqəni qəbul etdim. Səni müjdələyirəm! Muhammədin canını qüdrət əlində tutan Allaha and içirəm ki, sən sədəqəsi qəbul edilənlərin divanına yazıldın”, - buyurdu. (İbn Həcər, əl-İsabə, II, 500; İbn Kəsir, əs-Sirə, IV, 9; Vaqidi, III, 994)

Deməli, insanlardan gələn əza və cəfaları Allah rizası üçün əfv edə bilmək və əfv edə-edə ilahi əfvə layiq olmaq saleh möminlərin sahib olduğu ülvi bir qəlb genişliyidir.

Eynilə Yasin surəsində qissəsi keçən Həbibi Nəccar da onu daşlayaraq şəhid edənlərə nifrət etmək yerinə onların halına acıyaraq belə demişdi:

“…Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”. (Yasin, 26-27)

Həllac Mənsur da onu anlamayanlar tərəfindən daşlanarkən:

“Ey Rəbbim, onlar bilmirlər. Məndən əvvəl məni daşlayanları əfv et!” - deyə dua etmişdi.

Lakin onu da ifadə etmək lazımdır ki, hər qüsuru əfv etmək də doğru deyil. Əfv və bağışlamaq əfv edən adamın şəxsinə qarşı işlənən günahlar xüsusunda keçərlidir.

Həzrət Aişə anamız Hz. Peyğəmbərin bu xüsusda sərgilədiyi nümunəvi davranışı belə ifadə edir:

“…Rəsulullah r özünə qarşı pislik edənlərdən intiqam almadı (yəni cəzalandırmadı). Yalnız Allahın yasaqları tapdandığı zaman həmin yasağa hörmət göstərməyən adamdan Allah üçün intiqam aldı”. (Müslim, Fədail, 79; Əbu Davud, Ədəb, 4)

Yəni elə günahlar var ki, onlar dini və milli müqəddəslərə, cəmiyyətin haqqına təcavüzdür. Bu kimi hallarda əfv etməkdən çox islah məqsədi ilə cəzaya əl atmaq, ədaləti təmin etmək və doğru ilə yanlışı açıq şəkildə elan etmək lazımdır. Çünki ümuma yönələn günahlar əfv edildiyi zaman daha böyük haqsızlıqların önü açılır və topluma zülm edilmiş olur.

Yunus Əmrə həzrətləri buyurur:

Çeşmələrdən bardağın

Doldurmadan qor isən,

Min yıl anda durursa,

Kəndi dolası deyil!

Ayeyi-kərimədə buyurulur:

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!”. (ən-Nəcm, 39)

Kainata baxdıqda heç bir şeydə tənbəllik və ətalət olmadığını görərik. Günəş, ay, ulduzlar, səma, yer üzü və bütün canlılar ilahi təyinatla müəyyənləşdirilən vəzifələrini layiqincə yerinə yetirir, bunun üçün durmadan fırlanır, çalışır, fəaliyyətlərinə ara vermirlər.

Mikro aləmdə də eyni vəziyyəti müşahidə edirik. Atomun içindəki proton, neytron, elektron kimi mikro varlıqlar daima hərəkət halındadır. Allah-Təalaya qulluq üçün yaradılan insan oğlunun bu ilahi nizamdan kənar qalması, Onun yolunda xidmətdən və saleh əməllərdən uzaq qalması necə də böyük qəflətdir.

Hz. Peyğəmbər r əhli-beytini, xüsusilə də çox sevdiyi qızı Fatiməni daima qəflətdən çəkindirmiş, hər fürsətdə saleh əməl işləməyə təşviq etmişdir. Hətta son anlarında da yaxınlarına belə xəbərdarlıq etmişdir:

“Ey Allahın Rəsulu Muhammədin qızı Fatimə, ey xalam Safiyyə, Allah qatında məqbul əməllər işləyin! Çünki mən (qulluq etməyəcəyiniz təqdirdə) sizi Allahın əzabından qurtara bilmərəm!” (İbn Sad, II, 256; Buxari, Mənaqib, 13-14; Müslim, İman, 348-353)

Axirətdə insan üçün faydalı olacaq əməl bu dünyada işlədiyi saleh əməllərdir. Ayeyi-kərimədə belə buyurulur:

“Nəhayət, (onlardan) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!”. (əl-Muminun, 99-100)

Haqq dostlarından Bəyazid Bəstami həzrətləri bir gün yolda gedərkən gənc bir nəfər ayağını onun ayaq izlərinə qoyaraq təqib edirdi. Şeyxin əynində kürk vardı. Həmin gənc:

- Xahiş edirəm, kürkünüzdən bir parça kəsib verin, bərəkət və feyzindən istifadə edək, - dedi. Həzrət ona bu möhtəşəm cavabı verdi:

- Kürkünü yox, Bəyazidin dərisini də geyinsən, onun işlədiyi əməlləri işləmədikcə heç bir faydası olmaz.[6]

Demək ki, zəhmət olmadan rəhmət olmaz. Səy göstərmədən nemət ələ keçməz. Atalarımızın “baba himmət, övlad qeyrət” sözü məşhurdur. Yəni himmət / mənəvi yardım səmimiyyətlə çalışanlara nəsib olar. Hərəkət etmədən, səy göstərmədən himmət ummaq toxum əkmədən məhsul gözləmək kimi xam bir xəyal, boş ümiddir.

Ayeyi-kərimədə kafirlərlə əlaqəli verilən təşbeh bu xüsusda olduqca mənalı bir xəbərdarlıqdır:

“…(Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan, lakin suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir”. (ər-Rad, 14)

Bir ərəb zərbi-məsəlində də: “مَنْ دَقَّ دُقَّ” yəni “İnsan etdiyini görər”, - deyilir.

Bununla birlikdə, axirətdə heç kimi əməli qurtarmaz. Haqq-Təalanın lütfü, kərəmi, ehsanı, əfvi və mərhəməti olmasa heç bir qul sırf əməli sayəsində qurtula bilməz. Lakin orada qurtuluşa nail olacaqlar da dünyada ikən Allah-Təalanın rəhmətini umaraq əlindən gələn heç bir əməli səmimiyyətlə işləməkdən geri durmayanlardır.

Rəsulullah r:

“İstəməyənlər xaric, bütün ümmətim cənnətə girəcək”, - buyurdu.

Bu zaman:

“Ey Allahın Elçisi, axı kim cənnətə girməyi istəməz?” - dedilər. Hz. Peyğəmbər r:

“Mənə itaət edənlər cənnətə girər; mənə qarşı gələnlər isə cənnəti istəməyənlərdir”, - buyurdu. (Buxari, Etisam, 2)

Elə isə Allah və Rəsuluna itaət edərək fərzləri, vacibləri, sünnələri, müstəhəbləri əlimizdən gəldiyi qədər yerinə yetirərək, haramlardan, kərahətlərdən uzaq duraraq bu dünyaya gəliş məqsədimiz olan qulluğumuzu ciddi cəhdlə yerinə yetirməliyik. Əks təqdirdə, biz qulluğumuzu yerinə yetirməsək, başqası bizim yerimizə bunu etməyəcək.

Həzrət Osman t buyurur:

“Ey Adəm oğlu, bunu bil ki, öz nəfsindən qafil olar və gələcəyin üçün hazırlıq etməzsən, əlbəttə ki, başqası sənin üçün hazırlıq görməz. Mütləq Allahın hüzuruna çıxacağını unutma, ona görə də özün üçün hazırlıq görüb lazım olan ruzini yığ. Əsla bu işi başqasına həvalə etmək fikrinə düşmə”. (Əli əl-Müttəqi, № 42790)

Yunus Əmrə həzrətləri buyurur:

Ana rəhmindən gəldik bazara;

Bir kəfən aldıq döndük məzara!..

Ayeyi-kərimədə dünya həyatının müddəti belə təsvir edilir:

“Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!”. (ən-Naziat, 46)

Ruhlar aləmi ilə bərzəx aləmi arasında qısa bir qonaqlama məkanı olan dünya həyatı əbədi aləmin yanında dəryadan bir damla hökmündədir. Həzrət Ömər t-ın ifadəsi ilə desək:

“Axirətin yanında dünya nədir ki?! Eynilə dovşanın bir sıçrayışına bənzəyir”. (İbn Əbi Şeybə, Müsənnəf, VIII, 152)

Dünya bazarının göz qamaşdıran, könülləri cəzb edən, uğrunda ömür hədər edilən fani nemətləri elə bu dünyada da qalacaq. İnsan qəbrə gedərkən özü ilə dünyadan yalnız bir parça kəfən aparar. Həyat bazarının ən dəbdəbəli libası olan kəfən bütün fani alış-verişlərin bitiş nöqtəsi deyilmi?

Allah-Təala sırf dünyəvi və nəfsani ehtiraslar ardınca düşərək ömrünü hədər edib axirətə əliboş gedən bədbəxtlər haqqında «عَامِلَةٌ نَاصِبَةٌ» “Əlləşib-vuruşmuş, (lakin boş yerə) yorulmuşdur!” (əl-Ğaşiyə, 3) - buyurur.

Elə isə bizi son nəfəsdə tərk edəcək dünyalıq uğrunda Allahı unutmaqdan, Onun qəzəbini cəlb edəcək hal və davranışlara meyl etməkdən, axirətə hazırlıq vəzifəmizə səhlənkar yanaşmaqdan həssaslıqla uzaq durmalıyıq.

Mövlana həzrətləri buyurur:

“Dünya həyatı röyadan ibarətdir. Dünyada sərvət sahibi olmaq yuxuda xəzinə tapmağa bənzəyir. Dünya malı nəsildən-nəslə ötürülərək yenə də dünyada qalar”.

“Ölüm mələyi qafil zənginin canını almaqla onu yuxudan oyadar. O da əslində sahibi olmadığı bir mal üçün dünyada çəkdiyi əziyyətlərə heyrətlə ax-vay edər və peşman olar. Lakin artıq iş işdən keçmiş, hər şey sona çatmışdır”.

Xülasə, dünya əldən-ələ keçən bir mülkdür. Burada əbədi və yerli ədası ilə ömür sürmək böyük qəflətdir.

Qısa bir zaman ərzində qonaq olduğumuz bu dünyada rahat yaşamaq üçün günümüzün nə qədərini sərf edirik? Bunun müqabilində əbədi qalacağımız axirətə hazırlıq üçün günümüzün neçə saatını ayırırıq? Özümüzü bu xüsusda ciddi hesaba çəkməliyik.

Hikmət əhlindən olan bir nəfərin bu ifadələri necə də mənalıdır:

“Dünya qızıldan, lakin fani olsa, axirətsə gildən, amma əbədi olsa, ağıllı insan əbədi olanı seçər. Vəziyyət bunun əksi olduğu təqdirdə, yəni dünya palçıqdan və fani, axirətsə qızıldan və əbədi olduğu halda nə etmək lazımdır?!”[7]

Yunus Əmrə həzrətləri buyurur:

Gəl gedəlim can durmadan,

Surət tərkini urmadan,[8]

Araya düşmən girmədən,

Gəl dosta gedəlim, könül!

Ölüm xəbəri gəlmədən,

Əcəl yaxamız almadan,

Əzrayıl həmlə qılmadan,

Gəl dosta gedəlim, könül!

Fani həyat bulağı əbədiyyət dəryasına doğru durmadan sürətlə axır. Dünyanın gündüz və gecələrini sanki heç bitməyəcəkmiş kimi tükədərkən, qəflətən, sabahı olmayan bir gün gəlir. Ömür bir yumağa bənzəyir, kələfin nə zaman bitəcəyi məlum deyil.

Dünya həyatı bizə bir dəfəyə məxsus verilən, təkrarı olmayan qısa bir möhlətdən ibarətdir. Bu qısa möhlət qurtarandan sonra peşman olmağın heç bir faydası yoxdur. Hər an ölümə hazır olmaq lazımdır.

Rəsulullah r biz ümmətinə belə xəbərdarlıq edir:

“Elə bir adam yoxdur ki, öldükdən sonra peşman olmasın”. Səhabələr soruşdular:

“O peşmanlıq nədir, ya Rəsulallah?” Peyğəmbərimiz r:

“(Ölən) muhsin (ehsan sahibi, xeyir əhli, saleh) biri isə, bu halını daha da artırmadığı üçün; pis adamdırsa, pislikdən vaz keçərək halını islah etmədiyi üçün peşman olacaq”, - cavabını verdi. (Tirmizi, Zöhd, 59/2403)

Bir sözlə, tövbə edərək halımızı islah etmək üçün də, saleh əməllər işləmək üçün də gün bu gündür, fürsət bu fürsətdir. Biz bu fürsətdən qafil qalsaq da, əcəl vədəsi dolanda Əzrayıl u bir an olsun vəzifəsindən qafil qalmayacaq.

Ayeyi-kərimədə belə buyurulur:

“Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!”. (əl-Münafiqun, 10-11)

Son nəfəsdən sonra artıq qulluq imtahanı da başa çatır. Qəbirdə, qiyamətdə, məhşərdə saleh əməl işləmək imkanımız yoxdur. Orada yalnız imtahan aləmi olan dünya məktəbindən aldığımız qiymət cədvəlinə görə yaşayacağımız həyat tərzimiz olacaq.

Rəvayətə görə, İlyas u Ölüm mələyini qarşısında gördükdə dəhşətə düşüb ürpərmişdi. Əzrayıl u bunun səbəbini maraq edərək:

“Ey Allahın Peyğəmbəri, olmaya ölümdən qorxdun?” – deyə soruşdu.

İlyas u bu cavabı verdi:

“Xeyr, ölümdən qorxduğum üçün deyil, dünya həyatı ilə vidalaşacağım üçün bu haldayam. Çünki dünya həyatında Rəbbimə qulluq etməyə, yaxşı əməlləri tövsiyə edib, pis işlərdən çəkindirməyə çalışır, vaxtımı ibadət və saleh əməllərlə keçirir, gözəl əxlaq üzrə yaşamağa çalışırdım. Bu hal mənim üçün səadət qaynağına çevrilərək könlümü eşqlə doldururdu. Öldüyüm zaman bu zövq və ləzzətlərdən məhrum qalacaq və qiyamət gününə kimi məzarda yatacağam. Kədərlənməyimin səbəbi budur”.

Həzrət Əli t-ın ifadəsi ilə xülasə etsək:

“Bu gün əməl işləmək günüdür, hesab yoxdur. Sabah isə hesab var, əməl yoxdur”.

Rəbbimiz hər birimizə ömür sərmayəmizin qalan qismini, keçən qismindən daha xeyirli olacaq şəkildə saleh əməllərlə əhya edə bilməyi nəsib etsin.

Amin!..


[1] qancaru: haraya, hansı səmtə.

[2] ağu: zəhər.

[3] şəhd: bal.

[4] ağdırsın: yüksəltsin.

[5] nisar: saçıb-sovurmaq; xoş bir hadisəni qeyd edərkən məclisdəkilərin başından səpilən pul, gül-çiçək və s.

[6] Əttar, Təzkirə, s. 191.

[7] İbn Acibə, əl-Bəhrul-Mədid fi Təfsiril-Quranil-Məcid, Qahirə 1419, II, 112.

[8] tərk urmaq: tərk etmək, vaz keçmək.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz