ƏDƏBİYYATLA RUSİYA

ƏDƏBİYYATLA RUSİYA

Tarixin metodologiyası XIX əsrdən etibarən dəyişdi. Belə ki, rəqəmlərin tarixindən bilginin tarixinə keçildi. Hadisələrin səbəbləri xronoloji məlumatlarda yox, ədəbi-bədii mətnlərdə və incəsəntdə, bir sözlə, gündəlik həyatda axtarıldı. Çünki artıq aristokratın yox, kiçik vətəndaşların həyatı ön plana keçməyə başlamışdı. Diqqət yetirsəniz, ədəbiyyatın istiqaməti də kiçik insanların üzərində qurulmuşdu.[1] Fikrim daha aydınlaşsın deyə bir-iki misal verim: Fəlsəfədə, psixoanalitika və incəsənət tədqiqatlarında ədəbiyyat II və ya III əsas qaynaq hesab edilir.

Əgər hər hansı bir sahəyə marağınız varsa, müəyyən bir mövzu sizi özünə çəkirsə, onu sistemli şəkildə araşdırmağa, həm də şeir, nağıllar, əfsanələr, romanlar üzərindən öyrənməyə çalışın. Hər kitabı yox, bir neçə kitabı bir neçə dəfə oxuyun.

Rusiya mənim araşdırmağa, zehnimdə bir yerə otuzdurmağa çalışdığım mövzulardan biridir. Bu sahədə oxumağınızı dönə-dönə tövsiyə edəcəyim kitab, təəssüflər olsun ki, ana dilimizdə işıq üzü görə bilməyən Orlando Fiqesin (Orlando Figes) “Nataşanın rəqsi - rus mədəniyyət tarixi” kitabıdır. Tarixçilər bəzi hadisələri olduğu kimi qeyd edə bilmirlər. Ancaq söz ustaları real hadisə və şəxsləri əsərlərində müxtəlif obrazlar, zaman və məkan yaradaraq metaforlar vasitəsilə təqdim edirlər.[2]

Dünyada bir rus mifi var: ərazisinə görə ən böyük; siyasi, iqtisadi, hərbi güc; mədəni hökmranlıq. Bəs yaxşı, orta əsrlərdən əvvəl bu rus mədəniyyəti harada idi? Orta əsrlərdən əvvəl həmin ərazilərdə türklər yaşayırdı və həmin ərazilərdə indiyə qədər türk mədəniyyətinin izləri qalmaqda davam edir. Köklərini slavyanlara bağlasalar da, slavyanlar dəniz vasitəsi ilə rusları yağmalamaq üçün gələr, qalib gəlib gedərdi. Bu ərazi olduqca kiçik olduğu kimi, həmin rusların müəyyən qismi də qıpçaqlar idi.[3] Daha sonra slavyanların ərazilərə gəlməsi tədricən böyümə ilə nəticələndi. Xəz ticarəti isə onların kapitallarını çoxaltdı, Avropaya qarşı əllərini gücləndirdi. Ancaq ruslar ən böyük gücü türklərin daxili çəkişmələrindən qazandı.

Diqqət yetirsəniz XVII-XVIII əsrə qədər bir rus mədəni nümunəsi yoxdur. Dastanı, nağılı, hekayəsi, romanı yoxdur. Məşhur rus ədəbiyyatı rusların Şərqə və Qərbə yayılmasından sonra başlayır. Çar Rusiyası dövründən etibarən Rusiya mədəniyyətini fransız təməlləri üstünə inşa edir. Saymon Sebaq Montefiorenin “Böyük Yekaterina və Potyomkin” və “Romanovlar” kitablarına nəzər yetirdikdə bir neçə mühüm məsələlərin şahidi oluruq: Çarlıq dövründə hərbçilərin qısa müddətlə yüksək rütbəli məmurlara çevrilməsi və zənginləşməsi, onlara bir neçə sarayların verilməsi, həmin saraylarda yüzlərlə qulluqçunun tutulması və hər birinə fransızca/fransızsayağı etika qaydaları haqqında təlim kitabçasının paylanması və s.

Çar dövründə ruslara nağıllar lazım idi ki, kökünü nümayiş etdirə bilsin. Bu nağılları haradan ala bilərdilər? Təbii ki, nağıllar diyarı Şərqdən. Çarlıq Azərbaycan xanlıqlarını işğal edərkən oxuma-yazma bilənləri, bəy nəslindən olanları özləri ilə aparır və onları yetişdirirdi. Əvəzində isə onların yaddaşını oğurlayırdılar. Bayatılarını, nağıllarını, dastanlarını...

Çarlıq dövründə şərqşünaslığa və filologiyaya xüsusi diqqət yetirilirdi. Azərbaycanlı Mirzə Kazım bəy məhz bu anlarda rusların dadına çatır. Rus nağılları kimi tanınan bir sıra nağılların müəllifi Mirzə Kazım bəydir. O, Şərq epik-mistik yaddaşını rusların ixtiyarına buraxdı. Dil və ədəbiyyatın şirfrələrini çarlığa verməklə genetik kodları ötürdü. Qədim türk tayfalarından iskitlərin mədəniyyəti, türklərə xas şaman kültürü, türklərə məxsus məişət və onun fonunda yaranan şifahi ədəbiyyat döndü oldu rus mədəniyyəti. Məsələn, ruslarda (özlərini aid etdikləri slavlarda belə) at fiquru çarlıq dövründən əvvəl olmamasına baxmayaraq, Aleksandr Puşkinin “Bürünc atlı” poemasından başlayaraq at fiquru Rusiyanın incəsənətində əsas komponentlərdən birinə çevrilir. Rus incəsənətini Sibir motivləri, musiqisini şərq ritmi bəzəyir.

Yazıçılar saray kimi fransızlaşmaqla kəndliləşmək seçimi arasında qalır və ikinci tərəfi seçir. Dostoyevskinin və Tolstoyun ədəbiyyatı məhz bu səbəblə sadə insanlara xitab edir, insanları izah edir, insanların mübarizəsini aparır/göstərir. Dostoyevskinin “Karamazov qardaşları” əsərində üç qardaşdan ikisinin mübarizəsi ön plana çəkilir: İvan-fəlsəfə və Aleksey-din. Burada fəlsəfə Qərb, din Şərqdir. Əsərin sonunda Dostoyevski öz seçimini dinə tərəf çəkir; yəni kəndlinin/inancın/nağılın/canlılığın/ülviliyin. Digər tərəfdən, qərbdən gələn fəlsəfi axın da rus düşüncəsinə təsir edir.

Sovet dövrü onu yaradan yazarlara xəyanət edərək ədəbiyyatın qapısını qıfılladı. Qoqolu öldürüb “şinel (palto)”-ini üstünə tulladı. Dostoyevskinin “Aleksey”-ini öldürüb “İvan”-ı oyatdı. Beləcə, ədəbiyyat yatdı.

Azərbaycanın zehni dağınıqdır. Orda türk-islam parçalarıyla yanaşı, rus hissələri də var. Əfsuslar olsun ki, bu hissə son iki yüz ilin məhsuludur. Çar dövründə aydınlanmağa çalışan gənclər daha sonra Azərbaycan ədəbiyyatında çevriliş edən əsərlər yaratdılar. Həmin əsərlərdə isə milli koloritlərin əvəzinə siyasi çalarlar ön plana çıxır. Bunları sezmək üçün rus düşüncəsini, rus ruhunu, dolayısı ilə rus ədəbiyyatını oxumaq lazımdır...


[1] Oxuma tövsiyəsi - Vilhelm Reyx: “Dinlə, kiçik adam”.

[2] Oxuma tövsiyəsi – F.M.Dostoyevski: “Timsah”.

[3] Oxuma tövsiyəsi - M.Adcı: “Qıpçaq çölünün yovşanı”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz