ALLAHDAN UZAQLAŞDIRAN SƏBƏBLƏR
Uca Allah insanın qəlbini və ağlını Peyğəmbəri anlayacaq, Qurani-Kərimi qavrayacaq və dinə inanacaq şəkildə yaratmış və ona məsuliyyət duyğusu vermişdir. Məhz buna görə din yalnız ağıllı olan insana xitab edir və məsul tutur. Ağlı olmayanın dini məsuliyyəti də yoxdur. İmtahan üçün yaradılan insanın qarşısında çıxılması çox çətin olan dik bir yoxuş vardır. Bu yoxuş ancaq güclü bir iman və iradə ilə aşılır. Bunun üçün, hər insanın, Allaha və onun dini olan İslama təslim olması şərtdir. Allaha təslim olmaq Onun əmr və qadağalarını yerinə yetirməklə mümkündür. Allahın əmr və qadağalarına riayət etmədən ona təslim olduğumuzu söyləmək özümüzü aldatmaq deməkdir. Allahdan uzaqlaşmaq ruhi aclığın nəticəsidir. İmanın olmadığı yerdə küfr, işığın olmadığı yerdə qaranlıq, ədalətin olmadığı yerdə zülm olduğu kimi, Allaha qulluğun olmadığı yerdə də nəfsə və şeytana qulluq etmək vardır.
Bu gün ən böyük xəstəlik Allahdan və onun mükəmməl dinindən uzaq yaşamaqdır. Müsəlmanlar Allahın hər şeyi gördüyünü və bildiyini unutmuş, İslamın Quran və sünnəyə söykənən bir həyat tərzi olduğu həqiqətini tərk etmiş vəziyyətdədirlər. Təəssüf ki, bir çoxlarının nəzərində Qurani-Kərim həyatdan qopardılaraq ölü kitabı halına gətirilmişdir.
Hər kəs bilməlidir ki, torpaqda dərin kökləri olan bir ağacın qol-budaq atması, cücərməsi, inkişaf etməsi necə təbii və normaldırsa, dərin kökləri olan İslamın da hər zaman var olub qol-budaq ataraq inkişaf etməsi o dərəcədə təbii və normaldır. Çünki İslamın qoruyucusu hər şeyə qadir olan Allahdır. Bu dinə düşmən olanlar istəsə də, istəməsə də, Allah öz nurunu söndürməyəcəkdir. İslam hava kimidir, su kimidir, günəş kimidir. Havaya çıx get deyilməz. Suya axma deyilə bilməz. Günəşə çıxma deyilə bilməz. Quşa uçma, gülə açma, arıya bal düzəltmə deyilə bilməz. Müsəlmana da “İslamı yaşama, onu yaşayışında tətbiq etmə” deyilə bilməz. Çünki İslamı yaşamaq müsəlman olmağın nəticəsidir.
Elə isə gəlin görək insanı Allahdan uzaqlaşdıran əsas səbəblər nələrdir?
İnsanı Allahdan uzaqlaşdıran ən böyük səbəb cəhalətdir. Cəhalət bir cəmiyyətin inkişafına mane olan, onu məhv edən düşməndir. Cəhalət həm dinin, həm də zamanın gətirdiyi elmlərdən məhrum qalmaq deməkdir. Cəhalət Allahın dini ilə mübarizə aparmaqdır.
İnsanın cəhalətdən qurtulmasının birinci yolu sağlam bir Allah və din inancına sahib olmasıdır. Bundan sonrakı mərhələdə isə digər elmləri də lazım olduğu qədər öyrənməsi gəlir. Necə ki, Qurani-Kərimdə Uca Allah buyurur:
“Heç vaxt cahillərdən olma!”. (əl-Ənam, 6)
İnsanı Allahdan uzaqlaşdıran digər bir səbəb onun düşüncə və təfəkkür tənbəlliyidir. Düşünmək xəlq etmə hikmətini qavramaqdır. Düşünmək: “Mən kiməm, haradan gəldim, haraya gedirəm?” suallarının cavabını axtarmaqdır. Allah-Təala müsəlmana ağlı ilə düşünməsini əmr etməkdə və belə sual verməkdədir: “Heç düşünmürsünüzmü?”. (ən-Nəhl, 17) Elə isə müsəlman etdiyi və edəcəyi hər şeyi Quran və sünnə işığında düşünməlidir. Uca Allah Qurani-Kərimin yüzdən çox ayəsində insanları düşünməyə dəvət etməkdədir.
İnsanları Allahdan uzaqlaşdıran bir başqa səbəb isə nəfsin həva və həvəsinə uymaqdır. Həva nəfsin arzu və istəklərini özünə ilah etməsidir. Həva və həvəs Allahın əmrlərini buraxıb nəfsi xoş tutan dünyəvi əyləncə ilə məşğul olmaqdır. Bunun üçün Uca Allah insana nəfsini tərbiyə edərək onun istəklərini yerinə yetirməməsini əmr etmişdir. Nəfsin tərbiyə edilməsinin yolu isə yalnız İslamı yaşamaqla mümkündür. İslamdan uzaqlaşıb həva və həvəsini özünə ilah edənlərin axirətdə heç bir köməkçisi yoxdur.
Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurmaqdadır:
“Həva və həvəsini özünə ilah edən kimsəni gördünmü?” (əl-Furqan, 43)
İnsanı Allahdan uzaqlaşdıran bir səbəb də əlindəki var-dövlətə, vəzifəyə güvənərək təkəbbürlənməsidir. Halbuki vaxtı ilə Firon da əlindəki imkanlara güvənərək təkəbbürlənmiş, hətta ilahlıq iddiasına düşmüşdü. Lakin sonunda Allahın qəzəbinə tuş gəlmiş və məhv olub getmişdi. Nəmrud da təkəbbürlənmiş, özünü böyük tutmuşdu. Nəticədə bir milçək, burnundan beyninə girərək onu həlak etmiş, ilahlıq iddiasının acı nəticəsini bütün insanlığa göstərmişdi.
Yazıma Allah Rəsulunun (s.ə.s) bir hədisi-şərifiylə son verirəm:
“Ağıllı kimsə nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı kimsə isə nəfsinə, həva və həvəsinə uyan kimsədir”. (Tirmizi, Qiyamət, 25; İbn Macə, Zöhd, 31)
ŞƏRHLƏR