GƏNCLİK

GƏNCLİK

Gənclik yaşı dövrünün başlaması və sonu haqqında müxtəlif görüşlər irəli sürülmüşdür. Bunlardan daha çox qəbul edilən 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. Psixoloqlar həmin dövrün iki mərhələni əhatə etdiyini qeyd edirlər. İlkin gənclik (15-17) və yetkin gənclik (18-21). Bəzi mütəxəssislər yetkin gəncliyə 18-25 yaş dövrünü aid edirlər. Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm də sosial amillərin təsiri altında baş verir. Bunların içərisində gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial-psixoloji amillər xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə kimi qeyd etmək olar.

İlk gənclik dövründən başlayaraq insanda böyüklük hissi yüksəlir. Özünün artan imkanlarını dərk etməyə başlayır. Mənlik şüuru inkişaf edir. Bununla birlikdə əxlaqi şüur, idrak, hafizə, təfəkkür, maraq, xüsusi mənəvi tələbatlar və s. digər xüsusiyyətlərin inkişafı sürətlənir. Bu dövr dünyagörüşünün formalaşması üçün həlledici dövrdür.

Məxluqatın ən şərəflisi, üstünü olan insan ən mükəmməl şəkildə yaradılmışdır. Başlanğıc nöqtəsi bəlli olan insan ömrü bir marafon yürüşünə bənzəyir. Bəziləri hələ yürüşə başlayarkən, bəziləri də bir qədər irəlilədikdən sonra digərlərindən xeyli fərqlənir və yolun daha çox hissəsini qət edir. Lakin nə edirsə etsin, bu yürüş sona çatacaq; estafeti digərinə verənlər də olacaq, bunu edə bilməyənlər də. Bu yürüşün başlanğıcında çox asta bir sürətlə irəliləyən iştirakçı müəyyən bir məsafəni yüksək sürətlə irəliləyir. Bir qədər sonra yavaş-yavaş sürəti yavaşlayır. Get-gedə taqətdən düşür və yarış onun üçün sona çatır. Təbii ki, bu mərhələlərin müəyyən yerləri şəxslərə görə dəyişən son nöqtələrdir. Bəlli olmayan bir nöqtədə, planlaşdırılmamış bu yürüş anidən sonlana bilər. Bu yürüşün ən sürətli hərəkət edə biləcəyimiz hissəsi gəncliyimizdir. Başlanğıc hissəsini uşaqlıq illəri, son hissəsini də yaşlılıq kimi düşünsək, həyatımızın ən gümrah hissəsi özündə bir sıra əhəmiyyətli anları birləşdirir ki, bu da insanın həyatdakı rolunu, mövqeyini formalaşdırmış olur.

Başqa bir prizmadan baxdığımız zaman insan həyatını bir ev kimi düşünə bilərik. Bu ev onun şəxsiyyəti, tutduğu mövqe və girdiyi qəlibdir. İnsanın ətrafındakılar onun necə biri olduğunu özü üçün inşa etdiyi həmin şəxsiyyət evi ilə qiymətləndirirlər. Bu evi inşa edərkən istifadə etdiyimiz materiallar olduqca önəmlidir. Misal üçün, bu evin pəncərəsi ətrafa kin-küdurət, həsəd və ya digər mənfiliklərlə açılırsa, o ev keyfiyyət baxımından heç də yaxşı dəyərləndirilməz. Heç şübhəsiz ki, kamil bir bənnanın belə inşa etdiyi evdə xırda qüsurlar vardır. Aqil insan bu qüsurları da bərpa etməyə çalışan, aradan qaldırmağa can atan kimsədir.

Bu evin əsas hissəsini insan gənc ikən qurmalıdır. İnsan dünyaya gəldikdən sonra ilk öncə ətrafındakılar, yəni ailə üzvləri tərəfindən tanınır. Zaman keçdikcə, insan yaşam mərhələlərini qət etdikcə onun ətrafındakı insan sayı artır, davamlı olaraq ətrafında baş verən hadisələrdən, insanlardan bir şeylər öyrənir. Buraya ətrafdakı insanların hərəkətləri, sözləri və ya hər hansı bir informasiya da daxildir.

Şəxsiyyəti formalaşmaqda olan insan hər zaman seçim qarşısında olur; bir şeyi etmək və ya etməmək kimi.

İnsanda formalaşması vacib olan xüsuslardan biri də müqayisə edə bilmə bacarığıdır. İnsan bu bacarığı sayəsində düzü səhvdən ayıra bilər. Ancaq bu bacarığa sahib olan insan bəzən doğrunu deyil, yanlışı seçə bilir. Doğru nəfsinə ağır gəldiyi üçün yanlış daha rahat, daha səmərəli görünür və seçilənin yanlışlığı arxa planda qalır. Belə hallarda insan yanlışın ətrafdakı insanlar tərəfindən yaxşı qarşılanmayacağını bilərək bu mövzuda özünə haqq qazandırmaq üçün yollar axtarır ki, bu da, şübhəsiz, cəmiyyətə təsirsiz ötüşmür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz