SUAL? - CAVAB!
Sual: Təkbaşına namaz qılan bir şəxs qiraəti astadan etməli olduğu namazlarda ucadan oxuyarsa, namazı səhih olarmı?
Cavab: Təkbaşına namaz qılarkən günorta və ikindi namazları ilə gündəlik qılınan sünnə namazlarda astadan oxumaq, yəni namaz qılanın özünün eşidəcəyi səslə dili ilə tələffüz etməsi namazın vaciblərindəndir. Namazın vaciblərindən hər hansı biri bilərəkdən tərk edilərsə, namaz təzədən qılınmalıdır. Unudaraq tərk edildiyi təqdirdə isə namazın axırında səhv səcdəsi edərək namaz tamamlanmalıdır. Odur ki, astadan oxunmalı olan yerdə ucadan oxuyan bir kimsə bunu bilərəkdən etmişsə, namazını təzədən qılmalıdır. Lakin fərqində olmadan edibsə, namazın axırında səhv səcdəsi etməlidir.
Sual: Namazda son oturuşda salam vermədən öz hərəkəti ilə namazdan çıxan bir kəsin namazı etibarlıdırmı?
Cavab: Hər hansı bir namazı qılan bir kəs namazın axırında təşəhhüd miqdarı, yəni təhiyyat duasını oxuyacaq qədər oturmaqla namazın rüknlərini yerinə yetirmiş olur. Belə olan təqdirdə o, salam verməsə belə, namazını tamamlamış olur. Ancaq vacibi tərk etmiş olur. Odur ki, bir kimsə namazdakı son oturuşda təşəhhüd miqdarı oturduqdan sonra səhvən namazı pozan bir hərəkətə yol versə, məsələn, danışsa, ya da durub getsə, onun namazı tamamlanmış olur. Bundan əlavə, məsələn, son oturuşda təşəhhüd miqdarı oturduqdan sonra hələ namazı qurtarmadan namazın vaxtı çıxarsa, yenə də onun namazı səhih və etibarlı sayılır.
Sual: Namaz qılarkən dünyəvi düşüncələrə dalmaq namazı pozarmı?
Cavab: Namaz qılarkən dünyəvi fikirlərin ağıla gəlməsi hər bir insanın qarşılaşdığı haldır. Lakin namazı xüşu ilə qılmaq olduqca mühümdür və namaz ibadəti imkan daxilində xüşu ilə yerinə yetirilməlidir. Bu məqsədlə Uca Allahı görürmüşcəsinə ibadət etmək və namazı, qılınan ən son namaz olduğunu düşünərək qılmaq lazımdır. Namazdan kənar fikirlərlə bağlı Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Namaz üçün azan oxunan zaman şeytan azanı eşitməmək üçün var gücü ilə qaçar, azan qurtardıqdan sonra gələr. Namaz üçün iqamə oxunan zaman yenə qaçar, iqamə qurtaran kimi gələr, insanla qəlbi arasına soxular və: “Filan şeyi xatırla, filan şeyi xatırla!” – deyərək, insanın heç ağlından belə keçməyən şeyləri ona xatırladar. Nəhayət, insan neçə rükət namaz qıldığını bilməz hala gələr. Sizdən biri neçə rükət – üç, yoxsa dörd qıldığını bilmədikdə oturan halda iki dəfə səcdə (səhv səcdəsi) etsin”. (Buxari “Azan”, 4, “Səhv”, 6, 7)
İslam alimləri bu hədisi-şərifi əsas alaraq namazda ağıla və qəlbə gələn düşüncələrdən ötrü namazın pozulmadığını bildirmişlər. Ancaq ağıla gələn dünyəvi fikirlərlə mümkün mərtəbə məşğul olmamaq lazımdır. Çünki insanın bu cür fikirləri kənarlaşdırmağa cəhd etməyib bunlarla məşğul olması namazın həm çirkinliklərdən çəkindirmə gücünü, həm də savabını azaldar. Odur ki, namazda ikən ağıla gələn fikirlərin arxasınca getməmək və Uca Allahın hüzurunda olduğunu xatırlayaraq bu kimi düşüncələri kənarlaşdırmaq vacib olan əməllərdəndir. Çünki Qurani-Kərimdə xüşu ilə namaz qılmaq möminin əsas xüsusiyyətlərindən biri kimi qeyd olunur. (əl-Müminun, 23/2) Namazda xüşu diqqəti yayındıran təsirlərdən uzaq durub qəlbin Uca Allaha bağlanması ilə gerçəkləşir. İnsanın daxili aləmində yaşadıqları, onun düşüncələri namazdakı xüşu halına təsir edir və hərəkətlərinə əks olunur. Bu səbəbdən, namaz qılarkən insan Allahın hüzurunda olduğunu dərk etməli – sağa-sola baxmamalı, paltarı ilə oynamamalı, tədili-ərkana riayət etməli, bir sözlə, həm fiziki, həm də mənəvi cəhətdən namaza uyğun olmayan hərəkətlərdən uzaq durmağa səy göstərməlidir.
Sual: Namaz hansı hallarda pozula bilər?
Cavab: Heç bir üzr olmadan namazı pozmaq olmaz. Ancaq bəzi hallarda namazı pozmaq vacib, bəzi hallarda mübah və bəzi hallarda da müstəhəb hesab olunur. Belə ki, hər hansı bir insana yönəlik bir təhlükə qarşısında, məsələn, hücuma məruz qalan, oda və ya suya düşən bir insanın imdad etməsi kimi vəziyyətlərdə ona yardım etmək məqsədilə namazı pozmaq vacibdir. Bundan başqa, bir malın tələf olmasına, oğurlanmasına mane olmaq məqsədilə də namazı pozmaq məqsədəuyğun davranışdır.
Sual: Camaatla namaz qılarkən müəzzinlik edənlərin özlərinə məxsus yerlərdə təkbaşına namaz qılmaları düzgündürmü?
Cavab: Camaatla qılınan namazlarda səflər düzgün olmalı, sıx durulmalı və boşluq qoyulmamalıdır. Səflərin tərtibi ilə bağlı bir hədisi-şərifində Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Səflərinizi düzgün tutun! Çünki səflərin nizamlanması namazın mükəmməlliyini təmin edən şərtlərdəndir”. (Buxari “Azan”, 72, 74, 76) Məsciddə imamla camaat arasındakı məsafənin çox olması imama tabe olmağa əngəl olmasa da, bir üzr olmadıqca səfdən ayrı təkbaşına imama tabe olmaq məkruh sayılmışdır. Belə olan təqdirdə müəzzinin səfdən ayrı durması məqsədəuyğun deyildir. Ancaq mikrofondan istifadə etmə ehtiyacı üzr hesab olunduğu üçün, belə hallarda müəzzinlərin məsciddəki yerlərindən imama tabe olmasında hər hansı bir qəbahət yoxdur.
-->
ŞƏRHLƏR