KÜÇƏNİN DƏ ƏDƏBİ VAR
Hər şeyin ədəbi olduğu kimi, küçənin də ədəbi var.
Bu gün küçə sözü mənfi məna ilə səsləşən bir kəlmə halına gəlib. Hansı sözün əvvəlinə gəlsə, ona mənfi bir məna qazandırır. “Küçə uşağı”, “küçə ağzı”, “küçə danışığı” və s. “Küçədəsən?” sözü də mənfi formada işlənməkdədir.
Ancaq küçə, həyatın parçasıdır. Küçədən keçərək, küçəyə çıxaraq həyat axışı davam edir. Elə isə küçəyə nə üçün bu qədər mənfi mənalar yüklədiyimizi gözdən keçirməyimiz lazımdır.
Küçələrimiz bizim üzləşmək istəmədiyimiz tərəfimizdir. Bəlkə də, oranı elə görmək istəmirik. Üzləşmək istəmədiyimiz küçələrimiz əslində bizi əks etdirən bir cəhətdir. Oranın keyfiyyəti ilə bizim keyfiyyətimiz arasında bir əlaqə var. Cəmiyyət olaraq bizim düzgünlüyümüz, doğruluğumuz və səviyyəmiz qədər oranın da düzgünlüyü, doğruluğu və səviyyəsi var. Necə ki, həyatımızın hər sahəsində ədəbi qoruyub, onu yaşayıb yaşadırıqsa, bunu küçələrimiz üçün də etməliyik. Bunu üçün ilk olaraq küçənin də ədəbinin olduğunu bilməli və anlamalıyıq.
Bəs küçənin ədəbi nədir?
Hər şeydən əvvəl bunu unutmayaq ki, məşhur bir ifadə ilə deyəcək olsaq: “şərəful-məkan bil-məkin” yəni, “məkanın şərəfi orada yaşayanlara bağlıdır”. Necə ki, dostumuz bizim kim olduğumuzun güzgüsüdür, küçələrimiz də eynilə belədir. Biz ora qədər təmiz, məsum və ora qədər əmin insanlarıq. Bu səbəbə görə də küçədən şikayətlənənlərin əvvəlcə özlərinə baxmaları lazımdır. Küçəsi abad olmayanın daxili aləmi də abad olmaz.
Hər sahədə öndərimiz və yol göstərənimiz olan Hz. Peyğəmbər (s.ə.s) küçədə riayət olunması gərəkli olan ədəb qaydalarını əvvəla özü şəxsən icra edərək biz ümmətinə öyrətmişdir. Bu qaydaları belə xülasə edə bilərik:
- Küçəyə çıxarkən bismillah deyərək çıxmaq, küçədən, orada olacaq və olanlardan Allaha sığınmaq. Bu mövzuda Hz. Peyğəmbərin (s.ə.s) oxuduğu dua nümunələri var. Onları oxumaq olar.
- Nə diqqət çəkəcək qədər göstərişli, nə də insanları narahat edəcək qədər pinti geyinməmək. Sadə və təmiz geyimlər geyinməliyik. Təsəttür ölçülərinə diqqət edilməlidir.
- Küçədə sakit və normal yerişlə getmək. Nə çox asta gedib yol gedənlərin önünü kəsməməli, nə də sürətlə gedərək (qaçaraq) insanlara narahatlıq verilməməlidir. Bu haqda Allah-Təala Qurani-Kərimdə: “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” - deyə buyurur. (Loğman, 19)
- Ətrafı narahat edəcək söz və hərəkətlərə yol verməmək. Qurani-Kərimdə bu barədə: “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən” - (əl-İsra, 37) buyurulur. Alimlər deyir ki, kitabımızın insan yerişinə bu qədər diqqət çəkməsi yerişlə şəxiyyət arasında sıx əlaqə olduğunu göstərir. Ədəblə yeriyən kəs küçəni də ədəbli edər.
- Qrup şəklində hərəkətin ədəbinə riayət etmək. Bir və ya bir neçə nəfərlə yol gedərkən yolu tutmamalı, digərlərinin keçməsinə maneçilik yaratmamalıyıq.
- Yolda əl-qol zarafatı etməmək.
- Yola, küçəyə hər hansı bir zibil tullamamaq. Bundan başqa, yoldan insanları narahat edən bir maneənin götürülməsi dinimizdə fəzilətli bir davranış sayılmışdır.
- Küçədə zərurət olmadıqca hər hansı bir şey yeməmək və içməmək. İctimai yerdə saqqız çeynəməmək də buna daxildir. Keçmişdə yol ortasında, küçədə bir şey yeyib-içənin şahidliyi qəbul edilməzmiş.
- Küçədə gözləri qorumaq (insanları baxışlarla narahat etməmək). Yolda, küçədə hər birimizin yaxınları və əzizləri var. Bizə qarşı necə davranılmasını istəyiriksə, biz də digərlərinə qarşı elə davranmalıyıq.
- Küçədə zərurət olmadan telefonla danışmamaq. İnsanların ortasında yüksək səslə və qəhqəhə çəkərək gülmək və yüksək səslə danışmağın insanları narahat etdiyini unutmamalıyıq. Qulaqlıq taxaraq insanlardan qopmaq da doğru deyil. Hər işin öz yeri və vaxtı var.
- Küçədə maşını park edərkən narahatlığa səbəb olmamaq. Yəni maşını pəncərə, qapı önü və səkilərdə park etməməliyik.
- Küçədə və ya yol kənarında oturmamaq. Oturarkən də Hz. Peyğəmbərin bu barədəki tövsiyələrinə diqqət etməliyik.
Cəmiyyət olaraq hər nədəndirsə, küçələrin abadlaşması deyəndə sadəcə oranın maddi-texniki cəhətdən təmir-bərpasını başa düşürük. Təbii ki, bu da çox mühümdür. Ancaq küçə məfhumu bizdə hər cür cinayətin işləndiyi, günahların yayğın olduğu, əxlaq və mənəviyyatın olmadığı yerlər olaraq anlaşılırsa, oranın yolları ən müasir formada olsa da, heç bir əhəmiyyəti olmayacaq. Çünki ədəb maddi-texniki şəraitdən deyil, milli-mənəvi dəyərlərin tətbiq olunmasından başlayır.
ŞƏRHLƏR