ÖVLAD TƏRBİYƏSİNDƏ QURAN NƏSİHƏTİ
Övlad sahibi olmaq hər bir valideynin ən böyük arzusudur. Bu arzuya nail olmaq da bir imtahandır, olmamaq da. Övlad sahibi olduqdan sonra onu vətənə, cəmiyyətə və İslam ümmətinə yararlı və faydalı bir fərd kimi yetişdirmək valideynlərin mənəvi borcudur. Bu borcu yerinə yetirmək isə günü-gündən çətinləşir. Bəzən öz övladları üçün gecə-gündüz min bir əzab-əziyyətə qatlanan ata-analar övladları böyüdükdən sonra onlardan narazı qalırlar. Övladları tərəfindən təhqirə məruz qalan, döyülən, ən acınacaqlısı da budur ki, “qocalar evinə” tərk edilən bir çox valideyn vardır. Demək olar ki, elə bir gün olmur ki, xəbərlərdə bu cür hallara rast gəlməyək. Bu problemlərin həlli üçün müxtəlif müzakirələr aparılır və müxtəlif üsullara əl atılır. Bəs əsl çıxış yolu nədir?
Hər şeydən öncə, övladı Uca Allahdan həm nemət, həm də imtahan bilməliyik. Bəzi valideynlər bunu unudur, bütün diqqətini və sevgisini onlara yönəldir, onları bu dünyada öz xoşbəxtliklərinin təməli kimi görürlər. Əlbəttə ki, övlada ən gözəl tərzdə sevgi və qayğı göstərilməlidir, valideynlər hər cür imkanlarından istifadə edərək onları qorumalıdırlar. Ancaq unudulmamalıdır ki, övladı ana bətnində rəhim deyilən yerdə öz rəhməti ilə möcüzəvi şəkildə formalaşdıran, yaradan və bizə bəxş edən Uca Allahdır. Bu möcüzəvi yaradılışı Uca Allah müqəddəs kitabımızda belə ifadə edir: “Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (əl-Muminun, 14)
İnsan bu həqiqətləri qəbul edər və Allaha olan bağlılığını möhkəmləndirərsə, övladlarını Ondan gələn bir hədiyyə, əmanət kimi görər, Onun yolunda və Onun rizasını qazanmaq üçün var olduqlarını bilərsə, bu zaman övladlarının təlim-tərbiyəsində daim diqqətli olacaq, onlara milli-mənəvi dəyərləri aşılayacaqdır. Milli-mənəvi dəyərlərinə sadiq olan bir gənc Allahın razı qalacağı xeyirli bir fərd olacaq, valideynləri üçün də həm bu dünyadakı çətin zamanlarında, qocalan vaxtlarında onların qayğısına qalacaq, həm də axirətə köçdükdən sonra arxalarından xeyir-dua edəcəkdir.
Biz müqəddəs, misli-bərabəri olmayan Uca kitabın mənsublarıyıq. Bunun üçün Rəbbimizə şükürlər olsun. Heç bir incəliyi göz ardı etməyən kitabımız övladlarımızın təlim-tərbiyəsində də bizə müəyyən yollar, qaydalar göstərmişdir. Eləcə də bir çox peyğəmbərin həyatında yer alan övladlarla imtahan olunma hadisələri diqqətimizə çatdırılmışdır. İlk insan olan Hz. Adəmin (ə.s) övladlarının hadisəsi, Nuhun (ə.s) bir oğlunun iman etməyib tufanda boğulması, Yaqubun (ə.s) övladlarının qardaşları Yusufu (ə.s) quyuya atması bu kimi misallardandır. Təbii ki, bu peyğəmbərlər də öz övladlarının tərbiyəsi ilə məşğul olmuşdular. Lakin insan olmaları etibarı ilə onlar da övlad imtahanı ilə üzləşdilər. İmtahan qarşısındakı davranışları isə bizə nümunə olmuşdur.
Qurani-Kərimin övladlarımızın yetişməsində rol-model almağımızı tövsiyə etdiyi qissələrdən biri də Loğmanın (ə.s) öz oğluna etdiyi nəsihətlərdir. Təbii ki, bunlar onun dili ilə bütün övladlara ünvanlanmış ilahi tövsiyələrdir. Loğman (ə.s) oğluna nəsihət edərək belə deyirdi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır! Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 16-19)
Həqiqətən, bu öyüd-nəsihət qızıldan daha qiymətlidir. Bu gün maddi və mənəvi böhranların səbəbi məhz yuxarıda qeyd olunan xüsusların ehmal olunması deyilmi? Bütün çətinliklərimiz maddiyyata dəyər verib, mənəvi dəyərləri göz ardı etməyin acı nəticəsi deyilmi? İnanırıq ki, hər bir valideyn bu nəsihətləri öz övladlarına çatdırar və özü də bunlara əməl edər. Belə edildiyi təqdirdə, Allahın izni ilə, ailəmiz, cəmiyyətimiz və dünyamız tamam başqa bir çöhrəyə bürünər.
ŞƏRHLƏR