ABŞERONUN İNCİSİ – “QALA”
Azərbaycan Respublikası ərazisində tarixi əhəmiyyəti böyük olan kifayət qədər qiymətli maddi mədəniyyət abidələri və materiallar vardır. Tariximizi bilmək üçün öyrənilməsi vacib olan ərazilərdən biri də Abşeronun incisi “Qala”dır. Abşeronun hər bir kəndinin özünəməxsus tarixi keçmişi, təsərrüfat, məişət həyatı, qiymətli memarlıq abidələri var. Diqqətəlayiq keçmişi olan belə yaşayış məntəqələrindən biri də məhz Qala kəndidir. Coğrafi mövqeyinə görə Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Sahil qəsəbələrinə nisbətən yayda havası azca isti və quru təsir bağışlayır. Qeyd edək ki, bu maddi mədəniyyət abidələri ilə zəngin olan kəndin arxeoloji qazıntılar və araşdırmalar nəticəsində e.ə III minilliyə aid olması müəyyən edilmişdir.
Qala kəndi və kənddə olan maddi mədəniyyət abidələri insanda qəribə hiss yaradır; müasir, modern Azərbaycandan birdən-birə əsrlər əvvələ, orta əsr insanının yaşadığı zamana gedib çıxırsan. Bir tərəfdə öz əzəməti ilə seçilən qədim Qala qəsri və onun əhatəsində yerləşən qədim tikililər, hamamlar, məscidlər, digər tərəfdə də yaşı əsrlərə söykənən qədim qəbiristanlıq... Bir sözlə, kəndin hər küçəsində, hər daşında tarix yatır.
Qala kəndində ən qədim yaşayış məskəni tunc dövrünə aiddir. Arxeoloji qazıntılar zamanı ilk tapıntılar kəndin cənub hissəsində əldə edilib. Burada müxtəlif daş tikili qalıqlar, saxsı qırıntıları və üzərində rəsmlər olan daşlarla zəngin qədim yaşayış məskəni aşkar edilib. Ümumiyyətlə, Qala kəndində və ona bitişik ərazilərdə 215 memarlıq tikilisi və arxeoloji abidə var ki, bunlardan ən məşhuru Qala qəsridir. Qala qəsri Hacı Ramazan məhəlləsində yerləşir. Tarixi XIV əsrə söykənən qəsr Qala kəndinin ən hündür ərazisində inşa edilmişdir. Qala dördbucaq şəklində olub hündür divarlarla əhatəlidir. Kəndin hündür yerində tikilməsi qalanın müdafiə və gözətçi məntəqəsi kimi istifadə edildiyini göstərir. Qülləsi sovet dövründə dağıdılan qala bir müddət məscid kimi istifadə olunub. Burada ilk təmir-bərpa işləri XVIII əsrdə aparılıb. Qala qəsri 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən təmir olunub.
Qeyd edək ki, o dövrdə qalalar müdafiə funksiyası daşıyırdı. Hər hansı bir təhlükə baş verdikdə qalalardan bir-birinə təhlükə siqnalları verilirdi. Bu təhlükə siqnalları gecələr alov, gündüzlər isə tüstü vasitəsi ilə yerinə yetirilirdi. Həmçinin qala qəsrində müxtəlif yeraltı yollar da mövcuddur ki, vaxtilə bu yeraltı yollardan müharibə baş verdikdə istehkama giriş-çıxış və ya qalaya ərzaq ehtiyacının daşınması üçün istifadə olunmuşdur. Hal-hazırda bu yollar olduğu kimi bərpa olunaraq qala kompleksinin tərkib hissəsinə çevrilib.
Qəsrdə aşkarlanan yeraltı yollar IX-XIV əsrə aid edilmişdir. Deyilənə görə, qədimdə bu tunelin biri dəniz sahilinə qədər, ikincisi isə kənd ərazisində yerləşən çölə çıxırmış. O zamanlar bu tunellərdən hərbi yollar kimi istifadə edilirmiş. Qalanın bu iki tunelində təhlükə zamanı 1500-ə yaxın insan gizlənirmiş.
Qala kəndi həmçinin öz hamamları ilə də məşhurdur. Belə ki, qədim Qala kəndində 3 hamam mövcud olmuşdur: “Şor hamamı”, “Qum hamamı” və “Bayraməli hamamı”. “ Şor hamamı” kəndin cənub hissəsində Duz gölünün yaxınlığında yerləşib. Göldən ora su çəkilib. Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi əhəmiyyət daşıyırdı. Hamam binası dağılsa da, özülü bu günə qədər qalmaqdadır. Digər bir hamam isə “Qum hamamı”dır. Uzun müddət torpaq altında qalmasına baxmayaraq hamam yenidən bərpa edilib. XII-XIV əsrlərin memarlıq quruluşuna malik olan bu hamamda istirahət otaqları olub. Səkkiz otaqdan ibarət olan bu hamamda xüsusi taxçalar da quraşdırılıb. Hamamlardan təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilirdi. Hətta müxtəlif ticari görüşlərin keçirilməsi də burada reallaşdırılırdı. Otaqlardan biri isə namaz qılmaq üçün ayrılmışdı.
Qala kəndində olan hamamlardan yalnız biri bu günə kimi fəaliyyət göstərir. “Bayraməli hamamı” adlanan bu tarixi abidənin giriş hissəsindəki yazıda tikilinin 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edildiyi göstərilir.
O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar öz tarixindən dərs almağı bacarırlar. Bu dərslər həm tarixi salnamələr, yazılı qaynaqlar, həm də qorunub saxlanan maddi-mədəni abidələr vasitəsilə mənimsənilir. Babalarımızın bizə miras qoyduğu mədəni irsimizi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Qeyd: Ədəbiyyat kimi bəzi məlumatlarda Əliyeva Rahibənin “Unikal Qala kəndi” kitabından istifadə olunub.
ŞƏRHLƏR