QƏBƏLƏDƏN MƏDİNƏYƏ İBRAHİM TATLISƏSLƏ
Qəbələli rəhmətlik Səməd Baba: “Yaqub kimi sevmək, Yusuf kimi sevilmək lazımdır” demişdi[1]. Ay Səməd Baba! Bu sözü demisənsə, yəqin ki, Yaqub kimi sevib Yusuf kimi sevilmisən. Yaşamısan ki, bu sözü demisən. İbrahim Tatlısəs:
“Sevmək,
Ən gözəl duyğu, sevmək,
Həyatın dadı, sevmək,
Qulun muradı demək, sevmək, sevmək...” - deyə oxuyardı. Sevmək qovuşdurar, birləşdirər. İsbatı, İbrahim Tatlısəsin İrfan jurnalına girməsidir. İnsan nə istər? Vəzifəsindən, yaşından asılı olmayaraq sevmək və sevilmək istər.
Qəbələdən Şəkiyə tərəf gedək. Rəhmətlik Şəki müftisi Səlim Əfəndi Osman Nuri Topbaş xoca ilə 1991-ci ildə ilk görüşməsini bu sözlərlə ifadə edirdi: “Osman abi ilə ilk dəfə əl-ələ görüşəndə sanki ürəyimi onun ovucları içində hiss etdim”.[2] Təhsil nədir? Təhsil ürəkləri ovcunun içinə almaq və ürəyini ovucların içinə verməkdir. Müəllim tələbələrinin ürəyini ovuclarının içində hiss edirsə, müəllimdir. Tələbələr də müəllimin ürəyini ovuclarında hiss etməlidir. Məhz bu, Yaqub kimi sevmək və Yusuf kimi sevilməkdir. Belə bir sinif elektron lövhəsi, stolu, işığı, qapısı olmasa da, yenə müvəffəq olacaq. Aşiq olmaq və sevmək ürəyi hiss etmək, ürəyi ortaya çıxartmaq deməkdir. İmam Sərəxsi atıldığı quyunun içindən illərlə səslənə-səslənə 33 cildlik “Məbsut” adlı əsərini yazdırdı. Tələbələri quyunun başına yoxlama jurnalı olmadan, qiymət gözləmədən, sinfi keçmək planı qurmadan gəldilər.
Biz işıqlı siniflərdə və geniş zallarda tələbələri saxlaya bilmirik. İtirdiklərimiz qazandıqlarımızdan daha çox olur. Görəsən, niyə? Kəpənəklər qaçırsa, üstümüzdəki kirə və qoxuya baxmalıyıq.
Şəkidən İstanbula doğru yol alaq. Hələ tələbəlik illərimdə İstanbulun incilərindən olan gözəl bir insandan: “Boş bardaqla ikram olmaz”, - deyə eşitmişdim. Aradan iyirmi ildən artıq zaman keçib, yenə eyni gözəl insandan “boş bardaqla ikram olmaz” sözünü eşidirəm. Bardaqların boş olduğunu və boş bardaqların ağıza zorla yapışdırıldığını görüb ki, belə deyir. İllərdir boş bardağı qazlı içkilərlə doldurmuşam. Yanına getsəm, başımı ayaqlarının altına sərib “əfəndim, bu boş bardaq dolmur” deyə ağlayacağam. Həqiqətən, bardaq nə ilə dolar?
“Gül alar, gül satarlar,
Güldən tərəzi tutarlar,
Gülü gül ilə satarlar,
Çarşı-bazarı güldür, gül”, - deyən gözəl insanlar gül alıb gül satmaqla nə qazanarlar?
Pul verib internet paketi alırıq; tərəzilərimiz Çin malıdır və Çin malı plastik gül satırıq. Siz plastik güllərin içinə ətir vurulduğunu gördünüzmü? Mən gördüm və qoxladım. Əli Əmiri əfəndi sevdiyi insanlar haqqında: “Gül yarpağıdır, nüsxeyi-Quran arasında”, - deyərmiş. Allah Əli Əmiri əfəndiyə nəsib edib, Quran səhifələri arasındakı gül yarpağı kimi həssas insanlarla görüşdürüb. Bizim də “Gül yarpağıdır, nüsxeyi-Quran arasında” deyə biləcəyimiz insanlar varmı? Yoxdursa, nə Yaqub, nə də Yusuf ola bilmişik; nə sevmiş, nə də sevilmişik. Yoxsa ətrafımız “daneyi-tikandır, gövdeyi kaktus üzərində” insanlarla sarılıb? Biz “daneyi-tikan” insanların Yaqubu olduq, yoxsa “gül yarpağı” insanların? Sinifdəki tələbələri, söhbət üçün zala yığışan qardaşları “gül yarpağı”, özünü də “daneyi-tikan” kimi görmək bardağın dolmağa başlamasıdır.
Qəbələ, Şəki və İstanbuldan sonra nurlu Mədinə bizi gözləyir. Bismillah və əlhamdulillah deyə başlamayan hər söz qısırdır.[3] İçində Mədinə olmayan sözlər də, əlbəttə, qısırdır. Rəsulullah (s.ə.s) Muazın əlindən tutaraq: “Ey Muaz, vallahi, səni sevirəm! Ey Muaz, hər namazdan sonra bu duanı oxumağı tövsiyə edirəm: Allahım, səni zikr etmək, şükür etmək və sənə layiq ibadət edə bilmək üçün yardım eylə!” – demişdi.[4]
Rəsulullah (s.ə.s) dua öyrədəcəyi dostunun əlindən tutur, gözlərinə baxaraq: “Vallahi, səni sevirəm”, - deyə sözə başlayır. Çox sevdiyimiz bir kimsə əlimizdən tutsa, gözlərimizə baxsa və “səni sevirəm” desə, arxasınca da “özünü bu dağdan aşağı at” desə, atarıq, elə deyilmi? Əlindən tutmadan, gözünə baxmadan, sevdiyimizi göstərmədən və söyləmədən təlim-tədris edirik. Görəsən, nə qədər təsirli oluruq? Bir virus belə əldən-ələ bulaşır və yayılırsa, Allahın dini olan İslam necə təkcə dildən-dilə yayılar?
Nəqşbənd həzrətləri yolda gedərkən küçədəki heyvanlara belə yol verər, onları incitməzmiş. Bizə nə oldu ki, qardaşlarımızı sevməz hala gəldik? Quyu qazmaqda ustalaşdıq. Bir-birimizi sevmədikcə cənnətə girə bilməyəcəyimizi unutduq,[5] elektron lövhələrə, slaydlara, kompüterə – zahirə, texnologiyaya daldıq; sevməyi və sevilməyi, Yaqub və Yusuf olmağı unutduq. Uzaqdan təhsilə (onlayn) dörd əllə sarıldıq. Yolun sonunda itirdiyimizi anlayacağıq, amma gec olacaq. Üz-üzə təhsil ilə nə qədər sevdik, nə qədər sevildik ki, uzaqdan təhsil ilə daha çoxunu əldə edək. İbrahim Tatlısəsə Səməd babadan dərhal sonra yer vermişdim. Sözümü yenə onun “sevmək” adlı möhtəşəm mahnısı ilə bitirirəm:
“Qəlbimizdə sevgiyə,
Eşqə yer verməliyik,
Qucaq açıb dostluğa,
Sevib sevilməliyik,
Sevmək, ah... sevmək...”
ŞƏRHLƏR