MƏHƏBBƏT SAHİBİNƏ OLARSA ...
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah (c.c) pisi yaxşıdan ayırmaq üçün möminləri sizin indi olduğunuz (islami yaşayışın sadəcə dil ilə təsdiqdən və zahiri ilə kifayətlənməkdən ibarət) vəziyyətdə buraxacaq deyildir. (Çünki Rəbbiniz) sonunda (nəfsin ürküdücü sifətlərinə və şeytanın fısıldamalarına könül vermiş) pis olanı, (səlim qəlbin sifətlərinə yiyələnmiş və irfani bir saflıq ilə gerçək məhəbbəti yalnız və yalnız ona layiq olan Uca Yaradanına bəsləmə əxlaqına qovuşmuş) təmiz olanlardan ayıracaqdır”. (Ali-İmran, 179)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Deyirlər, Uca Rəbbimizə qulluqda şükür və sədaqət dastanı yazmış bir Haqq dostu bir gün Rəbbinə belə dua edir: “Ya Rəbbi! Bu qədər insan Sənə dua edir. Səndən bir şeylər istəyirlər. Ya Rəbbi, marağım ağır basdı, görəsən, onlar Səndən nə istəyirlər? Lütfünlə onları mənə bildir!” Allah (c.c) dostunun ricasını qəbul edərək Şəxsinə yönələn duaları quluna bildirməyə başlayır. Rəbbimizin sonsuz ehsanlarına müqabil qulların ədəbə uyğun olmayan duaları qarşısında get-gedə əriyən, üzülən, qəhr zindanında boğulan adam artıq dözə bilməyərək Rəbbinə yalvarmağa başlayır: “Aman, ya Rəbb! Bu hissiyyatı məndən geri al!”. “Niyə, ey qulum?” - deyə Rəbbimiz soruşunca adam: “Ya Rəbbi, Səndən nə istədiklərinə şahid olunca dözə bilmədim”, - deyir. Uca Allah (c.c) da: “Bəli qulum! Məndən ev istəyirlər, iş istəyirlər, həyat yoldaşı istəyirlər, sağlıq və xoşbəxtlik istəyirlər. Çox şey istəyirlər, amma bütün bunların və daha ağıllara gəlməyəcək neçə-neçə bənzərsiz ehsanların və nemətlərin sahibi olan bir tək Məni istəmirlər. Könüllərdəki məhəbbət bu qədər ehsanın qüdrətli sahibi olan Allaha (c.c) deyil, Onun xəlq etmiş olduğu fani yaradılmışlara olanda, təəssüf ki, sənin belə qəlbini qaraldan mənzərə meydana çıxmış oldu”, - buyurur.
Qullarının hüzurdakı etibarını əməlli-başlı zədələyən bir çox davranışların sevdiyi bəndələrində, hətta peyğəmbərlərin həyatında belə baş qaldırdığı anda Rəbbimizin aləmlərə möhtəşəm bir ibrət olacaq tərzdə bu qüsuru aradan qaldırma məharəti, Yaradana yönələn gerçək sevginin qul üçün nə qədər qiymətli olduğunu göstərməkdədir.
“Musa əleyhissalamın əcəli yaxınlaşmışdı. “Ey Musa! Ailənlə salamatlaş”, - əmri gəldi. Musa əleyhissalam əmrə boyun əyərək ailəsi ilə vidalaşdı. Balaca körpəsini qucağına alaraq öpüşlərə qərq etdi və anidən qəlbinə: “Görəsən, məndən sonra bu körpənin halı necə olacaq?” - düşüncəsi hakim oldu. İlahi ehsanın tükənməz bərəkət iqlimində yetişən, ilahi ehtişamı mərifətlə anlama mədəniyyətinin zirvəsində olan bir peyğəmbərin bu təlaşı ilahi qeyrətə qarşı bir çağırış idi. Lakin Rəbbimiz, tayı-bərabəri olmayan mərhəmət təcəllisini səbəblər zəncirinə düzərək peyğəmbərinin timsalında bütün inananlara duyğulandıran bir həyat dərsi verməyə qərar verdi. Hz. Musa əleyhissalama əmr gəldi: “Ey Musa! Dəniz kənarına get”. Peyğəmbər dənizə doğru yaxınlaşdı. “Ey Musa! Əsanı dənizə vur!” Peyğəmbər əsanı dənizə vuran kimi dəniz aralandı və dibi görünməyə başladı. Dənizin dibinə enən Musa əleyhissalam sığallı və heç bir çatlağı olmayan böyük bir daşla qarşılaşdı. “Ey Musa, çomağınla daşa işarə eylə!” İşarə ilə ikiyə bölünən daşın ortasındakı əlsiz-ayaqsız, gözləri də kor olan bir böcək Hz. Musanın heyrətinə səbəb oldu. Çünki bu vəziyyətdə olan böcəyin ağzında tər-təzə yarpaq var idi.
Göründüyü kimi, bu möhtərəm varlığın Rəbbinə məhəbbət rabitəsi o qədər qüvvətli idi ki, Rəbbimiz dənizin dibində, üstəlik də daşın tam ortasında məskən salmış bu çarəsiz kimi görünən varlığa yamyaşıl tər yarpaqlarla ruzi ehsan edirdi. Rəbbimiz buyurdu: “Ey Musa! Mən O Allaham ki, Rəzzaqam. Zəif, gözü görməyən, əlsiz-ayaqsız bir böcəyi dənizin dibində sərt və yekə bir daşın içində yaşadaraq ona yaşıl yem verirəm. (Qeyd edək ki, sərt qayaların yarılması, faydalı qazıntı şaxtalarından çıxarılan süxurların parçalanması zamanı onların içindən müxtəlif həşəratların, hətta qurbağaların belə çıxması elmə məlum bir həqiqətdir. Elmi acizlik kürsüsünə əyləşdirən və ilk baxışda acınacaqlı ölüm karantininə həbs edilmiş kimi görünən bu əziz varlıqların, əslində, Hz. Musa əleyhissalamın hadisəsində izlədiyimiz kimi, təsəvvür hüdudlarını aşan bir təslimiyyət və eşq həyəcanı ilə təfəkkürlərə Uca Allaha (c.c) diri bir yaxınlıq sevdası ilə sarılma mərifətini təbliğ etdikləri gözlər önündədir.) Sən isə səni sevən Dostunun sənin uşağını yardımsız buraxacağından qorxursan. Bir qulun məhəbbət və etimadı onu xəlq edərək hər ehtiyacını görən Rəbbinə doğru olmalıdır. Mənim rəhmətim sənin övladından da, sənin ona olan şəfqətindən də müqayisəyə gəlməz dərəcədə üstündür”.
ŞƏRHLƏR