TÜRKİYƏNİN LİVİYA MÜNAQİŞƏSİNDƏ İŞTİRAKI LEGİTİMLİK VƏ REALPOLİTİK KONTEKSTDƏ
Ərəb baharının mənfi nəticələrindən biri də inqilabların baş verdiyi ölkələrdə stabil şərtlər daxilində legitim hakimiyyətlərin formalaşmaması oldu. Məlum olduğu kimi, hal-hazırda iki ölkədə, Suriya və Liviyada vətəndaş müharibələri hələ də davam etməkdədir. Düzdür, Liviyada Suriyadakı kimi dinc əhali arasında böyük itkilərə, dağıntılara rast gəlinmir, amma istənilən halda, münaqişə hələ də intensiv şəkildə davam etməkdədir.
Ölkənin paytaxtı Tripolidə fəaliyyət göstərən, başda Faez Sarac olmaqla Milli Birlik Hökuməti ilə Tobruk şəhərində yerləşən general Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Hökuməti arasında qanlı döyüşlər 2015-ci ildən etibarən davam edir. Bu yazıda, təbii ki, hərbi əməliyyatlar haqqında məlumatlara toxunmaq və ya təhlil aparmaq fikrimiz yoxdur.
Hal-hazırda BMT tərəfindən legitimliyi tanınan Milli Birlik Hökumətinə dövlətlər arasında yalnız Türkiyə, qismən də İtaliya əməli dəstək verir. General Xəlifə Həftərə tabe qüvvələrsə diplomatik və hərbi səviyyədə Fransa, daha çox hərbi səviyyədə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və qismən də Rusiyadan dəstək almaqdadır. Qeyd etmək lazımdır ki, Türkiyə F.Sarac hökumətinə dəstək göstərənə qədər onunla mübarizə aparan qüvvələr artıq qələbənin astanasında idilər; qiyamçı qüvvələr az qala, paytaxt Tripoli şəhərinə yaxınlaşıb onu mühasirəyə almağa təşəbbüs göstərirdi. Məhz Türkiyənin münaqişəyə müdaxiləsi döyüş meydanında ciddi dəyişikliklərə səbəb oldu və hal-hazırda Milli Hökumət əks-hücuma keçərək uğurlar əldə etmişdir. Bu məqalə çapa getmək ərəfəsində ikən, hökumət qüvvələri Əl-Vatiyyə hərbi aerodromunu və ətrafda yerləşən iki rayonu ələ keçirdilər və beləliklə, Tripolini hər daim təhdid edən təhlükəni aradan qaldırmağa müvəffəq oldular.
Liviya münaqişəsi beynəlxalq münasibətlər sistemində, ümumiyyətlə, bir neçə məsələni aktuallaşdırmış oldu. Növbəti dəfə istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı dövlətlərin diplomatik missiyalarının uğursuzluğu ortaya çıxdı. Almaniya və digər Qərb ölkələrinin atəşkəslə bağlı dəfələrlə etdiyi vasitəçilik missiyalarına baxmayaraq, Həftər bu cəhdləri qulaqardına vurdu.
Liviya münaqişəsi ən əsası, Türkiyənin regional aktor kimi hansı hərbi gücə malik olduğunu göstərdi. Yuxarıda qiyamçı Həftər hökumətinə dəstək verən dövlətlərin siyahısına baxmaq kifayət edir ki, bu məsələdə Türkiyənin bacarığını görmüş olaq. Bu baxımdan, Türkiyə istehsalı olan “Bayraktar” dronlarının Həftər tərəfdarlarının hərbi texnikasına endirdiyi zərbələr nəticəsində, cəbhədə vəziyyətin kəskin şəkildə dəyişməsi faktını göstərmək kifayət edir. (Yeri gəlmişkən, bu dronların Liviya münaqişəsində uğurlu tətbiqi yaxın zamanlarda hərbi dərsliklərə düşəcək.)
Sözsüz ki, rəsmi Ankara Milli Hökumətə dəstək verməyində geosiyasi (Aralıq dənizi sahili ölkələr arasında müttəfiq qazanmaq) və ideoloji (“Müsəlman qardaşları” ideologiyasına müəyyən bağlılıq) faktorlar durur. Məsələnin legitimlik tərəfinə gəldikdə isə yenə də Türkiyə onu başqa ölkənin işlərinə qarışmağa görə günahlandıranlara haqlı olaraq aşağıdakı arqumentləri gətirir. Birincisi, Türkiyə BMT-nin legitim olaraq tanıdığı bir hökumətə dəstək verir. İkincisi, qiyamçı qüvvələrə dəstək verən ölkələrin özləri bu münaqişəyə müxtəlif formalarda hərbi müdaxilə edirsə, hansı səbəbdən Türkiyənin bunu etməyə ixtiyarı çatmır?!
Hələ ki, Türkiyənin Liviya münaqişəsində sona qədər hansı mövqe tutacağını birmənalı söyləmək çətindir, çünki əsas hədəf qiyamçılar üzərində həlledici strateji qələbənin əldə edilməsidir. Eyni zamanda Həftərin başçılıq etdiyi hökumətə dəstək göstərən dövlətlərin mövqeyindən çox şey asılıdır. Ona görə də hələlik biz regional güclərin bu ölkədə apardığı vəkalət müharibəsinin şahidi olacağıq.
ŞƏRHLƏR