BİR HƏDİS
عَنْ عِيَاضِ بْنِ حِمَارٍ أَخِي بَنِي مُجَاشِعٍ، قَالَ: قَامَ فِينَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ خَطِيبًا، فَقَالَ: إِنَّ اللهَ أَوْحَى إِلَيَّ أَنْ تَوَاضَعُوا حَتَّى لَا يَفْخَرَ أَحَدٌ عَلَى أَحَدٍ، وَلَا يَبْغِي أَحَدٌ عَلَى أَحَدٍ
Bəni-Mücaşinin qardaşı İyaz ibn Himar belə nəql edir: “Rəsulullah (s.ə.s) bir gün xütbə oxumaq üçün ayağa qalxdı və belə buyurdu: “Allah mənə vəhy etdi ki, təvazökar olun, bir-birinizə qarşı təkəbbür etməyin və bir-birinizə qarşı həddi aşan hərəkətlərə yol verməyin”. (Müslim, Cənnət, 64)
Təvazökarlıq və təkəbbürlülük bir-birinə zidd olan iki xüsusiyyətdir. İslam ədəbiyyatında təvazökarlıqdan bəhs olunan hər mövzuda təkəbbür mövzusuna da təmas olunur. Çünki bunlardan birinin doğru anlaşılması üçün digərinə ehtiyac vardır. Qeyd olunan hədisdə bu həqiqət Allah Rəsulu (s.ə.s) tərəfindən də dilə gətirilmiş və təvazökar olmağın eqoist davranışlardan uzaq durmaqla mümkün olduğu bəyan edilmişdir. Təvazökarlıq əsasən insanın haqqı qəbul edib ona boyun əyməsi olduğu halda, təkəbbürlülük haqqı inkar edib insanları aşağılamaqdır. Bu həqiqəti Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə açıqlamışdır: “Kibr haqqı inkar edərək insanları aşağılamaqdır”. (Müslim, İman, 91)
Şeytanın Allahın hüzurundan qovulmasına səbəb olan təkəbbür (əl-Bəqərə, 2/34), Uca Allah tərəfindən bəyənilməyən bir davranış olaraq belə tənqid olunmuşdur: “Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz”. (ən-Nisa, 4/36) Bunun əsas səbəbi, heç şübhəsiz ki, bu mənfi duyğulara sahib olan birinin Haqqa üsyan etməyə meyilli olmasıdır. Çünki belə insanlar özlərini bəyənərək bir bəşər olduqlarını unudar və nəticədə həqiqəti inkar edəcək həddə çatarlar. Bu həqiqət Qurani-Kərimdə Firon və Qarun qissələrində ətraflı olaraq açıqlanmışdır. Belə ki, Allahın lütfü sayəsində məqam, mövqe və zənginliyə qovuşan Firon və Qarun həqiqəti görməzdən gələrək ilah olduqları iddiasına belə düşmüşdülər.
Təvazökarlıq Uca Allaha boyun əyməyin və haqqa itaət etməyin adı olduğuna görə bu xüsusiyyət insana Allah dərgahında üstünlük qazandırmaqdadır. (Tirmizi, Birr, 82) Təvazökar insan onu Allahın yaratdığını, malik olduğu nemətlərin Ona aid olduğunu bilib, Onun rizasını qazanmağa çalışan şəxsdir. Bu səbəblə də təvazökar insan hər hal və davranışında Allahın rizasını ümid edərək hərəkət edər. Təvazökarlıq insana cəmiyyətdə dəyər qazandırar. Təkəbbürlülük isə insanı gözdən salar. Çünki təkəbbürlü kəs dağın başından insanlara baxan birinə bənzəyər. O, insanları kiçik gördüyü kimi, insanlar da onu kiçik görər. Lakin hər bir işdə olduğu kimi, təvazökarlıqda da həddi aşmamaq lazımdır. Təvazökarlıq adı ilə insanın digər insanlarla münasibətlərində qürurunu aşağılayan davranışlardan uzaq olması və özünü əzdirməməsi lazımdır. Rəsulullah (s.ə.s) bu barədə belə buyurmuşdur: “Möminə özünü xor görməsi yaraşmaz”. (Tirmizi, Fitən, 67)
-->
ŞƏRHLƏR