YARALAMADAN, YARA ALMADAN...
Böyük insanların elə sözləri vardır ki, sərf edildikləri yer və zamana görə elə bir məna qazanar ki, onun təsir gücü heç bir zaman zəifləməz və məsələnin mahiyyətini dərk etmədə daim gücünü qoruyar. O sözü sərf edən bir Peyğəmbərdirsə, söz qəlbə həkk olar və bir həyat tərzinə çevrilmək məcburiyyətində qalar, qəlbində həkk olunmuş insanın.
Söhbət, sevgili Peyğəmbərimizin (s.ə.s) Vida xütbəsində böyük bir insan topluluğuna xitab etdiyi nəhəng manifesto mahiyyətindəki misilsiz nitqindən gedir.
“Ey insanlar! Rəbbiniz birdir, atanız birdir, hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdandır. Ərəbin ərəb olmayana, ərəb olmayanın ərəb üzərində heç bir üstünlüyü olmadığı kimi, qırmızı dərili adamın qara dərili, qaranın da qırmızı üzərində heç bir üstünlüyü yoxdur. Üstünlük yalnız və yalnız təqvadadır. Təqva isə Allahdan qorxmaqdır”.
Bəli, təqva... Adi bir məfhum deyildir, bu kəlmə. Allahın qoyduğu ölçü və hüdudlara son dərəcə həssaslıq göstərərək həyatı nizamlamaqdan ibarətdir təqva. Bir həyat düsturudur ki, riayət edildiyi zaman əşrəfi-məxluqat olan insanın əsl dəyərinin qorunmasının və qurtuluşunun zəmanətidir, Allahın təqdiri ilə.
Hz. Ömər (r.a) Übey b. Kabdan (r.a) “Təqva nədir?” deyə soruşduqda Übey b. Kab: “Sən heç tikanlı yolda yürüdünmü?” demişdi. Hz. Ömər “bəli” cavabını verdikdə: “Bəs belə bir yolda yürüyərkən necə hərəkət etdin?” - deyə soruşmuşdu. Hz. Ömər bu suala: “Paltarımın ətəyini yığdım və mümkün olduğu qədər tikana ilişməyim deyə qorunmağa çalışdım”, - deyə cavab verdikdə Übey: “Bax, təqva məhz elə budur!” - demişdi.
Həyatımız boyunca yürüdüyümüz yolda qarşımıza çıxan tikanlar, əslində nəfsimizin xoşuna gəlsə də, toxunduğu zaman ilişərək özünə cəlb edən və Uca Yaradanın “Diqqət edin!” buyurduğu xüsusların simvolik qarşılığıdır. Bu xəbərdarlıq qarşısında bir anlıq qəflət, ehtiyatsızlıq və etinasızlıq həmin o tikanlarla həm bu dünyada, həm də axirətdə ağır acılar çəkməyimizə səbəb ola bilər. Həyat yolu şəhvət və müxtəlif arzuların əhatəsi altındadır və onlar daim bizi təlqin atəşinə tutar. Hər addımda qarşımıza müxtəlif şəkil və surətdə çıxan “İstədiyin kimi yaşa, səfanı çəkməyinə bax, oturduğun kreslodan möhkəm yapış...” kimi təlqinlərə qulaq verməyib, fani olan aldatmacalardan uzaq durmaqdır, təqvanın özü.
Dövrün və həyat şərtlərinin dəyişməsi ilə cəmiyyətin və fərdlərinin ehtiyacları da ona paralel olaraq dəyişməkdədir. İnsanlar zaman keçdikcə, dövr dəyişdikcə özləri üçün fərqli ehtiyaclar uyduraraq onları təmin etmək üçün müxtəlif yollara baş vurarlar. Maddiyyata qarşı insanların göstərdiyi hərislik və aludəliyin getdikcə daha da güclənməsi ilə mənəviyyatını bəsləyən dəyərlərə olan soyuq münasibət fərqində olmadan bu duyğuların həyata olan baxışlarında ikinci və ya daha sonrakı planlara düşməsinə səbəb olar. Bu isə öz növbəsində bir müddət sonra həmin insanların və dolayısilə cəmiyyətin həyat tərzinə çevrilməyə başlayar. Hadisələrə baxış tərzi, bəşəri münasibətlərdəki ölçü və kriterilər yerini başqa meyarlara buraxar və fərqində olmadan həyatın axışı fitrətdən kənar bir məcraya doğru sürüklənər. Belə kəskin məcra dəyişikliyinin səbəbi təməlində “təqva” meyarlarının kifayət qədər yer almamış olmasıdır. Dəyərlərindən “sistematik” təcrid olunmuş, həssasiyyətlərin itirildiyi toplum əsl ruhundan uzaqlaşdıqca itkilər verməyə üz tutar... Nəticədə ətrafda yalnız ehtişamlı yüksək binalar, lüks evlər və göstəriciləri ilə bir-biriylə yarışan maşınlar görərsən.
Günlük həyatın keşməkeşlərində öz işimizlə məşğul olduğumuzu zənn edərkən daxili aləmimiz saysız-hesabsız informasiya və görüntü bombardmanına məruz qalar. İstəməsək belə, qarşımıza nəfsimizin arzu etdiyi şeylər çıxar və “o təhlükələrdən qorunma mexanizmi” avtomatik dövrəyə girmədiyi zaman təsir dairəsinə düşmək qaçılmaz olar. O təhlükə həyatımızın vazkeçilməz parçası hesab etdiyimiz texnoloji alətlərdə, məsum bir şəkildə yürüməyə çalışarkən küçədə, ehtiyacımızı qarşılamaq üçün getdiyimiz market və alış-veriş mərkəzlərində, bir sözlə, hər yerdə qarşımıza çıxar. Bu günlük yolçuluqlarımız bizi peşman olmayacağımız əbədi yolçuluğa apararkən həyatın tikanlı yollarından və zaman-zaman dayanacaqlarından keçirdikdə sahib olduğumuz məziyyətlər bir qalxan kimi bizi qorumalıdır. O məziyyətlər nələrdir?
Şah damarından insana daha yaxın olduğunu buyuran Uca Yaradanın Elçisi vasitəsilə riayət edilməsini istədiyi əmr və qadağalarına həssaslıq göstərməkdir, o məziyyət. Dilimizi pis sözlərdən, əlimizi-ayağımızı şər işlərdən, gözümüzü haramlardan qoruyaraq, zehnimizi və könlümüzü daim müsbət niyyət və düşüncələrlə məşğul edərək bu halımızın ətrafımıza əks etməsinə cəhd etməkdir, o təhlükələrdən qorunmanın yolu. Bir sözlə, o məziyyət “İHSAN” mərtəbəsində olduğunu unutmamaqdır.
Ehtivasının möhtəşəmliyi qəlbləri titrədən və tikanlı yollardan yara almadan yürümənin düsturunu ortaya qoyan Cibril hədisindəki “...sən Onu görməsən də, O səni görür” gerçəyini unutmayaraq qəlblərə və zehinlərə həkk etməkdir, məsələnin özü.
ŞƏRHLƏR