NƏ ÜÇÜN QURAN OXUMALIYIQ?
Peyğəmbərimizin (s.ə.s) bu hədisi-şərifini, demək olar ki, bilməyənimiz yoxdur: “Sizin ən xeyirliləriniz Quranı öyrənən və öyrədənlərinizdir”. (Buxari, Fədailul-Quran, 21)
Bu hədisi-şərifi oxuyan kəslərin ağlına belə fikirlər gəlmiş ola bilər: “Nə üçün Quran öyrənən şəxs ən xeyirli sayılır? Quranın nəyini öyrənməliyik? Nə üçün Quran oxumalıyıq?!..”
“Nə üçün Quran oxumalıyıq?” sualı bir müsəlmanın dünyaya baxışını və həyata dair hisslərini dəyişdirə biləcək qədər çətin və bir o qədər də əhəmiyyətli bir sualdır. Gənc ikən bəlkə də bu sualın sadə bir cavabı varmış kimi görünsə də, insanın çiyninə minən yüklər və həyat məşğuliyyəti artdıqca bu problemin ağırlığı da artır. Bir yandan da, iman artdıqca hər şey daha ləzzətli hala gəlir. Yük artdıqca bir tərəfdən sevinc də artır. Lakin digər tərəfdən, “görəsən, bu yükü qaldıra biləcəyəmmi?” narahatlığını daşıya bilmək qabiliyyəti yalnız həyat yolçuluğu içərisində hadisələrin fərqində olmağın verdiyi bir şüurla mümkündür.
Böyüklərimiz daim bəhs edərlər, səhabələrin bu xüsusda çox həssas olduqlarından... Hanzalanın (r.a) Peyğəmbərimizin (s.ə.s) hüzurundan ayrılınca özünü bir münafiq kimi görməsi və ardından Peyğəmbərimizin (s.ə.s) yanına gəlib: “Ey Allahın Elçisi, yanında olduğumuz zaman bizə cənnət və cəhənnəmdən bəhs edirsən, biz də onları gözümüzlə görmüş kimi oluruq. Sənin hüzurundan çıxıb ailə-uşağımızın yanına və işlərimizin başına qayıdınca bunların çoxunu unuduruq”, – deməsindəki sirdə gizlidir, iman həqiqətləri… O qədər ki, bir an belə ayrılmaq istəmir həqiqətdən, bir an olsun dünyaya nə üçün gəldiyini, nə etməsi lazım olduğunu unutmaq istəmir.
Quranın bir müsəlmana yüklədiyi ən əhəmiyyətli vəzifələrdən biri dünyada yaxşılığın qalib gəlməsi üçün bütün insan irqlərini bir sevgi ətrafında yığa bilmək və pisliyə qarşı tək bir vücud meydana gətirə bilməkdir. Bununla birlikdə həmçinin:
- Yaxşının tərəfində olacağıq,
- Yaxşı olmaq məcburiyyətindəyik,
- Pisliyə qarşı mübarizə aparacağıq,
- Pislik qarşısında susmaq, hərəkət etməmək, aktiv olmamaq pisliyə yardım etməkdir, - şüurunu aşılamaqdır.
Quranda bir çox ayənin sonu: “Məgər düşünmürsünüz? Hələ də dü-
şünmürsünüzmü?” (əl-Bəqərə, 44; əl-Əraf, 169) kimi sual cümlələri ilə qurtarır. Bu suallar əslində insana “özünə gəl” xəbərdarlıqlarıdır. Çünki düşünmək dəyişməyə başlamaqdır. Bir şeyləri dəyişdirmək üçün düşünmək bir addım sonrasının bir addım əvvəlkiylə eyni olmaması üçün mübarizə aparmaqdır. Bu səbəbdən, yaxşılıq və pislik arasındakı seçimimizi doğru edə bilmək üçün Quranı oxumalıyıq.
Bir xüsusu unutmamaq lazımdır: “Quran oxumaq və ya öyrənmək dedikdə yalnız üzündən oxumaq, yaxud quru ləfzlərini əzbərləmək nəzərdə tutulmur. Şair Mehmet Akifin də dediyi kimi:
Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün.
Bu səbəbdən Quranı ən gözəl şəkildə oxumağı öyrənib oxuyacağıq, əzbərləyəcəyik və ən əhəmiyyətlisi də Quran bizim həyatımızı işıqlandıracaq, yolumuzu göstərəcəkdir.
Qurani-Kərim kainatın yaradıcısı Allah-Təalanın xəlifə olması üçün yaratdığı və dünyaya göndərdiyi insana xüsusi və insanın anlaya biləcəyi bir dildə göndərdiyi məktubudur. Quran insanı tərbiyə edir və onu yaradılmışların ən şərəflisi olaraq ən uca, ən ülvi dərəcəyə çıxardır. Quran bu istiqaməti ilə baxıldığında, bizə həm bu həyatın mənasını öyrədir, həm də bizi yoxdan yaradan Allahı tanıdır. İnsan həm özünü biləcək, həm də yaradanını tanıyacaq, ardından içində olduğu dünyanı abad edəcək. Buna görə də Quran bir müsəlman üçün təkcə öz fərdi həyatını necə yaşaması lazım olduğunu deyil, ümumi olaraq ailə, cəmiyyət, dövlət və bütün dünya çərçivəsində necə yaşamalı olduğunu da söyləyir.
Özümüz haqda bunları düşündüyümüz kimi, gələcəyimiz olan övladlarımızı da bu xüsusda ehmal etməməliyik. Onların da Quran ab-havasında böyümələrini, yetişmələrini təmin etməliyik.
Əlbəttə, Quranla həmhal olmaq günlük, həftəlik, aylıq və ya fəsillik fəaliyyət deyil. Quran tərbiyəsi hər gün, hər ay və ömür boyu davam etməlidir. Elə isə ən azından qarşıdan gələn yay tətilində övladlarımızın Quranın o mənəvi ruhaniyyətinə bürünmələri, Quran havası ilə böyüyə bilmələri üçün çalışmalıyıq. Bundan ötəri axtarıb-arayıb, nə şəkildə olursa olsun, internet yoluyla və ya canlı ünsiyyətlə Quran öyrədilən yerləri, Quran kurslarını tapıb övladlarımızın da Quran oxumağı öyrənmələrini təmin etməliyik. Çalışaq ki, geridə mirasçı olaraq qoyub gedəcəyimiz övladlarımız yollarını çaşmasınlar, axirətlərini itirməsinlər. Ən sağlam iki qulpdan birincisi olan Qurana möhkəm yapışanlardan olsunlar.
ŞƏRHLƏR