BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

قُلْ يَا عِبَادِيَ الَّذِينَ اَسْرَفُوا عَلٰى اَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِ اِنَّ اللّٰهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

“De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir”. (əz-Zümər, 53)

İnsanı ən çətin anında belə ayaqda tutan qüvvə ümid hissidir. Ümid yox olarsa, çətinliklər qarşısında insan oğlu taqətsiz, gücsüz və aciz birinə çevrilər. Qurani-Kərimdə ən əsas ümid ayəsi məhz yuxarıda qeyd olunan ayədir. Uca Allah “de!” ifadəsi ilə Rəsuluna əmr edir ki, müsəlmanları müjdələsin. Bu müjdə məhz ümid müjdəsidir. Allah-Təala Özünün çox mərhəmətli olduğunu bildirir və buna görə də bəndələrinin Onun rəhmindən naümid olmamalarını istəyir.

Uca Allah insanlara “ey bəndələrim” deyərək xitab edir və beləcə həm müsəlmanlara, həm də qeyri-müsəlmanlara səslənir. Özlərinə qarşı həddi aşan bu bəndələr Allahın qoyduğu qanunlara asi olub günahlara batmış kimsələrdir. Ayənin səbəbi-nüzulu haqqında bir neçə fərqli rəvayət mövcuddur. Bir rəvayətə görə, bu ayeyi-kərimə bir çox insanı qətlə yetirmiş və zinaya düşmüş kəslər haqqında, digər bir rəvayətə görə, Həzrət Həmzəni şəhid edən Vəhşi haqqında, başqa bir rəvayətə görə isə müsəlman olduqdan sonra müşriklərin işgəncələrinə dözə bilməyib dilləri ilə İslamdan çıxdıqlarını ifadə edənlər haqqında nazil olmuşdur. Bir rəvayətdə də qeyd olunur ki, şirkə düşmüş və haqsız yerə insan öldürmüş kimsələrin cənnətə girə bilməyəcəyinə dair ayəni əsas tutaraq artıq İslama girməyin heç bir əhəmiyyəti qalmadığını iddia edən bəzi müşriklərə cavab mahiyyətində nazil olmuşdur. Bütün bu rəvayətlərin ortaq xüsusiyyəti ondan ibarətdir ki, istər kafir, istər müsəlman olsun, insan hər hansı bir günahı işləmiş olsa belə, Allahın məğfirətindən ümidini kəsməməsi gərəkdir. Allahın rəhməti qəzəbindən daha çoxdur və Allah günahları çox-çox bağışlayandır. Allah-Təala Onu inkar etmək və şirk qoşmaq  xaricindəki günahları, istəyərsə, bağışlayacağını bir çox Quran ayəsində xəbər vermişdir.

Mömin kimsə dünya həyatında qarşılaşdığı hər hansı bir çətinlik və problem qarşısında Uca Allahdan yardım istəməli və ümidini kəsməməlidir. Necə ki, Həzrət Peyğəmbərin (s.ə.s) ən sadiq dostu Həzrət Əbu Bəkrlə Mədinəyə hicrəti əsnasında müşriklərdən gizlənmək üçün Sevr mağarasına sığınmışdılar. Bu əsnada müşriklərə yaxalanmaqdan çox narahat olan Əbu Bəkrə Allah Rəsulu (s.ə.s) Quranın ifadəsi ilə: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlədir”, (ət-Tövbə, 9/40) – deyərək onu təsəlli etmiş və Allahdan ümidi kəsməməyi tövsiyə etmişdi. Allah yolunda mücadilə edən bir mömin əsla Onun yardımından ümidini kəsməməli və hər daim Allah qorxusu və Allaha ümid ilə yaşamalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz