TEXNOLOGİYA, ÖVLAD TƏRBİYƏSİ VƏ BİZ

TEXNOLOGİYA, ÖVLAD TƏRBİYƏSİ VƏ BİZ

XIX əsrin ən önəmli kəşflərindən biri də, insanların şəxsiyyətini müəyyənləşdirmək üçün barmaq izlərindən istifadə edilməsi olmuşdur. Yəni barmaqlar insanları tanıma baxımından çox böyük əhəmiyyət kəsb etmiş, artıq barmaq izi insanları ələ verməyə başlamışdı. XXI əsrdə isə bu məsələ başqa bir mərhələyə keçdi. Artıq insan barmağı ilə dünyaya açılır və dünyanı kəşf edir. Yəni texnologiya bir barmağımızın ucuna cəm edildi. Barmağımızla idarə etdiyimiz internetlə hər şeyi əldə edə bilirik; məlumat toplayırıq, alış-veriş edirik, pul transfer edirik və s. Hər şeyə barmaq qədər yaxın olduq. Barmağımızla həyatımıza don biçirik. Barmaq ya bizi qurtarır, ya da bədbəxt edir.

Bu sürətli inkişafın bir çox faydalı tərəfləri olduğu kimi, mənfi təsirləri də vardır. Xüsusilə mövzumuzun əsas məzmununu təşkil edən övlad tərbiyəsində bu mənfi tendensiya özünü göstərir. Əlbəttə ki, hər bir müsəlman elmi-texnoloji tərəqqidən istifadə etməli və bu sahədə öz töhfəsini verməlidir. Ancaq yerli-yerində istifadə edilməyən hər bir fikir, düşüncə, alət və ləvazimat təhlükəlidir. Əgər cərrahi əməliyyat aparan bir həkim əməliyyat bıçağını məqsədinə müvafiq istifadə etməsə, xilaskar deyil, qatil olar. Bu mənada həyatımızın gedişatını rəngləndirən “barmaqlarımız” övladımızın elmi və əxlaqi cəhətdən formalaşmasında həddindən artıq əhəmiyyət kəsb edir. İmkan verməyək ki, haqq-hesab günündə övladlarımızın barmaqları onların əleyhinə şahidlik etsin. Xüsusilə sosial təcridin yaşandığı bu dövrdə virtual aləmlə həddən artıq həmhal olan gələcəyimizin təminatı olan övladlarımızın ata-ana qayğısına və tərbiyəsinə daha çox ehtiyacı vardır.

Ənənəvi ailə modelimizin İslam dəyərləri üzərində qurulduğunu heç kim inkar edə bilməz. Bu mənada müasir dövrdə yaşayan bizlərin ailəmizi və övladlarımızı əslə, ənənəyə sadiq tərzdə və milli müstəvidə mühafizə etməyimiz üçün məsələnin mənbəyinə müraciət etməyimiz əsasdır. Vəhşi təbiətli, cəmiyyətdən kənar bir toplumu dünyanın qibtə etdyi səadət cəmiyyətinə çevirən Hz. Peyğəmbərin (s.ə.s) bu sahədə atdığı addımları bilməli və ondakı incəlikləri anlayaraq günümüzə əks etməliyik. Bir ata, bir baba kimi övlad tərbiyəsinə əhəmiyyət verən Hz. Peyğəmbərin (s.ə.s) tövsiyələri, heç şübhəsiz ki, sonu qaranlığa doğru gedən müasir “eqoist” həyat tərzində bizi aydınladacaqdır.

Məlum olduğu kimi, İbn Abbas vaxtının çoxunu Hz. Peyğəmbərlə keçirərdi. Onunla eyni miniyə minər və Mədinənin küçələrində gəzərdi. Hz. Peyğəmbər (s.ə.s) hər fürsətdə gənclərin təlim-tərbiyəsi ilə maraqlanar, tövsiyələrini əsirgəməzdi. Günlərin bir günü yenə belə səfərlərdən birində ona belə demişdi: “Dəliqanlı! Sənə nəsihət verim, sən də qulaq as! Allahın əmr və qadağalarına riayət et ki, O, səni hifz etsin və köməyini səndən əsirgəməsin. Ehtiyacını ancaq ondan istə! Köməyə ehtiyacın olanda ona yönəl!..”. (Tirmizi, Qiyamə 59). Əvvəla övladlarımıza bu anlayışı aşılamalıyıq ki, özlərinə inam, həyata baxışları düzgün formalaşsın.

O (s.ə.s), övladları və nəvələri ilə münasibətlərini sevgi üzərinə qurmuşdu. Namazda belə onların belinə çıxmasına mane olmur, onları öpür, qoxlayır, nəvaziş göstərirdi. Onları sevgi ilə bəsləyir, oynayır, salam verir, dərdləri ilə maraqlanırdı. Odur ki, ağladığı, yemək yemədiyi, nadinclik etdiyi və ya oynamaq istədiyi zaman uşağının əlinə telefon verib internet cəngəlliklərində “nəzarətsiz” gəzməsinə sevinən, internetin qaranlıq küçələrində pis vərdiş qazanmasına göz yuman biz müasir valideynlər sevgi, məhəbbət, mərhəmət nəzəri ilə “əmanətimiz”lə olan münasibətlərimizi yenidən gözdən keçirməliyik.

Əmanətə çox əhəmiyyət verən Hz. Peyğəmbər (s.ə.s) övladın valideynlərə Allah tərəfindən verilmiş bir əmanət olduğunu söyləyir, övlada biganəliyi əmanətə xəyanət olaraq dəyərləndirir və onun tərbiyəsi üçün ayrılan vaxtın ibadət olduğunu xəbər verir. Atanın övladı üçün ən dəyərli mirasının gözəl əxlaq olduğunu ifadə edərək, əsas zənginliyin əxlaqi və mənəvi yetişkinlik olduğuna diqqət çəkir.

Uşaqların ilk sözünün “lə iləhə illallah” olmasını tövsiyə edən Hz. Peyğəmbər, 3-6 yaş aralığında tərbiyənin önəmini diqqətə alaraq övladlarımızın söylədiyi xoşagəlməz sözlərə görə sevinmək, hətta onları buna yönləndirmək yerinə, onlara əxlaqi keyfiyyətləri aşılamağı, şəxsiyyətlərinin düzgün formalaşması üçün yanlarında nümunəvi xarakter sərgiləməyimizi istəyir. Çünki bu dövrdə atılan toxumların məhsulu bol və bərəkətli olur.

Əfsuslar olsun ki, başqa insanlara göstərdiyimiz qayğı və hörməti uşaqlarımızdan əsirgəyir, Hz. Peyğəmbərin (s.ə.s): “Övladlarınıza hörmətlə yanaşın, onlarla istehza etməyin, onların qürurunu sındırmayın, (pis) ləqəb qoşmayın”, – deməsini eşitmək istəmirik. Pambıqdan yumşaq könüllərini qırmaq üçün bir-birimizlə yarışa girmişik sanki. Xeyir-dua etmək əvəzinə bəddua edən valideyn olmaq üçün əlimizdən gələni əsirgəmirik. Halbuki ata-ananın duası Haqq dərgahında qəbul olunan dualardandır. Odur ki, axirət sərmayəmiz olan övladlarımızı onları xeyrə sövq edəcək valideyn duasından məhrum qoymayaq.

 

-->

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz