NÜZULU-İSA
Hz. İsanın (ə.s) vəfat etməsi və qiyamət qopmamışdan əvvəl dünyaya qayıtması “Nüzulu-İsa” adı ilə alimlər arasında müzakirə mövzusu olmuşdur. Kutubi-sittədəki hədis rəvayətlərində Hz. İsanın (ə.s) yer üzünə qiyamətə bir işarə olaraq enəcəyi barədə məlumatlar var. Hədis rəvayətlərinə görə, Hz. İsa (ə.s) Dəccalın zühurundan sonra enəcək, insanlar arasında ədalətlə hökm edəcək, xaçı sındıracaq və donuzu öldürəcək, cizyəni ortadan qaldıracaq, həcc və ümrə ziyarəti edəcək, Dəccalı öldürdükdən sonra yeddi və ya qırx il yaşayacaqdır. (Buxari, Sehr, 102; Müslim, İman, 242-243. 247, Fitən, 34, 39; Tirmizi, Fitən, 21, 54, 59, 62)
Kutubi-sittədən başqa digər mənbələrdəki rəvayətlərdə Hz. İsanın (ə.s) yerləşəcəyi yer, görəcəyi işlər, dünyadakı həyatı və ölümü haqqında daha ətraflı məlumatlar var. Məsələn, Hz. Peyğəmbər (s.ə.s) onunla Merac səfərində görüşmüş və səhabələrinə onun göydən enəcəyi təqdirdə ona salamını çatdırmağı tapşırmışdır. (Zəməxşəri, ll / 424; Qurtubi, Təzkirə, II / 546; İbn Kəsir, Nihayə, I / 183) Hz. İsanın (ə.s) yəhudilər tərəfindən öldürüldüyü iddiası isə əsla doğru deyildir. (TDV ensiklopediyası, Nüzulu-İsa)
Qurani-Kərimdə belə buyurulur:
“O vaxt Allah dedi: “Ey İsa! Mən səni vəfat etdirib Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm…”. (Ali-İmran, 55).
“(Onların lənətə düçar olmalarının bir səbəbi də) Biz Allahın elçisi Məryəm oğlu Məsihi öldürdük demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Həqiqətdə onu öldürmədilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir”. (ən-Nisa, 157-158).
Bu “vəfat” bizim bildiyimiz ölüm deyildir. İbn Cureyc deyir: “Allahın İsanı (ə.s) vəfat etdirməsi onu öz dərgahına qaldırmasıdır”.
Şəvkani isə vəfatı belə açıqlayır: “Burada vəfat kəlməsi ilə qəsd edilən yuxudur. Necə ki, Qurani-Kərimdə belə buyurulur: “Sizi gecələr vəfat etdirən (yuxuya daldıran), gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”. (əl-Ənam 60).
Peyğəmbər (s.ə.s) yuxudan oyandıqda belə dua edərdi: “Bizi öldürdükdən sonra təkrar dirildən Allaha həmd olsun. Qayıdış da Onadır”.
Həsən (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) yəhudilərə buyurdu: “Heç şübhəsiz ki, İsa (ə.s) ölmədi. O, Qiyamət günündən öncə sizə gələcəkdir”.
İbn Abbas (r.a) belə deyir: “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin” (ən-Nisa, 159) - ayəsində nəzərdə tutulan iman Məryəm oğlu İsanın (ə.s) nüzulu sonrası meydana gələcək ölümündən öncə edilən imandır. Yəni İsa (ə.s) ölmədən əvvəl əhli-kitabdan hər biri mütləq ona iman gətirəcəkdir.
İsa (ə.s) insanlarla beşikdə ikən danışmış (“Mən Allahın quluyam” (Məryəm, 30) demişdir) və Dəccalı öldürdükdən sonra da onlarla danışacaqdır (“Mən Allahın quluyam” deyəcək və özünə edilən ilahlıq isnadını rədd edəcək). (Qurtubi, Təfsir, IV, 90) Qurani-Kərimdə belə buyurulur: “O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”. (Ali-İmran, 46). Bəzi təfsirçilər buradakı yaşa dolmağın qiyamətdən əvvəl gerçəkləşəcək nüzula işarə etdiyini demişdir. Çünki nüzul zamanı Hz. İsa yaşa dolmuş olaraq gələcək.
İslamda Hz. İsa (ə.s) xristian ilahiyyatında izah edilən İsadan (ə.s) fərqlidir. Quranda Hz. İsa (ə.s) ilə əlaqəli xəbərlərin əsas diqqət çəkən məqamı anası Məryəmin günahsız bir qadın olması (əz-Zuxruf, 59) və Hz. İsanın atasız dünyaya gələn ilahi bir möcüzə olmasıdır. (Məryəm, 16-34)
Nəticə olaraq Hz. İsa (ə.s) haqqında inamımız belə olmalıdır: Hz. İsa (ə.s) düşmənləri tərəfindən öldürülmək istənəndə ruh və bədənlə ilahi hüzura qaldırıldı. Qiyamətdən əvvəl dünyaya enəcək, son peyğəmbərin gətirdiyi vəhylərə tabe olacaq, Dəccalı öldürəcək və yer üzündə ədaləti bərqərar edəcəkdir. Ayə və hədislər buna inanmağı tələb edir. Çünki dini mənbələrimizdə Hz. İsanın (ə.s) düşmənləri tərəfindən öldürülmədiyi və ruhunun gələcəkdə Allah tərəfindən qəbz olunacağı bildirilir. (Ali-İmran, 55; ən-Nisa, 157)
ŞƏRHLƏR