QURAN SEVDASI
İnsanlara, heyvanlara, hətta bitkilərə qədər Allah üçün göstərilən hər bir xidmətin dəyəri böyükdür. Həmçinin namaz, oruc, zəkat, həcc, sədəqə və s. edilən ibadətlərin hər birinin dəyəri və qiyməti ayrıdır. Bu ibadətlərdən biri də Qurani-Kərim oxumaqdır. Hz. Peyğəmbər (s.ə.s): “Qurani-Kərimdən bir hərf belə oxuyana savab vardır. Hər həsənə on qatıyla dəyərləndirilir. Mən demirəm “əlif, lam, mim” bir hərfdir. Əksinə, “əlif” bir hərf, “lam” bir hərf, “mim” bir hərfdir”, - buyuraraq möminləri Quran oxumağa dəvət edir. Hətta Qurani-Kərimi rahat oxuya bilənləri mələklərə bənzədərək, çətinliklə oxuyanlar üçün də iki savab veriləcək deyərək müsəlmanları hər zaman Quran oxumağa təşviq etmişdir. Qurani-Kərimi qiraət etməyin savabı çoxyönlüdür. Sadəcə Qurani-Kərimə baxmağın özü belə insana savab qazandırır. Onu oxumaq ayrı, oxuyub anlamaq ayrı savabdır. Anladıqdan sonra yaşamağın özü də başqa bir savab qazanmaq vəsiləsidir.
Müzzəmmil surəsinin dördüncü ayəsində: “Quranı aramla oxu!” – buyurulması və Hz. Peyğəmbərin: “Quran oxuyun, çünki Quran qiyamət günündə onu oxuyanlara şəfaət etmək üçün gələcəkdir”, (Müslim, Müsafirin, 252) - deməsi Qurani-Kərim oxumağın əhəmiyyətini anladır. Beləliklə, hər bir müsəlman istər onun mənasını başa düşsün, istər düşməsin, fərq etməz, daim Qurani-Kərimlə məşğul olmalı, onun feyzindən istifadə etməlidir.
Səhabələrdən Üseyd ibn Xudayr (r.a.) bir gün Qurani-Kərim oxuyarkən atı ürkərək narahat olmağa başlayır. Atın niyə belə hərəkət etdiyini başa düşmək üçün ətrafına boylanır. Görür ki, başının üstündə onlara yaxınlaşmaqda olan, içində parıldayaraq sayrışan xırda işıqların yer aldığı, buluda bənzər bir kölgə yaranıb. O diqqətlə baxdıqca kölgə uzaqlaşıb gözdən itir. Səhəri gün Hz. Peyğəmbərə (s.ə.s) bu hadisəni anladır. Peyğəmbərimiz onların Qurani-Kərimi dinləmək üçün gələn mələklər olduğunu, əgər Quran oxumağa davam etmiş olsaydı, səhərə qədər onu dinləyəcəklərini, hətta digər insanların da onları görə biləcəklərini deyir. Bundan başqa, Hz. Peyğəmbərin İbn Məsuda Quran oxudub onu özünün də dinlədiyi rəvayət olunur. Hər il Ramazan ayında Hz. Cəbrayıl (ə.s) ilə qarşılıqlı Qurani-Kərim oxumaları və bunun kimi bir çox rəvayətlər Qurani-Kərimi oxumağın və dinləməyin Peyğəmbərimizin ən önəmli sünnələrindən olduğunu göstərir. Hz. Peyğəmbərin: “Fatihəsiz namaz olmaz” sözünü əsas alaraq, dinin dirəyi olan namazın özünün dirəyinin məhz Quran olduğu nəticəsinə gəlmək olar.
Qurani-Kərimdə Bəqərə surəsinin 185-ci ayəsində: “Ramazan ayı insanlara yol göstərən, hidayəti, doğrunu və yanlışı ayırd edib açıqlayan Quranın endirildiyi aydır”, - buyurulmuşdur. Bu ayə doğru və yanlışın nə olduğunun onun işığında görülə biləcəyini, hidayətə ancaq onun rəhbərliyi ilə qovuşa biləcəyimizi bildirməkdədir. Yəni bir mömin Qurani-Kərimi üzündən oxuyub, daha sonra gücü nisbətində ondan ayə və surələr əzbərləməklə yanaşı, onun mənasını da öyrənməyə cəhd etməli və həyatına tətbiq etməlidir. Əlbəttə, Nəhl surəsinin 44-cü ayəsində buyurulduğu kimi, bütün bunları ancaq və ancaq Hz. Peyğəmbərin (s.ə.s) rəhbərliyi ilə əldə edə biləcəyimiz həqiqətini də unutmamaq lazımdır.
Yuxarıdakı ayədə Qurani-Kərimin əsas məqsədinin insanları hidayətə çatdırmaq olduğu buyurulmaqla bərabər, eyni zamanda onun müqəddəsliyinə də işarə olunmuşdur. Belə ki, Ramazan ayının önəminə diqqət çəkmək üçün həmin ayda Qurani-Kərimin nazil olduğu bildirilmişdir. Bu da Ramazan ayının dəyərinin Qurani-Kərimdən iləri gəldiyi mənasını daşıyır. Elə buna görədir ki, bir hikmət əhli belə deyir: “Cəbrayıl (ə.s) Qurani-Kərimi endirdiyi üçün mələklərin ən fəzilətlisi, Hz. Peyğəmbərə (s.ə.s) nazil olduğu üçün peyğəmbərlərin ulusu, Muhamməd ümmətinə endiyi üçün ümmətlərin ən üstünü, Ramazan ayında endiyinə görə ayların ən xeyirlisi, Qədr gecəsində endi deyə o gecə min aydan daha xeyirli oldu. Bu da o deməkdir ki, Qurani-Kərim bizim qəlbimizə enərsə, həyatımıza səadət günəşi doğar, Allahın sevdiyi qullarından olarıq”.
Hədisi-şərifdə belə buyurulur: “Qurani-Kərim oxuyan kimsəyə belə deyiləcək: Oxu və ucal, dünyada aramla oxuduğun kimi, burada da aramla oxu. Şübhəsiz, sənin mərtəbən oxuduğun ayənin son nöqtəsindədir”. (Əbu Davud, Vitr, 20) Bu hədisi oxuduğunuz zaman Qurani-Kərimin o biri dünyada da oxunmağa davam edəcəyi fikri sizin də ağlınıza gəlmirmi? Əgər belədirsə, o zaman Qurani-Kərimi oxumaq, onu əzbərləmək bizim təxminimizin çox-çox fövqündə böyük bir ibadət hökmünə sahibdir.
ŞƏRHLƏR