HƏYAT DƏFTƏRİNDƏN

HƏYAT DƏFTƏRİNDƏN

Hər işdə bir xeyir var

Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batmışdı. Gəmidən xilas olan yeganə adamı dalğalar kiçik, kimsəsiz bir adaya qədər apardı.

Adam ilk günlər özünü qurtarması üçün Allaha yalvardı və kömək tapmaq ümidi ilə üfüqə baxdı. Amma nə gələn oldu, nə də gedən…

Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma düzəltdi. Sahildə tapdığı, gəmidən artıq qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.

Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir, üfüqü müşahidə edir və Allaha onu xilas etməsi üçün dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çıxdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü rəqs edə-edə göyə yüksəlirdi. Bu, başına gələ biləcək ən pis şey idi.

Kədər və hirs içində donub qaldı. İndi bu kimsəsiz adada başını soxa biləcəyi bir daxma belə qalmamışdı. “Allahım, mənə necə qıya bildin?!” - deyə fəryad etdi. O gecəni üzüntü içində keçirdi. O qədər dua etdiyi halda başına bu hadisə gəldiyi üçün Allaha qınaq etdi.

Ertəsi səhər erkən saatlarda adaya yaxınlaşmaqda olan bir gəminin fit səsinə oyandı!
Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu:

- Mənim burada olduğumu necə anladınız?

Cavab onu həm çaşdırdı, həm də utandırdı:

- Tüstü ilə verdiyin işarəni gördük...

Bəzən başımıza gələn pis hadisələr Allahın bizə lütfü də ola bilər.
Odur ki, hadisələrə səbirlə yanaşıb şükür etmək lazımdır. Hər işdə bir xeyir var.
Bizim üçün ən yaxşısını Allah bilir.

 

Hər gün müəllimlər bayramı

Yaponiyada işləmiş bir türk müəllim xatirələrində belə deyir:

Yaponiyada təzə işlədiyim vaxt həmkarım Yamomota müəllimdən soruşdum:

- Yaponiyada müəllimlər bayramı nə vaxtdır?

Yamomota müəllim cavab verdi ki, bizdə müəllimlər bayramı olmur.

Mənə qəribə gəldi. Ürəyimdə dedim, bunlar necə adamdırlar, bu qədər iqtisadiyyat, elm və texnikada qabağa getdikləri halda niyə müəllim əməyinə hörmət qoymurlar?!..

İşdən sonra Yamomota müəllim məni evlərinə qonaq çağırdı. Metroya minməli olduq. Metro basabas idi. Mən tez özümü bir küncə verib yerimi möhkəmlətməyə çalışarkən yaşlı bir adam ayağa qalxdı və yerini mənə təklif etdi. Mən oturmağı rədd etsəm də, yaşlı kişinin israrı ilə oturmalı oldum. Metrodan çıxandan sonra Yamomotadan ağsaqqalın niyə belə etdiyini soruşdum. Yamomota gülümsəyərək yaxamdakı müəllim nişanını göstərdi:

- Ağsaqqal sənin müəllim olduğunu bildi və ona görə yerini sənə verdi.

Təəccübləndim… Metrodan çıxıb evə doğru yönəldik. Yamomotagilə birinci dəfə idi gedirdim. Ona görə əliboş getmək istəmirdim. Bunu Yamomotaya dedim. O isə qarşıda xüsusi mağaza olduğunu və orda müəllimlərə hər şeyi güzəştli, ucuz qiymətlərlə satdıqlarını dedi.
Təəccübümü gizlədə bilməyib soruşdum:

- Necə yəni? Ora ucuz mağazadı, yoxsa ancaq müəllimlərə ucuz verirlər?

Yamomota cavab verdi:

- Yox, yalnız müəllimlərə.

Yaponiyada müəllimlik ən hörmətli peşədir. Burada ümumiyyətlə bütün mağaza sahibləri sevinirlər ki, onların mağazasına müəllim gəlir. Onlar bunu özləri üçün şərəf bilirlər. Heç nə demədim. Bayaq niyə Yaponiyada müəllimlər bayramı yoxdur deyə bu ölkəni qınadığım üçün içimdə xəcalət çəkdim. Yaponiyada hər gün müəllimlər üçün bayram imiş…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz