VƏSVƏSƏ, YOXSA OBSESSİYA?

VƏSVƏSƏ, YOXSA OBSESSİYA?

Bəzi arzuolunmaz fikirlərin insanın beyninə təkrarlanaraq  gəlib-getməsi ilə bağlı psixoloji diskomfort və insanı doğru düşüncələrindən ayırıb yanlış düşüncələrə istiqamətləndirən duyğunun adıdır, vəsvəsə.  Lüğəvi mənası qulağına pıçıldamaq, narahat etmək, zənn və şübhə yaratmaq kimi mənaları ifadə edir. Modern psixologiyada  psixoloji termin kimi obsessiya olaraq qeyd olunur. Psixoloji pozuntu olan obsessiya güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya  birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər.  Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadağaları pozma qorxusu kimi xarakterizə olunur.

Dini termin olaraq qeyd etdiyimiz vəsvəsənin psixoloji pozuntu olan obsessiya ilə bir çox oxşar tərəfləri var. Belə demək mümkündürsə, vəsvəsə daha çox dini və ya mənəvi mövzularda, obsessiya isə ümumi mənada müşahidə olunan psixoloji pozuntulara verilən addır. Vəsvəsədən qorunmaq üçün daha çox dini vasitələrdən istifadə edildiyi kimi, obsessiyalardan qorunmaq üçün də mütləq bir psixoloqa müraciət edilməlidir. Əks təqdirdə fərd “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac duyduğu fiziki və ya psixi hərəkətlər olan kompulsiya pozğunluğu yaşayacaq və anormal davranışlar ortaya qoyacaqdır. Kompulsiyalar isə özlüyündə fiziki və psixi kompulsiyalar olaraq iki hissəyə ayrılır. Fiziki kompulsiyalar daha çox tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir. Psixi kompulsiyalar isə kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən, fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır. Onu da qeyd etməliyəm ki, bu gün bu kimi psixoloji problemlərin müalicəsi üçün daha çox psixoloq və ya psixiatrlara müraciət edilir.

Dini nöqteyi-nəzərdən vəsvəsə Hinzap adlı şeytanın insanın zehnində yaratdığı yanlış fikir və duyğulardır. Şeytan davamlı olaraq yolundan azdırmaq istədiyi insanın zehnində müxtəlif suallar formalaşdırır, doğru bildiklərini yanlış olaraq göstərir və həyatını yaşanmaz hala gətirir. İstər Qurani-Kərimdə, istərsə də Peyğəmbər sünnəsində vəsvəsə mövzusuna toxunulmuş və inanan insanlar üçün kifayət qədər məlumat verilmişdir.

Qurani-Kərimdə vəsvəsə ifadəsi beş ayədə qeyd edilmiş, bunların üçündə şeytanın (Əraf, 7/20; Taha 20/120; Nas, 114/5), birində isə nəfsin (Qaf, 50/16) insana azdırıcı təsiri bildirilmişdir. Nas surəsində (114/4) şeytan davamlı olaraq insanları günaha sövq etdiyi üçün “vəsvas” kimi qeyd olunmuşdur. Əraf surəsinin 20-ci ayəsində şeytanın Adəmə və onun həyat yoldaşına vəsvəsə verərək haram olan ağacın meyvəsini yedirdiyi bildirilmiş, istər bu ayənin davamındakı ifadədən, istərsə də 22-ci ayədən də anlaşıldığı kimi, burada vəsvəsə “aldatmaq, yayındırmaq, azdırmaq” mənasında işlənmişdir.

Hədislərdə vəsvəsə ifadəsi daha çox şeytan tərəfindən insanın içinə atılan və onun imanına zərər verməyi hədəfləyən təhlükəli sualları, düşüncələri ifadə edir. Hz. Peyğəmbərin Ərafat gecəsində etdiyi duada da, “Allahım! ... Vəsvəsədən sənə sığınıram” sözü yer alır. (Tirmizi, Dua, 78) Hədislərdə hər insanın öz şeytanının olduğu, qanın damarlarda dolaşdığı kimi şeytanın da insanın içərisində dolaşdığı bildirilir.

 Hz. Peyğəmbərin səhabələrindən bəziləri gələrək, “Ya Rəsulallah, içimizdən bəzən söyləməyi belə böyük (bir günah) saydığımız şeylər (vəsvəsələr) keçir”, - deyirlər. Hz. Peyğəmbər: “Hamınız eyni şeyləri hiss edirsiniz?” - buyurur. Onlar: “Bəli”, - deyirlər. Bunun üzərinə Hz. Peyğəmbər: “Bu, açıq-aşkar imandır. Vəsvəsə sizə zərər verə bilməz”, - buyurur. (Müslim, İman, 209)

Hz. Peyğəmbər (s.ə.s) başqa bir hədisi-şərifində belə buyurur:  “Sizdən hər hansı birinizin yanına şeytan gəlib “Bunu belə kim yaratdı?” “Onu belə kim yaratdı?” ən sonunda da “Rəbbini kim yaratdı?” deyə sual verərək davamlı vəsvəsə verərsə, bu zaman həmin şəxs dərhal şeytandan Allaha sığınsın və vəsvəsəyə son versin”. (Buxari, Bədül-xalq, 11)

İnsan vəsvəsə sayəsində illərlə tutduğu həqiqət yolundan uzaqlaşa və ya tamamilə həyatını iradəsi altında olmayan yanlış düşüncələrin əsirinə çevirə bilər. Ayə və hədislərdən də göründüyü kimi, dinimizdə vəsvəsə şeytan əməli olaraq qəbul edilir. Şeytanın vəsvəsələri daha çox “Allah sənin ibadətlərini qəbul etmədi; dəstəmaz aldın, ancaq tam ala bilmədin; tövbə etdin, tövbən qəbul olunmadı” kimi davamlı yanlış düşüncələrdir. Bu duyğulardan uzaqlaşmağın və vəsvəsədən qorunmağın yolu isə daha çox Allaha sığınmaq, Fatihə, Ayətəl-kürsi, İxlas,  Fələq və Nas surələrini oxumaq, Allaha təslim olmaq və Allaha güvənməkdir.

 “Əgər sənə şeytandan bir vəsvəsə gələrsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir”. (Fussilət, 41/36)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz