QURANLA QURTUL
Qurani-Kərim şəfadır, duadır, ibadətdir, rəhbərdir, qurtuluş və bəzən də lənət vəsiləsidir. Qurani-Kərimin qiraət edilməsi çox önəmli ibadətlərdən biridir. Bu məsələ hədislərdə kifayət qədər öz əksini tapmışdır. Fəqət bu da bir həqiqətdir ki, Quran sadəcə qiraət edilmək üçün deyil, həmçinin həyata tətbiq edilmək üçün göndərilmişdir. Əfsuslar olsun ki, dövrümüzdə məsələnin bu tərəfinə diqqət və qayğının hər keçən gün daha da azaldığı müşahidə edilir. Məhz buna görə də bu yazıda Quranla həyatı tənzimləmənin əhəmiyyətinə təmas ediləcəkdir.
Uca Allahın Qurani-Kərimi bizə bəxş etməsinin ən əsas səbəbi onun hökmlərini istisnasız həyatımıza əks etdirməyimizdir. Səhabə həyatına nəzər yetirdikdə onların qiraətdən çox onu tətbiq etməyə, feili olaraq yaşamağa əhəmiyyət verdiklərini görürük. Məsələn, on ayəni oxuyub onun hökm və hikmətlərini həyata tətbiq etmədən növbəti ayələri əzbərləməz və yaxud oxumazdılar. Hz. Ömərin Bəqərə surəsini on iki ilə oxuyub bitirməsini bu nöqteyi-nəzərdən dəyərləndirmək lazımdır.
Qurani-Kərimlə qəlbimizə rəbbani tərbiyənin toxumlarını əkməliyik. Bu toxumları onun qiraəti ilə sulamalıyıq. Malik ibn Dinar belə deyərdi: “Ey Quran qiraət edənlər! Quran qəlbinizə nə əkdi? Çünki Quran möminlər üçün bahar fəslidir. Bahar yağışı torpaq üçün nədirsə, Quran da möminin qəlbi üçün eyni şeyi ifadə edir”. Odur ki, Qurani-Kərim bir mömin üçün heç vaxt dəyişməyən bahar fəsli olmalıdır. Yeni cücərtilərlə mənəvi həyatın daim canlı tutulmasına səy göstərilməlidir. Çünki həyat tərzimiz qəlbimizdəkinə görə şəkillənir.
Ənəs ibn Malikin: “Necə Quran oxuyanlar var ki, Quran onlara lənət edir” ifadəsinə də bu qəbildən baxmaq mümkündür. Quran, əgər onu oxuyan kəs həyatını ona görə tənzimləmir və hökmlərinə qarşı eşitməzlik edirsə, onun üçün lənət səbəbi olar. Quranı oxuyub ona qulaq verməyən özünə zülm etmiş, digər insanlara da yalan danışmış sayılır. Bu baxımdan da Qurani-Kərimdə keçən “Allahın lənəti zalımların üzərinə olsun!” (əl-Əraf, 44-45), “Allahın lənəti yalançıların üzərinə olsun!” (Ali-İmran, 61) ayələrinin müxatəbinə çevrilir. Ənəs ibn Malikin xəbərdarlığı eyni zamanda Qurani-Kərimdəki bəzi ayələrin gərəksiz olduğunu və yaxud tarixinin keçdiyini iddia edənlərə də birbaşa ünvanlanmışdır.
Quranın qulaqdan qəlbə, “boğazdan aşağıya” enməsinin ən açıq şəklini səadət əsrində yaşamış Fuzayl ibn İyazda görürük. Məşhur və qəddar quldur olan Fuzayl bir gün karvana basqın verir. Karvanı talan etmək üzrə ikən namaz qılanları görür. İmam namazda Hədid surəsinin 16-cı ayəsini oxuyurdu. “İman gətirənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?!” xitabını eşidən Fuzayl qəflətən titrəməyə başlayır. Ağlayaraq: “Gəldi, ya Rəbb! Vallahi, gəldi!” – deyir və tövbə edir. Yeni həyatını Qurana görə nizamlayan Fuzayl İslam tarixinin ən seçkin alimlərindən və cəngavərlərindən biri olur. Deməli, can-könüldən qulaq asınca bütün bədənə nüfuz edir, Quran ayələri onun bütün həyatını dəyişdirir. Gəlin öz-özümüzə soruşaq: “Biz heç bu şəkildə Quran oxumuşuqmu? Heç Quranı belə dinləmişikmi?”
Qurani-Kərim əvvəla fərdi, sonra ailəni, sonra da cəmiyyəti inşa edir. Heç bir resept təkcə oxunması üçün yazılmır. Əgər o reseptdəki dərmanlar təyin edildiyi şəkildə qəbul edilərsə, həyatı xilas edər. Əks təqdirdə heç bir faydası olmaz. Eyni şəkildə Qurani-Kərim də bir həyat reseptidir. Faydası həyata əks etdiyi zaman görünər.
Quran ayı sayılan Ramazan ayı həqiqəti dərk etmək üçün hər il bizə bəxş edilən fürsətdir. Bu Ramazanda Qurani-Kərimi müqabilədən (oxumaqdan) müamiləyə (tətbiqata) çevirək. Əlbəttə ki, Qurani-Kərim tilavəti çox savablı bir ibadətdir. Ancaq məqsədimiz “Gündə nə qədər Quran oxudum? İldə neçə xətm oxudum?” şəklində kəmiyyət olmamalıdır. Əksinə, “Neçə ayəni həyatıma daxil etdim? Oxuduğum ayələr həyatımı necə dəyişdi?” olmalıdır.
Türk dünyasının seçkin şairlərindən biri olan Mehmet Akif Ersoyun sərzənişi necə də yerindədir:
Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün!
Xülasə, həm bu dünyada xoşbəxt həyatı əldə etmək, həm də cənnətdə Qurani-Kərim qiraətindən həzz almaq üçün – çünki axirətdə davam edəcək yeganə ibadət Quran qiraətidir – bu dünyada onunla, onun hökmləri ilə yaşamaq lazımdır.
ŞƏRHLƏR